PDF Oxu

Siyasət

  • 251

Azərbaycanın beynəlxalq mövqeyinə verilən siyasi dəstək: Dublində strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

Azərbaycanın beynəlxalq mövqeyinə verilən siyasi dəstək: Dublində strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

Prezident İlham Əliyevin Dublində Böyük Britaniyanın Baş naziri ilə keçirdiyi görüş Azərbaycan diplomatiyasının fəal və məqsədyönlü xarakterini bir daha nümayiş etdirdi. Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiqlənməsi iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından mühüm hadisədir. Bu sənəd siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, beynəlxalq münasibətlərdə dövlətlərin suverenliyinə və hüquqlarının qorunmasına verilən əhəmiyyəti də ön plana çıxarır.
Bəyannamədə BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin xüsusi vurğulanması təsadüfi deyil. Çünki müasir dünyada təhlükəsizliyin təmin olunması, dövlətlər arasında etimadın möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması ilk növbədə beynəlxalq hüquqa hörmətdən asılıdır. Sənəddə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, suverenlik, müstəqillik və ərazi bütövlüyü prinsiplərinin təsdiqlənməsi Azərbaycanın dövlətçilik maraqları baxımından da mühüm məna daşıyır. Azərbaycan uzun illər öz ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə aparıb və bu gün beynəlxalq hüququn prinsiplərinə əsaslanan yeni regional reallıqların formalaşmasına töhfə verir.
Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri Azərbaycanın milli maraqlarını beynəlxalq tərəfdaşlarla münasibətlərin mərkəzində saxlamaqdır. Ölkəmiz heç bir dövlətlə münasibətlərini təsadüfi siyasi yanaşmalar üzərində qurmur. Qarşılıqlı hörmət, etibarlı əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və konkret nəticələr Azərbaycanın xarici siyasətinin əsas istiqamətləridir. Böyük Britaniya ilə münasibətlərin strateji səviyyədə inkişafı da məhz bu yanaşmanın nəticəsidir.
İki ölkə arasında enerji sahəsində qurulmuş əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, beynəlxalq enerji layihələrində fəal iştirakı və etibarlı təchizatçı kimi mövqeyi Böyük Britaniya ilə əlaqələrin iqtisadi əsaslarını daha da möhkəmləndirib. Bununla yanaşı, müasir dövrün tələbləri əməkdaşlığın yeni sahələrə yönəlməsini zəruri edir. Rəqəmsal inkişaf, innovasiyalar, süni intellekt, investisiya və yaşıl enerji istiqamətləri gələcək tərəfdaşlıq üçün geniş imkanlar açır.Dublində keçirilən görüşün əhəmiyyəti həm də Azərbaycanın beynəlxalq siyasi proseslərdə fəal iştirak etməsi ilə bağlıdır. Bu gün ölkəmiz yalnız regional məsələlərdə deyil, daha geniş beynəlxalq gündəlikdə də öz mövqeyi və təşəbbüsləri ilə seçilir. Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlərini inkişaf etdirərək müstəqil xarici siyasət kursunu davam etdirir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, milli təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunmasına da xidmət edir.
Dublində əldə olunan razılaşma Azərbaycan-Böyük Britaniya əlaqələrinin mövcud potensialını daha geniş şəkildə reallaşdırmaq üçün mühüm zəmin yaradır. Ən vacib məqam isə ondan ibarətdir ki, sənəd dövlətlərin müstəqilliyinə, sərhədlərinin toxunulmazlığına və beynəlxalq hüquqa hörmət kimi fundamental dəyərləri ön plana çıxarır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlərdə öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən və tərəfdaşları ilə qarşılıqlı faydaya əsaslanan əlaqələr quran dövlət kimi mövqelərini möhkəmləndirməkdə davam edir.
Qənaət Əsgərov

YAP Kəlbəcər rayon təşkilatının sədr müavini

Digər xəbərlər