Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə keçirdiyi görüş və görüş çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti göstəricisidir. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında mövcud olan əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, qarşılıqlı etimadın və ortaq maraqların daha geniş əməkdaşlıq imkanları yaratdığını nümayiş etdirir.Birgə Bəyannamənin diqqət çəkən əsas məqamlarından biri tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha təsdiqləməsidir. Xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət məsələsinin sənəddə xüsusi yer alması mühüm siyasi əhəmiyyət daşıyır. Bu müddəalar dövlətlərarası münasibətlərin sağlam hüquqi əsaslar üzərində qurulmasının, hər bir ölkənin müstəqil seçimlərinə və milli maraqlarına hörmətlə yanaşılmasının vacibliyini ifadə edir.
Azərbaycan beynəlxalq hüququn prinsiplərinə daim hörmətlə yanaşan, öz suverenliyini və ərazi bütövlüyünü əsas prioritet kimi qoruyan dövlətdir. Ölkəmizin keçdiyi mürəkkəb tarixi yol, xüsusilə ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi tarixi nəticələr beynəlxalq hüququn dövlətlərin həyatında nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha göstərdi. Bu baxımdan Bəyannamədə suverenlik və ərazi bütövlüyü prinsiplərinin təsdiqlənməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri ilə uzlaşır. Dövlətlər arasında münasibətlərin güc tətbiqinə deyil, qarşılıqlı hörmətə, hüquqi öhdəliklərə və dialoqa əsaslanması davamlı sülhün vacib şərtidir.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır. İki ölkə arasında enerji sahəsində 30 ildən artıq müddətdə formalaşmış əməkdaşlıq qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın uğurlu nümunəsidir. Böyük Britaniyanın Azərbaycanın Avropada ən böyük investoru olması ölkəmizin iqtisadi potensialına, əlverişli investisiya mühitinə və etibarlı tərəfdaş kimi mövqeyinə verilən yüksək qiymətin göstəricisidir. Bu əməkdaşlıq gələcəkdə bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt və digər müasir istiqamətlər üzrə də genişlənmək imkanlarına malikdir.Digər mühüm məqam Azərbaycan ilə Böyük Britaniyanın regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmasıdır. Azərbaycan regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsini, dövlətlər arasında münasibətlərin normallaşdırılmasını və qarşılıqlı əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Ölkəmizin bu istiqamətdə nümayiş etdirdiyi siyasi iradə və ardıcıl mövqe beynəlxalq tərəfdaşlar tərəfindən də diqqətlə izlənilir. Birgə Bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhə nail olunması istiqamətində atılan addımların qeyd edilməsi də bu baxımdan əhəmiyyətlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət Azərbaycanın müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq əsasında münasibətlər qurmasına imkan yaradır. Dublində əldə olunan razılaşma da bu siyasətin məntiqi davamı olmaqla, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafı üçün mühüm siyasi və iqtisadi çərçivə yaradır. Ən əsası isə sənəd bir daha göstərir ki, suverenliyə hörmət, beynəlxalq hüquqa sadiqlik və qarşılıqlı etimad üzərində qurulan əməkdaşlıq həm dövlətlər, həm də bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün mühüm əhəmiyyət daşıyır.
Anar Əhmədov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi