Ağdərə rayonu zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi, bol su ehtiyatları, kənd təsərrüfatı və turizm imkanları ilə Qarabağın mühüm bölgələrindən biridir. Uzun illər işğal altında saxlanılan rayonun iqtisadi potensialı qanunsuz şəkildə istismar edilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələri vandalizmə məruz qalmışdır. Azərbaycan torpaqlarının azad edilməsindən və ölkəmizin suverenliyinin tam bərpasından sonra Ağdərə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Vətən müharibəsi dövründə Ağdərə istiqamətində aparılmış uğurlu hərbi əməliyyatlar Azərbaycanın tarixi Qələbəsində mühüm rol oynadı. Suqovuşan qəsəbəsinin və ətraf yüksəkliklərin azad edilməsi Ordumuzun strateji üstünlüyünü artırdı, düşmənin müdafiə və təminat imkanlarına ciddi zərbə vurdu. Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq nəticəsində rayonun bir sıra yaşayış məntəqələri işğaldan azad edildi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu Ağdərə rayonunun bütün ərazisində bərpa olundu. Qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyuldu və dövlətimizin suverenliyi tam təmin edildi. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması rayonun tarixində yeni dövrün başlanğıcına çevrildi.
Ağdərədə üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin bərpasını və Azərbaycanın öz torpaqlarına əbədi qayıdışını ifadə edirdi. Dövlətimizin başçısının Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində eyni gündə Dövlət Bayrağını ucaltması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisədən sonra Ağdərənin inzibati idarəçiliyinin, sosial həyatının və iqtisadi fəaliyyətinin bərpası istiqamətində genişmiqyaslı tədbirlərə başlanıldı.
Ağdərə rayonunun yenidən yaradılması dövlətçilik və tarixi ədalət baxımından mühüm qərar oldu. Rayonun əvvəlki inzibati ərazi bölgüsünün bərpa edilməsi idarəetmənin səmərəli təşkili, yaşayış məntəqələrinin kompleks inkişafı və əhalinin doğma yurdlarına qayıdışının əlaqələndirilməsi üçün yeni imkanlar yaratdı. Bununla da Ağdərənin gələcək inkişafının vahid strategiya əsasında həyata keçirilməsinə hüquqi və inzibati zəmin formalaşdırıldı.
Prezident İlham Əliyevin Ağdərəyə səfərləri rayonun bərpasının və iqtisadi potensialının reallaşdırılmasının ən yüksək səviyyədə diqqətdə saxlanıldığını göstərir. Dövlətimizin başçısı müxtəlif vaxtlarda rayonun şəhər, qəsəbə və kəndlərində həyata keçirilən layihələrlə tanış olmuş, yeni infrastruktur obyektlərinin açılışında iştirak etmiş və doğma yurdlarına qayıdan sakinlərlə görüşmüşdür.
Suqovuşan Ağdərənin yeni inkişaf modelinin formalaşdığı əsas yaşayış məntəqələrindən biridir. Qəsəbənin azad edilməsindən sonra burada avtomobil yolları, yaşayış kompleksi, turizm və sosial infrastruktur yaradılmışdır. Suqovuşanda inşa edilən yeni yaşayış kompleksinin istifadəyə verilməsi və mənzillərin sakinlərə təqdim olunması Böyük Qayıdışın mühüm mərhələsinə çevrilmişdir. Yeni məscidin açılması isə qəsəbənin dini-mənəvi həyatının bərpasına xidmət etmişdir.
Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun istifadəyə verilməsi rayonun yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir yollar kəndlərə qayıdışı asanlaşdırmaqla yanaşı, təsərrüfat fəaliyyətinin genişlənməsinə, istehsal olunan məhsulların bazarlara çıxarılmasına və bölgənin turizm imkanlarından istifadəyə şərait yaradır.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırması Ağdərədə həyatın yenidən canlanmasının rəmzinə çevrildi. Uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma kəndlərində milli bayramı qeyd etməsi böyük mənəvi məna daşıyırdı. Bu hadisə Ağdərəyə qayıdışın yalnız fiziki məskunlaşma deyil, milli adətlərin, ictimai münasibətlərin və ənənəvi həyatın bərpası olduğunu göstərdi.
