PDF Oxu

Siyasət

  • 723

Dövlət suverenliyi Azərbaycan xalqının ən böyük milli sərvətidir - ŞƏRH

image

Hər bir xalqın tarixində onun milli varlığını, siyasi iradəsini və gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm hadisələr olur. Azərbaycan xalqı üçün dövlət müstəqilliyinin bərpası, ərazi bütövlüyünün təmin edilməsi və ölkənin bütün ərazisində suveren hüquqların təsbit olunması belə tarixi nailiyyətlərdəndir. Müstəqillik xalqın öz taleyinə sahib çıxmasını ifadə edirsə, suverenlik onun yaratdığı dövlətin sərbəst qərar qəbul etmək, milli maraqlarını qorumaq və hakimiyyətini bütün ərazisində həyata keçirmək qüdrətini göstərir. Bu baxımdan dövlət suverenliyi Azərbaycanın mövcudluğunun, təhlükəsizliyinin və davamlı inkişafının əsasını təşkil edir.
Azərbaycan xalqının dövlətçilik tarixi qədim və zəngin ənənələrə malikdir. Müxtəlif dövrlərdə mövcud olmuş dövlətlər, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə milli dövlətçilik düşüncəsini formalaşdırmışdır. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə ilk demokratik respublikanın əsasını qoymuş, xalqımızın müstəqil yaşamaq və öz dövlətini idarə etmək iradəsini nümayiş etdirmişdir. Cümhuriyyətin ömrü qısa olsa da, onun yaratdığı dövlətçilik ənənələri sonrakı nəsillərin müstəqillik mübarizəsi üçün mühüm siyasi və mənəvi irsə çevrilmişdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, idarəçilikdəki səriştəsizlik, iqtisadi tənəzzül və Ermənistanın təcavüzü dövlətçiliyimizi ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsi və ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə Azərbaycanın formal müstəqilliyinin real suverenliklə tamamlanmasına imkan vermirdi.
Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət idarəçiliyi möhkəmləndirildi və hüquqi dövlət quruculuğuna başlanıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlətin hüquqi əsaslarını müəyyənləşdirdi, xalq hakimiyyətini və dövlət suverenliyini ali hüquqi dəyər kimi təsbit etdi.
Ümummilli Liderin yaratdığı möhkəm siyasi və iqtisadi təməl Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi. Müstəqil xarici siyasətin həyata keçirilməsi, milli ordu quruculuğu, enerji strategiyasının reallaşdırılması və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyinin qazanılması dövlət suverenliyinin gücləndirilməsinə xidmət etdi. Azərbaycan tədricən daxili və xarici siyasətini heç bir kənar təsir olmadan müəyyənləşdirən güclü dövlətə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasi kurs yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Ölkənin iqtisadi qüdrətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi Azərbaycanın qarşısında duran əsas milli vəzifənin yerinə yetirilməsinə etibarlı zəmin yaratdı. Dövlətimizin başçısı bütün fəaliyyəti boyunca ərazi bütövlüyünün bərpasını və suverenliyin ölkənin bütün ərazisində təmin olunmasını başlıca məqsəd kimi müəyyənləşdirdi.
Ermənistanın təcavüzkar siyasəti və işğal faktının uzun illər davam etməsi Azərbaycanın suveren hüquqlarının pozulması demək idi. Beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər mötəbər sənədlər Azərbaycanın ərazi bütövlüyünü tanısa da, onların icrası təmin edilmədi. Vasitəçilik missiyasını üzərinə götürmüş dairələrin fəaliyyətsizliyi və ikili standartlar işğalın davam etməsinə şərait yaratdı. Buna baxmayaraq, Azərbaycan dövləti hüquqi və siyasi mövqeyindən geri çəkilmədi, öz ərazi bütövlüyünü bərpa etmək hüququnu qorudu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başlanmış Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin hərbi qüdrətinin nümayişinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmənin müdafiə xətlərini yardı, yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etdi və üçrəngli bayrağımızı doğma torpaqlarımızda ucaltdı. Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpasını təmin etdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan ölkəmizə qaytarılması hərbi Qələbənin siyasi-diplomatik uğurla tamamlanması idi. Azərbaycan xalqı öz gücü və şəhidlərinin qanı hesabına beynəlxalq hüququn uzun illər icra olunmayan müddəalarını döyüş meydanında həyata keçirdi.
Müharibədən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı və sülh gündəliyi irəli sürdü. Lakin Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin saxlanılması, separatçı rejimin fəaliyyətini davam etdirməsi və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ölkəmizin suverenliyinə təhdid yaradırdı. Azərbaycan öz ərazisində qeyri-qanuni silahlı qüvvələrin mövcudluğu ilə barışa bilməzdi.
