2023-cü il sentyabrın 20-si Azərbaycan dövlətçilik tarixinə ölkəmizin bütün ərazisində suveren hüquqlarının tam təmin olunduğu gün kimi daxil oldu. Həmin gün uzun illər Qarabağda mövcud olmuş separatizmə, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə və Azərbaycan dövlətinin konstitusiya quruluşuna qarşı yönəlmiş təhdidlərə birdəfəlik son qoyuldu. Beləliklə, 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər dövlət suverenliyinin tam bərpası ilə öz məntiqi yekununa çatdı.
Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirdi. Xarici havadarlarının siyasi və hərbi dəstəyindən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal etdi. İşğal nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salındı, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimiz vandalizmə məruz qaldı.
Ermənistan işğal etdiyi ərazilərdə qondarma separatçı rejim yaratmaqla Azərbaycan torpaqlarının ilhaqına nail olmağa çalışırdı. Lakin bu qanunsuz qurum dünyanın heç bir dövləti, o cümlədən Ermənistanın özü tərəfindən tanınmadı. Beynəlxalq ictimaiyyət Qarabağı daim Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu.
Buna baxmayaraq, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasını təmin etmədilər. Təxminən otuz il davam edən nəticəsiz danışıqlar işğalın aradan qaldırılmasına deyil, mövcud vəziyyətin qorunub saxlanılmasına xidmət edirdi. Ermənistan isə cəzasızlıq mühitindən istifadə edərək yeni ərazi iddiaları irəli sürür, hərbi təxribatlar törədir və danışıqlar prosesini məqsədli şəkildə pozurdu.
Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatların tribunalarında ölkəmizin prinsipial mövqeyini ardıcıl şəkildə ifadə etdi, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirdi və ərazi bütövlüyümüzün heç vaxt danışıqlar mövzusu olmayacağını bəyan etdi. Eyni zamanda, ölkənin iqtisadi qüdrətinin artırılması, müasir Ordu quruculuğu və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirildi.
2020-ci ilin sentyabrında Ermənistanın növbəti hərbi təxribatı Azərbaycan xalqının səbrini tükəndirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün ərzində düşmənin müdafiə sistemi darmadağın edildi, şəhər və kəndlərimiz işğaldan azad olundu. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı.
Vətən müharibəsinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. Lakin üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən tam çıxarılmadı. Qarabağda qanunsuz erməni silahlı birləşmələri saxlanıldı, onların silahlandırılması və maliyyələşdirilməsi davam etdirildi. Separatçı rejim Azərbaycanın suveren ərazisində öz qanunsuz fəaliyyətini davam etdirməyə çalışırdı.
Azərbaycan müharibədən sonra sülh və reinteqrasiya təşəbbüsləri irəli sürdü. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün dialoq təklif edildi. Ölkəmiz Ermənistana qarşılıqlı şəkildə ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan sülh müqaviləsinin imzalanması üçün beş baza prinsipi təqdim etdi. Lakin Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən Qarabağdakı separatçıları silahlandırmaqda və siyasi cəhətdən dəstəkləməkdə davam edirdi.
Ermənistandan Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrə silah-sursat və digər hərbi vasitələrin daşınması təhlükəsizlik üçün ciddi təhdid yaradırdı. Azərbaycan Laçın yolu vasitəsilə həyata keçirilən bu qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Həkəri çayı üzərində Laçın nəzarət-buraxılış məntəqəsi yaratdı. Bununla dövlət sərhədimizin həmin istiqamətdə də etibarlı mühafizəsi təmin edildi.
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüquqlarından irəli gələn qanuni addım idi. Bu məntəqə ölkə ərazisinə qanunsuz silah, mina və canlı qüvvənin daşınmasının qarşısını almağa xidmət edirdi. Ermənistan və separatçı rejim isə nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə mane olmağa, məsələni əsassız şəkildə humanitar problem kimi təqdim etməyə çalışırdı.
Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, qanunsuz erməni silahlı birləşmələri təxribatlarını davam etdirdi. Ərazilərimizdə yeni minalar basdırılır, Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur, mühəndis-istehkam işləri görülür və hərbi hazırlıqlar aparılırdı. 2023-cü il sentyabrın 19-da mina partlayışları nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin həlak olması vəziyyətin son dərəcə təhlükəli həddə çatdığını göstərdi.
Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini, konstitusiya quruluşunu və suveren hüquqlarını qorumaq üçün həmin gün lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın məqsədi qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycanın konstitusiya quruluşunun bərpa olunması idi.
Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdirdi. Yalnız legitim hərbi obyektlər, silah-sursat anbarları, döyüş mövqeləri və hərbi texnika hədəfə alındı. Mülki əhalinin və mülki infrastrukturun qorunması əsas vəzifələrdən biri kimi müəyyən edildi. Sakinlərə hərbi obyektlərdən uzaq durmaq barədə xəbərdarlıqlar edildi, onların təxliyəsi və təhlükəsizliyi üçün lazımi imkanlar yaradıldı.
