PDF Oxu

Siyasət

  • 453

Birliyin nümunəsi

image

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin Bakıda görüşü keçirildi. Sentyabrın 15-də dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Həmin görüşdə cənab İlham Əliyev XII əsrdən XVI əsrə qədər (Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli) uzanan böyük bir irsi qeyd etdi. Bununla da Azərbaycanın əsrlər boyu elmə, mədəniyyətə, ədəbiyyata davamlı töhfələr verdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi: “Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”.

O da vurğulandı ki, qeyd edilən tədbirlərdə bir çox ölkələrdən dini liderlər iştirak edirlər. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.

İlham Əliyev 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə dövrünün reallıqlarından danışdı. Diqqəti dünyanının ikili standartlara əsaslanan siyasətinə yönəldən dövlətimizin başçısı əsaslı şəkildə qeyd etdi ki, Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, hər şeyi, bütün şəhərləri dağıdıb. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik.

Prezident İlham Əliyev bu çağırışı etdi ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Digər xəbərlər