Kolatağ və Vəngli kəndlərində aparılan bərpa işləri də rayonun kompleks inkişaf strategiyasının tərkib hissəsidir. Fərdi evlərin yenidən qurulması, yol və kommunikasiya xətlərinin çəkilməsi, sosial infrastrukturun yaradılması sakinlərin rahat və təhlükəsiz yaşayışını təmin edir. Prezident İlham Əliyevin bu kəndlərdə görülən işlərlə tanış olması və sakinlərlə görüşməsi qayıdan insanların qayğılarının dövlət səviyyəsində diqqətdə saxlanıldığını nümayiş etdirdi.
Ağdərənin əsas iqtisadi üstünlüklərindən biri zəngin su və enerji ehtiyatlarına malik olmasıdır. Rayon ərazisindən keçən çaylar və mövcud su anbarları elektrik enerjisi istehsalı, kənd təsərrüfatının suvarılması və içməli su təminatı üçün böyük imkanlar yaradır. Bu potensialdan səmərəli istifadə Ağdərənin dayanıqlı inkişafının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
“Qozlukörpü” Su Elektrik Stansiyasının istifadəyə verilməsi Ağdərənin yaşıl enerji potensialının reallaşdırılması baxımından mühüm hadisədir. Kiçik su elektrik stansiyalarının yaradılması təbii ehtiyatlardan səmərəli istifadəyə, ərazilərin dayanıqlı enerji ilə təmin olunmasına və ekoloji cəhətdən təmiz istehsalın genişləndirilməsinə xidmət edir. Bu layihələr işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi strategiyasına uyğun həyata keçirilir.
Ağdərə mineral ehtiyatlarla da zəngindir. Canyataq kəndində yerləşən “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyətinin təşkili rayonun sənaye potensialının dirçəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismar edildiyi bu ərazidə hasilat və emal proseslərinin dövlətimizin qanunlarına, ekoloji tələblərə və milli iqtisadi maraqlara uyğun aparılması təmin olunur.
“Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti yeni iş yerlərinin yaradılmasına, sənaye istehsalının artmasına və bölgənin iqtisadi dövriyyəyə qoşulmasına imkan verir. Müəssisənin fəaliyyəti zamanı müasir texnologiyaların tətbiqi, ətraf mühitin qorunması və yerli əhalinin məşğulluğuna üstünlük verilməsi rayonun dayanıqlı inkişafı baxımından mühüm şərtlərdəndir. Ağdərənin təbii sərvətləri bundan sonra Azərbaycan xalqının rifahına və ölkəmizin iqtisadi gücünün artmasına xidmət edəcək.
Kənd təsərrüfatı Ağdərənin iqtisadi inkişafında mühüm yer tutur. Rayonun dağlıq və dağətəyi əraziləri heyvandarlıq, arıçılıq, bağçılıq və müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişlidir. Geniş otlaq və biçənək sahələri heyvandarlığın inkişafına, münbit torpaqlar isə müasir təsərrüfatların yaradılmasına imkan verir. Qayıdan sakinlərin torpaq və digər istehsal vasitələri ilə təmin olunması kəndlərin iqtisadi həyatının bərpasını sürətləndirir.
Ağdərə turizmin inkişafı üçün də zəngin imkanlara malikdir. Rayonun dağlıq relyefi, meşələri, çayları, su anbarları və füsunkar təbiəti ekoloji və dağ turizmi üçün əlverişli şərait yaradır. Suqovuşan və Sərsəng ətrafında turizm və istirahət zonalarının formalaşdırılması, tarixi və dini abidələrin bərpası bölgəyə gələn turistlərin sayının artmasına imkan verəcək. Müasir yol infrastrukturunun yaradılması bu potensialın reallaşdırılmasını daha da sürətləndirəcək.
Ağdərənin iqtisadi inkişafı ilə yanaşı, yaşayış məntəqələrinin bərpası və əhalinin doğma yurdlarına qaytarılması ardıcıl şəkildə həyata keçirilir. Talış kəndində 20 ailə və 90 nəfər, Həsənriz kəndində 292 ailə və 1150 nəfər, Suqovuşan kəndində 180 ailə və 592 nəfər məskunlaşmışdır. Kolatağ kəndinə 36 ailədən ibarət 139 nəfər, Vəngli kəndinə 151 ailədən ibarət 602 nəfər qayıtmışdır.