Azərbaycan Ordusunun sürətli və dəqiq fəaliyyəti qarşı tərəfin müqavimət imkanlarını qısa müddətdə aradan qaldırdı. Cəmi 23 saatdan bir qədər artıq davam edən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr silahı yerə qoymağa məcbur oldular. Onların mövqelərdən çıxması, tərksilah edilməsi, hərbi texnika və silah-sursatın Azərbaycan tərəfinə təhvil verilməsi barədə razılıq əldə edildi.
2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirlərinin dayandırılması barədə razılaşmanın əldə olunması ilə Azərbaycan dövlətinin qarşıya qoyduğu bütün vəzifələr yerinə yetirildi. Qanunsuz silahlı birləşmələr təslim oldu, separatçı rejimin dayaqları aradan qaldırıldı və ölkəmizin konstitusiya quruluşunun bərpası təmin edildi. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini bütün ərazilərində tam həyata keçirməyə başladı.
Bu tarixi nəticə böyük hərbi əməliyyatın aparılmasına və uzunmüddətli qarşıdurmaya ehtiyac qalmadan əldə edildi. Azərbaycan Ordusunun peşəkarlığı, düzgün hərbi planlaşdırma və dövlət rəhbərliyinin qətiyyətli siyasi iradəsi əməliyyatın qısa müddətdə uğurla başa çatmasını təmin etdi. Lokal antiterror tədbirləri müasir hərb tarixində yüksək dəqiqlik və məhdud qüvvə ilə qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi nümunəsinə çevrildi.
Separatçı rejimin özünü buraxması ilə Qarabağda uzun illər davam edən qanunsuzluğa son qoyuldu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Dövlət qurumlarının fəaliyyəti təşkil edildi, ərazilərdə Azərbaycanın qanunvericiliyinin tətbiqinə və normal həyatın bərpasına başlanıldı.
Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağını ucaltması suverenliyin tam bərpasının ən qüdrətli rəmzinə çevrildi. Dövlətimizin başçısının həmin gün Xocalı, Xocavənd və Ağdərədə də üçrəngli bayrağımızı ucaltması Azərbaycanın bütün ərazilərinə sahib olduğunu və bu torpaqlarda dövlət hakimiyyətinin dönməz şəkildə təmin edildiyini göstərdi.
Suverenliyin tam bərpasından sonra bölgədə genişmiqyaslı quruculuq və reinteqrasiya mərhələsi başlandı. Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başladı, yeni məktəblər, sosial obyektlər, istehsal müəssisələri və ictimai məkanlar yaradıldı. Xocalı, Xocavənd və Ağdərənin şəhər, qəsəbə və kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi. Uzun illər separatizmin hökm sürdüyü ərazilərdə bu gün dinc həyat qurulur.
Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə bir il əvvəl qəhrəman Azərbaycan Ordusunun dövlət suverenliyini tam bərpa etdiyini bildirmişdir. Dövlətimizin başçısı bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatizmin kökünün kəsildiyini, beynəlxalq hüququn zəfər çaldığını və Azərbaycanın öz gücünü bir daha göstərdiyini vurğulamışdır.
20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu tarixi nailiyyətin əbədiləşdirilməsinə xidmət edir. Bu gün yalnız lokal antiterror tədbirlərinin başa çatdığı tarix deyil, uzun illər davam edən milli mübarizənin məntiqi yekunudur. Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun sarsılmazlığını ifadə edir.
20 Sentyabr həm də şəhidlərimizin müqəddəs xatirəsinin ehtiramla yad edildiyi gündür. Dövlət suverenliyinin tam bərpası Vətən uğrunda canından keçmiş qəhrəmanların fədakarlığı, qazilərimizin şücaəti və Azərbaycan Ordusunun rəşadəti hesabına mümkün olmuşdur. Onların göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.
Azərbaycanın qazandığı bu tarixi nailiyyət xalq, dövlət və Ordunun birliyinin gücünü bir daha sübut etdi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Silahlı Qüvvələrimizin peşəkarlığı və xalqımızın dövlət başçısının siyasətinə sarsılmaz dəstəyi qarşıya qoyulmuş milli vəzifənin tam yerinə yetirilməsini təmin etdi.
20 Sentyabr Azərbaycan dövlətinin bütün əraziləri üzərində suveren hakimiyyətini bərqərar etdiyi, separatizmin kökünün kəsildiyi və tarixi ədalətin tam təmin olunduğu gündür. Bu tarix bundan sonra da xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd ediləcək, müstəqil və qüdrətli Azərbaycanın dövlətçilik salnaməsində əbədi yaşayacaqdır.
Gülər Mirzəyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü,
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi