PDF Oxu

Siyasət

  • 288

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən biri müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. 2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin əlaqələrinin gələcək inkişafında mühüm mərhələ hesab olunur.

Sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmışdır. Bəyannamə iki dövlət arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinə əsaslanır. Xüsusilə 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni sənədin siyasi və hüquqi əsaslarını təşkil edən mühüm sənədlər sırasındadır. Yeni razılaşma tərəflərin münasibətləri daha yüksək səviyyəyə çatdırmaq niyyətini nümayiş etdirir.
Birgə Bəyannamənin əsas prinsiplərindən biri beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə sadiqlikdir. Tərəflər dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etdiklərini bir daha təsdiqləyirlər. Bu yanaşma Azərbaycanın milli maraqlarının və beynəlxalq hüququn prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə 2025-ci il avqustun 8-də qəbul edilmiş Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti də vurğulanır. Böyük Britaniya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin edilməsi istiqamətində ikitərəfli dialoqa dəstəyini ifadə edir.
Bəyannamədə əməkdaşlığın əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsidir. Hər iki ölkə regional sülhün və sabitliyin qorunması məqsədilə bu sahədə əlaqələrin gücləndirilməsində maraqlıdır. Sənədə əsasən, yüksək səviyyəli görüşlərin və qarşılıqlı məsləhətləşmələrin davam etdirilməsi, müdafiə sahəsində təlimlərin təşkili, institusional potensialın artırılması və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. Həmçinin müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarının araşdırılması planlaşdırılır. Hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyinin, məhkəmə və hüquqi əlaqələrin inkişafı da sənəddə xüsusi yer tutur. Bu tədbirlər təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyət imkanlarını genişləndirməyə xidmət edir.
Digər mühüm istiqamət ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Azərbaycan və Böyük Britaniya iqtisadi əlaqələrin genişləndirilməsini, qarşılıqlı investisiyaların artırılmasını və yeni kommersiya tərəfdaşlıqlarının yaradılmasını qarşıya məqsəd qoyurlar. Bərpaolunan enerji, infrastruktur və xidmətlər prioritet əməkdaşlıq sahələri kimi müəyyənləşdirilmişdir. Tərəflər biznes qurumları arasında əlaqələrin gücləndirilməsini, bilik və təcrübə mübadiləsini, yeni iş yerlərinin yaradılmasını dəstəkləyirlər.
Sənəddə Orta Dəhlizin inkişafına da xüsusi diqqət yetirilir. Bu nəqliyyat və logistika marşrutu Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və tranzit imkanları sayəsində beynəlxalq ticarətdə mühüm rol oynayır. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın genişlənməsi ölkənin regional və beynəlxalq iqtisadi mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər.
Enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət kəsb edir. Tərəflər bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyət göstərməyi nəzərdə tuturlar. Bu əməkdaşlıq enerji təhlükəsizliyinin gücləndirilməsi, iqlim dəyişikliklərinə davamlılığın artırılması və ekoloji baxımdan dayanıqlı iqtisadi inkişafın təmin edilməsi məqsədlərinə xidmət edir. Maliyyə və kapital bazarlarında əməkdaşlığın genişləndirilməsi, kiçik və orta biznesin inkişafına dəstək də iqtisadi əlaqələrin mühüm hissəsidir.
Bəyannamənin digər əsas istiqaməti təhsil və innovasiyadır. Tərəflər ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirməyi planlaşdırırlar. Universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye qurumları arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Süni intellekt, rəqəmsallaşma, yeni texnologiyalar və həyat elmləri üzrə təcrübə mübadiləsi innovativ inkişaf üçün mühüm imkanlar yaradır. Həmçinin tələbə və mütəxəssis mübadiləsi, peşəkar şəbəkələrin formalaşdırılması və mədəni əlaqələrin inkişafı təşviq edilir.
Bəyannamənin icrasına nəzarət və gələcək əməkdaşlığın planlaşdırılması məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi razılaşdırılmışdır. Bu görüşlər əldə olunan nəticələrin qiymətləndirilməsinə, yeni prioritetlərin müəyyənləşdirilməsinə və praktiki tədbirlərin razılaşdırılmasına imkan verəcəkdir.
Nəticə etibarilə, Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Birgə Bəyannamə siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm əsas yaradır. Sənəd ölkəmizin beynəlxalq əlaqələrinin şaxələndirilməsinə, investisiya imkanlarının genişlənməsinə, enerji və nəqliyyat potensialının güclənməsinə xidmət edir. Bu tərəfdaşlığın uğurla həyata keçirilməsi hər iki dövlətin qarşılıqlı maraqlarına uyğun olmaqla yanaşı, regionda sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə də müsbət təsir göstərə bilər.

Nüsrət Kərimov
Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, ƏPT sədri

Digər xəbərlər