2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq lokal antiterror tədbirlərinə başlanıldı. Bir gündən də az davam edən əməliyyat nəticəsində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirildi, qanunsuz silahlı birləşmələr tərksilah olundu və separatçı rejim özünü buraxmağa məcbur edildi. Sentyabrın 20-də Azərbaycanın konstitusiya quruluşu və dövlət suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu.
Bu tarixi nailiyyət Azərbaycan dövlətinin siyasi iradəsinin, Ordumuzun peşəkarlığının və xalqımızın milli birliyinin nəticəsi idi. Lokal antiterror tədbirləri zamanı Azərbaycan yalnız legitim hərbi obyektləri zərərsizləşdirdi, mülki əhalinin və infrastrukturun qorunmasına xüsusi diqqət yetirdi. Əməliyyatın qısa müddətdə və yüksək dəqiqliklə başa çatdırılması Silahlı Qüvvələrimizin gücünü və peşəkarlığını bir daha nümayiş etdirdi.
Azərbaycan öz suverenliyini tam təmin etməklə beynəlxalq hüququn əsas prinsiplərinin aliliyini də təsdiqlədi. Ölkəmizin atdığı addımlar beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində həyata keçirilmişdi. Heç bir dövlət Azərbaycanın öz ərazisində konstitusiya quruluşunu bərpa etmək hüququnu inkar edə bilməzdi. Bununla da uzun illər davam edən separatizmə və xarici qüvvələrin bölgədə yaratdığı qeyri-qanuni vəziyyətə birdəfəlik son qoyuldu.
Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması suverenliyin tam bərpasının rəmzinə çevrildi. Dövlətimizin başçısının həmin ərazilərdə üçrəngli bayrağımızı ucaltması Azərbaycanın bütün torpaqlarının vahid dövlət hakimiyyəti altında birləşdiyini dünyaya nümayiş etdirdi. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad isə bu tarixi Qələbənin və dövlət qüdrətimizin təntənəsi oldu.
Suverenliyin tam bərpası ilə Azərbaycan tarixində yeni inkişaf mərhələsi başlandı. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, şəhər və kəndlərin yenidən salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması dövlət suverenliyinin insanların gündəlik həyatında yaratdığı real nəticələrdir. Bu torpaqlarda Azərbaycan qanunlarının tətbiq olunması, dövlət qurumlarının fəaliyyəti və vətəndaşların təhlükəsiz yaşayışının təmin edilməsi suverenliyin praktiki ifadəsidir.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam bu tarixi nailiyyətin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət etdi. Sərəncamla hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Sənəddə ərazi bütövlüyümüzün və suverenliyimizin qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edildiyi və xalqımızın milli sərvəti olduğu xüsusi vurğulanmışdır.
Dövlət Suverenliyi Günü xalqımızın uzun illər davam edən mübarizəsinin, sarsılmaz iradəsinin və tarixi Qələbəsinin ümumxalq təntənəsidir. Bu gün həm də Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir. Azərbaycanın tam suverenliyi onların qəhrəmanlığı, qazilərimizin fədakarlığı, Ordumuzun gücü və xalq-iqtidar birliyi sayəsində təmin edilmişdir.
Suverenlik yalnız torpaqlar üzərində hüquqi hakimiyyət deyil, dövlətin müstəqil daxili və xarici siyasət həyata keçirmək imkanını da ifadə edir. Bu gün Azərbaycan heç bir kənar qüvvənin təsiri altında olmadan milli maraqlarına əsaslanan siyasət yürüdür. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional təşəbbüslərin müəllifi və müstəqil mövqeyə malik güclü dövlət kimi tanınır.
Azərbaycanın müstəqil siyasəti onun iqtisadi gücünə, siyasi sabitliyinə, qüdrətli Ordusuna və xalqın dövlətə olan inamına əsaslanır. Enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq platformalarının yaradılması, ölkəmizin qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi dövlət suverenliyinin imkanlarından milli maraqlar naminə səmərəli istifadə olunduğunu göstərir.
Dövlət suverenliyinin qorunması hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət qoyur. Gənc nəslin milli dövlətçilik ruhunda tərbiyə olunması, tariximizin düzgün öyrənilməsi, şəhidlərin xatirəsinin yaşadılması və dövlət maraqlarının hər şeydən üstün tutulması suverenliyimizin gələcək təminatıdır. Tarixi Zəfər göstərdi ki, milli birlik mövcud olduqda Azərbaycan xalqının qarşısında dayanan heç bir qüvvə öz məqsədinə çata bilməz.
20 Sentyabr – Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün toxunulmazlığını və dövlətimizin bütün ölkə ərazisində hakimiyyətini tam həyata keçirdiyini ifadə edir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində qazanılmış tam suverenlik bundan sonra da ölkəmizin təhlükəsizliyinin, tərəqqisinin və beynəlxalq nüfuzunun əsas dayağı olacaqdır.

Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi

Digər xəbərlər