Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Zəfər Xocavənd rayonunun həyatında yeni dövrün başlanğıcı oldu. Otuz ilə yaxın davam edən işğal rayonun şəhər, qəsəbə və kəndlərinin dağıdılmasına, tarixi-mədəni abidələrinin məqsədli şəkildə məhv edilməsinə, təbii sərvətlərinin qanunsuz istismarına səbəb olmuşdu. Lakin düşmənin həyata keçirdiyi dağıntılar Azərbaycan xalqının doğma torpaqlarına bağlılığını zəiflədə bilmədi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocavənddə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri rayonu yenidən həyat və inkişaf məkanına çevirir.
Xocavəndin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm hərbi-siyasi nəticələrindən biri idi. Azərbaycan Ordusu 2020-ci ilin oktyabrında Hadrut qəsəbəsini və rayonun bir sıra kəndlərini azad etməklə düşmənin müdafiə sisteminə ciddi zərbə vurdu. Hadrut əməliyyatı Ordumuzun yüksək peşəkarlığını, hərbçilərimizin döyüş əzmini və Azərbaycan komandanlığının strateji üstünlüyünü nümayiş etdirdi. Ərazinin mürəkkəb relyefinə və düşmənin uzun illər ərzində yaratdığı müdafiə mövqelərinə baxmayaraq, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırığı qəhrəmanlıqla yerinə yetirdi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi Xocavənd rayonunun bütün ərazisində tam təmin olundu. Qanunsuz silahlı birləşmələrin mövcudluğuna və separatizmə son qoyuldu, dövlətimizin konstitusiya quruluşu bərpa edildi. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi ədalətin bərpasını rəsmiləşdirən mühüm hadisə oldu. Həmin gündən rayonun bütün yaşayış məntəqələrində yeni inkişaf mərhələsi başlandı.
Prezident İlham Əliyevin Xocavəndə çoxsaylı səfərləri rayonun bərpası və gələcək inkişafına göstərilən xüsusi diqqətin ifadəsidir. Dövlətimizin başçısının hələ 2021-ci il yanvarın 14-də Böyük Tağlar kəndinə səfəri azad edilmiş ərazilərdə vəziyyətin yerində qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmin səfər işğal dövründə törədilmiş dağıntıların miqyasını göstərməklə yanaşı, bu torpaqların qısa müddətdə dirçəldilməsi üçün dövlətin qətiyyətli mövqeyini ortaya qoydu.
2021-ci il martın 15-də Prezident İlham Əliyevin Xocavənd rayonuna növbəti səfəri zəngin proqramı ilə yadda qaldı. Dövlətimizin başçısı Edilli və Düdükçü kəndlərində oldu, Hadrut qəsəbəsində Dövlət Bayrağını ucaltdı, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun təməlini qoydu. Hünərli və Tuğ kəndlərində qədim Alban məbədlərinə baxış keçirilməsi, Azıx mağarası ilə tanışlıq Xocavəndin tarixi-mədəni irsinin qorunmasına verilən yüksək əhəmiyyəti nümayiş etdirdi.
Bu səfər zamanı işğal illərində erməni vandallığına məruz qalmış yaşayış məntəqələrinin vəziyyəti bütün reallığı ilə üzə çıxdı. Məktəblərin, yaşayış evlərinin və sosial obyektlərin dağıdılması, dini və tarixi abidələrin mənimsənilməsi işğalçı siyasətin mahiyyətini göstərirdi. Prezident İlham Əliyevin tarixi abidələrə səfərləri Azərbaycanın bu irsin əsl sahibi olduğunu və onun bundan sonra dövlət səviyyəsində qorunacağını bir daha təsdiqlədi.
Xocavənd rayonunun zəngin tarixi irsi onun gələcək inkişafında mühüm yer tutur. Azıx mağarası bəşər tarixinin ən qədim yaşayış məskənlərindən biridir. Tuğ kəndi qədim memarlıq nümunələri, tarixi yaşayış evləri və dini abidələri ilə seçilir. Rayon ərazisində yerləşən Qafqaz Albaniyasına aid məbədlər Azərbaycan xalqının qədim mədəni irsinin ayrılmaz hissəsidir. İşğal dövründə bu abidələrin mənşəyinin saxtalaşdırılmasına cəhd göstərilsə də, mövcud tarixi və elmi faktlar onların Azərbaycan mədəniyyətinə mənsubluğunu təsdiq edir.
Tarixi irsin qorunması ilə yanaşı, Xocavənddə müasir nəqliyyat infrastrukturu yaradılır. Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolu rayonun ölkənin digər əraziləri ilə əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Hadrut–Cəbrayıl–Şükürbəyli, Tuğ–Hadrut və Füzuli–Hadrut istiqamətlərində aparılan yol tikintisi yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin edir. Zəfər yolunun Xocavənd ərazisindən keçən hissəsində tunellərin inşası bölgənin mürəkkəb relyefinə uyğun müasir yol infrastrukturunun yaradıldığını göstərir.
Nəqliyyat layihələri Xocavəndin iqtisadi və turizm imkanlarından istifadə üçün də geniş perspektivlər açır. Yeni yollar kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasını asanlaşdıracaq, istehsal və xidmət sahələrinin yaradılmasını sürətləndirəcək. Eyni zamanda, Hadrut, Tuğ və Azıx kimi tarixi məkanlara səfərlərin təşkili rayonun mühüm turizm istiqamətlərindən birinə çevrilməsinə imkan verəcək.
Enerji təminatının bərpası rayonun dirçəlişinin əsas istiqamətlərindən biridir. Hadrut qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi yaşayış məntəqələrinin, sosial obyektlərin və gələcək istehsal müəssisələrinin dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına xidmət edir. Müasir texnologiyalar əsasında qurulan enerji infrastrukturu rayonun uzunmüddətli sosial-iqtisadi inkişafı üçün etibarlı zəmin yaradır.