Heyvalı kəndində 46 ailə olmaqla 205 nəfərin, Çapar kəndində 40 ailə olmaqla 143 nəfərin daimi yaşayışı təmin edilmişdir. Aşağı Oratağ kəndində 111 ailə və 501 nəfər, Çıldıran kəndində isə 41 ailə və 165 nəfər məskunlaşmışdır. Ümumilikdə Ağdərə rayonuna 917 ailədən ibarət 3587 nəfərin qayıtması Böyük Qayıdışın burada geniş miqyas aldığını göstərir.
Bu rəqəmlərin hər biri uzun illər davam edən yurd həsrətinin sona çatması deməkdir. Qayıdan sakinlərin yaşayış evləri ilə yanaşı, elektrik, su, qaz, rabitə və yol infrastrukturu ilə təmin olunması diqqətdə saxlanılır. Məktəblərin, tibb məntəqələrinin, inzibati binaların və digər sosial obyektlərin yaradılması kəndlərdə normal həyatın bərpasına xidmət edir.
Prezident İlham Əliyevin 2026-cı ilin yanvarında Ağdərə rayonuna səfəri görülən işlərin miqyasını nümayiş etdirdi. Dövlətimizin başçısı Çapar, Heyvalı, Çıldıran, Canyataq və Aşağı Oratağ kəndlərində həyata keçirilən layihələrlə tanış oldu. Aşağı Oratağda bu və ətraf kəndlərin sakinləri ilə görüş keçirilməsi insanların doğma yurdlarına qayıdışının və yeni həyat qurmasının dövlət siyasətinin mərkəzində dayandığını göstərdi.
Həmin səfər zamanı Ağdərə şəhərinin Baş planının təqdim olunması rayon mərkəzinin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıdı. Baş plan Ağdərə şəhərinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını, yaşayış, sosial, iqtisadi və ictimai zonaların əlaqəli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Şəhərin tarixi simasının qorunması ilə müasir infrastrukturun yaradılması Ağdərənin rahat və dayanıqlı yaşayış məkanına çevrilməsini təmin edəcək.
Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması isə təhlükəsizliyin təmin olunması və fövqəladə hallara çevik reaksiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış mühitinin yaradılması məskunlaşma və iqtisadi fəaliyyətin davamlılığını təmin edən əsas şərtlərdən biridir.
Ağdərədə həyata keçirilən layihələr göstərir ki, rayonun inkişafı ayrı-ayrı obyektlərin tikintisi ilə məhdudlaşmır. Burada məskunlaşma, enerji, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və sosial infrastruktur vahid inkişaf strategiyası çərçivəsində birləşdirilir. Təbii ehtiyatlardan səmərəli və məsuliyyətli istifadə edilməsi, ətraf mühitin qorunması və qayıdan əhalinin rifahının yüksəldilməsi dayanıqlı inkişaf modelinin əsasını təşkil edir.
Bir vaxtlar işğal, dağıntı və qanunsuz istismarla üzləşən Ağdərə bu gün genişmiqyaslı quruculuq meydanına çevrilib. Yaşayış məntəqələrinin öz sakinlərinə qovuşması, istehsal və enerji müəssisələrinin fəaliyyətə başlaması, yolların və sosial obyektlərin istifadəyə verilməsi rayonun yeni gələcəyini formalaşdırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti Ağdərənin zəngin iqtisadi potensialını real inkişaf imkanlarına çevirir. Rayonun təbii sərvətləri, su və enerji ehtiyatları, kənd təsərrüfatı və turizm imkanları bundan sonra Azərbaycanın ümumi inkişafına xidmət edəcək. Ağdərə hərbi-siyasi Qələbənin iqtisadi tərəqqi, sosial rifah və davamlı məskunlaşma ilə tamamlandığı nümunəvi rayonlardan birinə çevrilir.
Günel Əliyeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Həsənabad qəsəbə 2 saylı KEUB-un müdiri