Xankəndi Azərbaycanın qədim Qarabağ diyarının mühüm ictimai-siyasi, iqtisadi və mədəni mərkəzlərindən biridir. Şəhərin tarixi taleyi uzun illər regionda baş verən mürəkkəb proseslərlə bağlı olmuş, Azərbaycan xalqının hüquqlarının pozulması, separatizmin təşviqi və işğal siyasəti Xankəndinin öz təbii inkişafından uzaqlaşdırılmasına səbəb olmuşdur. Lakin Azərbaycan dövləti heç vaxt öz suveren hüquqlarından geri çəkilməmiş, Xankəndinin ölkəmizin ayrılmaz hissəsi olduğunu bütün siyasi və hüquqi platformalarda qətiyyətlə müdafiə etmişdir.
2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər Qarabağın azadlığına gedən yolu açdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın konstitusiya quruluşu bütün ərazilərimizdə bərpa olundu, qanunsuz silahlı birləşmələrin və separatizmin mövcudluğuna son qoyuldu. Beləliklə, Xankəndinin tarixində tamamilə yeni mərhələ başlandı.
Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu yeni mərhələnin başlanğıcını ifadə edən möhtəşəm tarixi hadisə oldu. Dövlətimizin başçısının Xankəndinin mərkəzində üçrəngli bayrağımızı ucaltması Azərbaycanın suverenliyinin tam bərpa edildiyini bütün dünyaya nümayiş etdirdi. Bu hadisə xalqımızın onilliklər ərzində gözlədiyi böyük tarixi an, milli iradənin və ədalətin təntənəsi idi.
Xankəndidə Azərbaycan Bayrağının dalğalanması sadəcə dövlət rəmzinin müəyyən bir ərazidə ucaldılması deyildi. Bu, Azərbaycan xalqına qarşı yürüdülmüş separatizm siyasətinin iflası, süni şəkildə yaradılmış qondarma rejimin süqutu və tarixi həqiqətin öz yerini tutması idi. Dövlətimizin başçısının həmin gün Xankəndidən səsləndirdiyi fikirlər Azərbaycanın öz torpaqlarının əsl sahibi olduğunu və bundan sonra bu ərazilərdə həyatın Azərbaycan dövlətinin müəyyən etdiyi inkişaf strategiyasına uyğun qurulacağını göstərdi.
2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi şəhərin tarixi əhəmiyyətini daha da artırdı. Qalib Azərbaycan Ordusunun Xankəndidə addımlaması xalqımızın milli qürur mənbəyinə çevrildi. Parad həm Vətən müharibəsində qazanılmış Qələbənin, həm də suverenliyin tam təmin olunmasının rəmzi idi. Bir vaxtlar Azərbaycan dövlətinə qarşı qanunsuz fəaliyyətlərin həyata keçirildiyi Xankəndi artıq Zəfərin və dövlət qüdrətinin nümayiş olunduğu məkana çevrilmişdi.
Xankəndinin yeni inkişaf mərhələsi hərbi-siyasi Qələbənin quruculuq siyasəti ilə tamamlanması üzərində qurulur. Prezident İlham Əliyevin şəhərə ardıcıl səfərləri, burada reallaşdırılan layihələrin icrasını şəxsən diqqətdə saxlaması Xankəndiyə verilən strateji əhəmiyyəti göstərir. Dövlətimizin başçısının hər bir səfəri yeni sosial, iqtisadi, təhsil, mədəniyyət və infrastruktur layihələrinin başlanması və ya istifadəyə verilməsi ilə yadda qalmışdır.
2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” futbol klubunun Azərbaycan Kuboku çərçivəsində oyununu Xankəndidə keçirməsi şəhərin ictimai və idman həyatının bərpası baxımından mühüm hadisə oldu. Uzun fasilədən sonra Xankəndidə Azərbaycan futbolunun təşkil edilməsi və stadionda Dövlət Himninin səsləndirilməsi böyük rəmzi məna daşıyırdı. Bu oyun yalnız idman qarşılaşması deyil, Qarabağın öz sahibinə qovuşmasının və normal həyatın bərpa edilməsinin növbəti ifadəsi idi.