Hadrut qəsəbəsinin yenidən qurulması Xocavənddə aparılan işlərin mühüm istiqamətlərindən biridir. Qəsəbədə yeni yaşayış məhəlləsinin, inzibati mərkəzin və tam orta məktəbin yaradılması istiqamətində layihələr həyata keçirilmişdir. Hadrut məscidinin bərpa edilərək istifadəyə verilməsi qəsəbənin dini-mənəvi həyatının canlandırılması ilə yanaşı, işğal illərində dağıdılmış milli-mədəni dəyərlərimizin yenidən dirçəldilməsinin göstəricisidir.
Tuğ kəndində inzibati mərkəzin və ilk yaşayış məhəlləsinin təməlinin qoyulması bu qədim Azərbaycan kəndinin kompleks bərpasına başlanıldığını göstərdi. Kəndin tarixi memarlıq xüsusiyyətlərinin qorunması, ənənəvi yaşayış mühitinin müasir tələblərlə uzlaşdırılması nəzərdə tutulur. Tuğun gələcəkdə mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilməsi üçün zəngin potensial mövcuddur.
Xocavənd şəhərinin, rayonun qəsəbə və kəndlərinin bərpasında müasir şəhərsalma prinsipləri əsas götürülür. Yaşayış evləri ilə yanaşı, məktəblərin, tibb məntəqələrinin, inzibati binaların və digər sosial obyektlərin yaradılması insanların rahat yaşayışını təmin etməyə xidmət edir. Tikinti işləri zamanı ərazilərin təbii xüsusiyyətlərinin və tarixi simasının qorunmasına xüsusi diqqət göstərilir.
Bərpa-quruculuq tədbirlərinin əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. Xocavənd şəhərinə, Xocavənd kəndinə, Xanoba və Sos kəndlərinə, Qırmızı Bazar və Hadrut qəsəbələrinə, Güneyxırman və Quzeyxırman kəndlərinə sakinlərin köçürülməsi rayonda həyatın yenidən canlandığını göstərir. Ümumilikdə bu yaşayış məntəqələrində 988 ailədən ibarət 4070 nəfərin məskunlaşması Xocavənddə Böyük Qayıdışın sürətlə həyata keçirildiyini təsdiqləyir.
Prezident İlham Əliyevin 2025-ci ilin sentyabrında Hadrut qəsəbəsinə, Sos kəndinə və Qırmızı Bazar qəsəbəsinə səfəri burada aparılan işlərin nəticələrini nümayiş etdirdi. Dövlətimizin başçısı Hadrut məscidinin açılışında iştirak etdi, yaşayış məntəqələrində yaradılan şəraitlə tanış oldu, Qırmızı Bazar, Hadrut və Sos sakinləri ilə görüşdü. Doğma torpaqlarına qayıdan insanların dövlətimizin başçısını böyük sevinc və minnətdarlıqla qarşılaması xalq-iqtidar birliyinin növbəti təzahürü oldu.
Xocavənd şəhəri və Xocavənd kəndində aparılan işlər də rayonun ümumi inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin 2026-cı ilin fevralında bu yaşayış məntəqələrinə səfər etməsi, görülən işlərlə tanış olması və sakinlərlə görüşməsi qayıdış prosesinin ən yüksək səviyyədə diqqətdə saxlanıldığını göstərdi. Xanoba və Quzeyxırman kəndlərində həyata keçirilən bərpa tədbirləri isə Böyük Qayıdışın getdikcə daha geniş əraziləri əhatə etdiyini təsdiqlədi.
Xocavənddə yeni həyatın qurulması yalnız evlərin tikilməsi və yolların çəkilməsi ilə məhdudlaşmır. Qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlıq imkanlarının genişləndirilməsi və turizm potensialının reallaşdırılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Rayonun münbit torpaqları, əlverişli iqlimi, zəngin su ehtiyatları, tarixi abidələri və füsunkar təbiəti çoxşaxəli iqtisadi inkişaf üçün geniş imkanlar yaradır.
Xocavəndin dirçəlişi Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərə kompleks yanaşmasının nümunəsidir. Burada təhlükəsizlik, məskunlaşma, infrastruktur, iqtisadi inkişaf və tarixi irsin qorunması vahid strategiya çərçivəsində həyata keçirilir. Hər bir yaşayış məntəqəsinin öz xüsusiyyətlərinə uyğun bərpası rayonun bütöv və dayanıqlı inkişafını təmin edir.
Bu gün Xocavənddə yanan hər bir ev işığı, açılan hər bir məktəb, istifadəyə verilən hər bir yol və doğma yurda qayıdan hər bir ailə tarixi Zəfərin real nəticəsidir. Bir vaxtlar işğalın və dağıntının hökm sürdüyü ərazilərdə indi genişmiqyaslı quruculuq işləri aparılır. İnsanların öz ata-baba torpaqlarında həyata yenidən başlaması düşmənin uzun illər ərzində yaratdığı dağıntılara verilən ən tutarlı cavabdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan Xocavəndin dirçəliş salnaməsi tarixi ədalətin bərpasını, milli iradənin gücünü və Azərbaycanın quruculuq qüdrətini özündə birləşdirir. Qəhrəman Ordumuzun azad etdiyi Xocavənd dövlətimizin gücü ilə yenidən qurulur, öz sakinlərinə qovuşur və gələcəyə doğru inamla addımlayır. Rayonun qədim tarixi, zəngin mədəni irsi və müasir inkişaf imkanları Xocavəndin Qarabağın mühüm iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevriləcəyinə möhkəm inam yaradır.
Asif Qəfərov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Boyat kənd İƏD üzrə nümayəndə