2024-cü il fevralın 7-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin növbədənkənar prezident seçkilərində Xankəndidə səs verməsi dövlətçilik tariximizin mühüm hadisələrindən birinə çevrildi. Müstəqil Azərbaycanın bütün suveren ərazilərini əhatə edən seçkidə dövlətimizin başçısının məhz Xankəndidə səs verməsi ölkəmizin ərazi bütövlüyünün dönməzliyini nümayiş etdirdi. Bu, Azərbaycan seçicisinin uzun illərdən sonra bütün ölkə ərazisində vahid konstitusion hüquqlarını həyata keçirməsinin parlaq ifadəsi oldu.
Xankəndinin elm və təhsil mərkəzinə çevrilməsi istiqamətində ən mühüm addımlardan biri Qarabağ Universitetinin yaradılmasıdır. Universitetin fəaliyyətə başlaması təkcə şəhərin deyil, bütövlükdə Qarabağ bölgəsinin gələcək inkişafına xidmət edən strateji qərardır. Burada müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların aparılması və bölgənin sosial-iqtisadi inkişafına uyğun mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev Xankəndiyə səfərləri zamanı Qarabağ Universitetində həyata keçirilən işlərlə dəfələrlə tanış olmuşdur. Universitetin əsas binasının və tələbə yataqxanasının təmirdən sonra istifadəyə verilməsi, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılması, Mühəndislik fakültəsinin binasının təməlinin qoyulması, Biznes və iqtisadiyyat fakültəsinin yeni binasının istifadəyə verilməsi təhsil kompleksinin ardıcıl şəkildə genişləndirildiyini göstərir. Bu layihələr Xankəndinin Azərbaycanın qabaqcıl universitet şəhərlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
Şəhərdə sosial infrastrukturun yenilənməsi də xüsusi diqqət mərkəzindədir. Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin və 1 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılması təhsil sisteminin bütün pillələr üzrə bərpasına xidmət etmişdir. Kərkicahan qəsəbəsində 1 nömrəli tam orta məktəbin yenidən istifadəyə verilməsi isə doğma yurda qayıdan ailələrin uşaqlarının müasir şəraitdə təhsil almasına imkan yaratmışdır.
Xankəndinin mədəni simasının bərpası istiqamətində də mühüm layihələr həyata keçirilir. Dövlət Dram Teatrının binasının yenilənməsi, Mədəniyyət Mərkəzinin əsaslı şəkildə yenidən qurulması və şəhərdə müxtəlif mədəni tədbirlərin təşkili Xankəndinin Qarabağın mədəniyyət mərkəzlərindən biri kimi tarixi mövqeyinin bərpa edilməsinə xidmət edir. Şəhərin milli-mədəni mühitinin formalaşdırılması onun gələcək inkişafının mühüm istiqamətlərindən biridir.
Xankəndidə turizm və xidmət infrastrukturu da sürətlə inkişaf etdirilir. “Qarabağ”, “Palace”, “Bulud” və “Xankəndi” hotellərinin istifadəyə verilməsi şəhərin yerli və xarici qonaqları qəbul etmək imkanlarını artırmışdır. Xankəndi ilə Şuşa arasında kanat yolunun inşasının nəzərdə tutulması iki tarixi şəhər arasında turizm əlaqələrinin gücləndirilməsinə, rahat gediş-gəlişin təmin edilməsinə və bölgənin turizm potensialının daha səmərəli istifadəsinə imkan yaradacaq.
Şəhərin iqtisadi həyatının bərpası üçün yeni istehsal və biznes obyektləri yaradılır. Azərbaycan və Özbəkistanın birgə müəssisəsi olan tikiş fabrikinin fəaliyyəti, iş əlcəkləri istehsalı müəssisəsinin açılması və “Xankəndi” Biznes Mərkəzinin istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına, sahibkarlıq mühitinin formalaşmasına və qayıdan sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət edir. Bu müəssisələr Xankəndinin iqtisadi potensialının tədricən reallaşdırıldığını göstərir.
Nəqliyyat və enerji infrastrukturu üzrə həyata keçirilən layihələr şəhərin uzunmüddətli inkişafına hesablanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması şəhərin ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq. “Xankəndi-1” elektrik yarımstansiyasının istifadəyə verilməsi isə əhalinin və yeni fəaliyyətə başlayan müəssisələrin dayanıqlı elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.
Şəhərin memarlıq simasının müasir tələblərə uyğun yenilənməsi də diqqət mərkəzindədir. Yeni park və meydanların yaradılması, küçələrin abadlaşdırılması, binaların təmiri və ictimai məkanların formalaşdırılması Xankəndinin daha rahat və müasir şəhərə çevrilməsinə xidmət edir. Zəfər parkının salınması və sonradan istifadəyə verilməsi şəhərin yeni tarixini, Azərbaycan Ordusunun qəhrəmanlığını və xalqımızın Qələbə əzmini yaşadan mühüm məkan yaratmışdır.
Xankəndinin yeni inkişaf modelinin ən mühüm xüsusiyyətlərindən biri şəhərin regional və beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir. 2025-ci ilin iyulunda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunu və şəhərin qısa müddətdə mühüm siyasi-diplomatik məkana çevrildiyini göstərdi. Xarici dövlət və hökumət başçılarının, nazirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin Xankəndiyə səfərləri şəhərin dünya miqyasında tanıdılmasına mühüm töhfə verdi.
Xankəndi Konqres Mərkəzinin istifadəyə verilməsi şəhərdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir imkanlar yaratmışdır. Şuşa Qlobal Media Forumu iştirakçılarının burada görüşlər keçirməsi, xarici ölkələrin yüksək vəzifəli nümayəndələrinin qəbul edilməsi Xankəndinin beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrildiyini təsdiqləyir. Bir vaxtlar separatizmin simvoluna çevrilməyə çalışılan şəhərin bu gün Azərbaycanın sülh, əməkdaşlıq və inkişaf siyasətini dünyaya təqdim etməsi mühüm tarixi dəyişiklikdir.
Xankəndidə aparılan quruculuq işləri Böyük Qayıdış prosesi ilə tamamlanır. 2026-cı il avqustun 17-dək şəhərdə 76 ailədən ibarət 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailədən ibarət 174 nəfər məskunlaşmışdır. Ümumilikdə Xankəndi və Kərkicahana 119 ailə olmaqla 506 nəfərin qayıtması şəhərin daimi yaşayış məkanı kimi dirçəldiyini göstərir. Yeni mənzillərin, təhsil və sosial obyektlərin, iş yerlərinin yaradılması növbəti mərhələlərdə qayıdan sakinlərin sayının daha da artmasına imkan verəcək.
Bu gün Xankəndi yeni tarixini yaşayır. Şəhərdə Azərbaycan Bayrağı dalğalanır, dövlət qurumları fəaliyyət göstərir, universitet auditoriyalarında gənclər təhsil alır, istehsal müəssisələrində yeni məhsullar hazırlanır, sakinlər öz doğma yurdlarında həyat qururlar. Xankəndinin hər bir küçəsində aparılan abadlıq və quruculuq işləri Azərbaycanın öz torpaqlarına əbədi qayıdışının göstəricisidir.
Xankəndinin keçdiyi yol Azərbaycan dövlətinin siyasi iradəsinin, hərbi qüdrətinin və quruculuq imkanlarının parlaq ifadəsidir. Zəfər və tam suverenlik şəhərin azadlığını təmin etdi, genişmiqyaslı bərpa işləri onun yeni simasını formalaşdırdı, beynəlxalq tədbirlər isə Xankəndini dünyaya Azərbaycanın güc və nüfuz ünvanlarından biri kimi təqdim etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi bundan sonra da Qarabağın inkişafında, Azərbaycanın iqtisadi, elmi, mədəni və siyasi həyatında mühüm rol oynayacaq.
Gülmirə Səfərova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala rayon gənclər və idman sektorunun baş məsləhətçisi