Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə müəyyən bir tarixi ifadə etmir, bütöv bir xalqın milli yaddaşında, dövlətçilik salnaməsində və gələcək nəsillərin tarixə baxışında xüsusi yer tutur. 20 Sentyabr – Dövlət Suverenliyi Günü də məhz belə əlamətdar tarixlərdəndir. 20 sentyabr Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasını, Azərbaycan Konstitusiyasının və dövlət qanunlarının ölkənin bütün ərazisində təmin edilməsini simvolizə edən mühüm tarixi gündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Bu qərar Azərbaycan xalqının uzun illər davam edən mübarizəsinin, dövlətçilik iradəsinin və ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş tarixi nəticələrin hüquqi və siyasi əhəmiyyətinin ifadəsidir. Suverenlik hər bir dövlətin müstəqilliyinin ən mühüm göstəricilərindən biridir. Dövlət suverenliyi ölkənin öz ərazisində ali hakimiyyətə malik olması, qanunlarının bütün ərazidə qüvvədə olması, dövlət sərhədlərinin və milli maraqlarının qorunması deməkdir. Azərbaycan xalqı müstəqil və suveren dövlət qurmaq ideyasını tarix boyu yaşadıb. Müxtəlif tarixi dövrlərdə xarici müdaxilələrə, işğallara və ağır sınaqlara baxmayaraq, xalqımız öz milli kimliyini, dövlətçilik ənənələrini və azadlıq iradəsini qoruyub saxlayıb.
XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya çox ciddi vəzifələr çıxmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal olunmuş, yüz minlərlə insan doğma yurdlarından məcburi köçkün düşmüşdü. Azərbaycan ərazilərinin işğal altında qalması dövlət suverenliyinin ölkənin bütün ərazisində tam şəkildə həyata keçirilməsinə mane olurdu. Bu vəziyyət uzun illər davam etsə də, Azərbaycan xalqı öz torpaqlarını azad etmək və ərazi bütövlüyünü bərpa etmək əzmini itirmədi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası bir günün işi deyildi. Bu tarixi nəticənin arxasında uzun illər ərzində aparılmış dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, diplomatik fəaliyyət və milli həmrəylik dayanırdı.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi, Azərbaycanın iqtisadi və siyasi potensialının gücləndirilməsi dövlətin gələcək uğurları üçün mühüm əsaslar yaratdı.
Müstəqil Azərbaycanın inkişafında güclü iqtisadiyyatın yaradılması, dövlət institutlarının möhkəmləndirilməsi və müasir ordu quruculuğuna xüsusi diqqət yetirilməsi sonrakı tarixi hadisələr baxımından mühüm əhəmiyyət daşıdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən birinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu böyük hərbi Zəfər qazandı və işğal altında olan ərazilərimizin mühüm hissəsi azad edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün bərpasına nail oldu.
2020-ci ilin Zəfəri Azərbaycan xalqında böyük qürur hissi yaratdı. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı tariximizin şərəfli səhifəsinə çevrildi.
Lakin dövlət suverenliyinin tam bərpası üçün qarşıda hələ mühüm vəzifələr dayanırdı. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək ərazilərimizdən çıxarılması, həmçinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat cəmi 23 saat davam etdi. Sentyabrın 20-də Azərbaycan qarşısına qoyduğu əsas vəzifələrə nail oldu və ölkənin bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır. Bu mənzərə xalqımızın uzun illər boyu arzuladığı tarixi reallığın təcəssümüdür.
20 Sentyabr bizə bir daha xatırladır ki, dövlətçilik böyük məsuliyyətdir. Suverenliyimizi qorumaq, müstəqilliyimizi möhkəmləndirmək, şəhidlərimizin müqəddəs xatirəsini daim yaşatmaq və gələcək nəsillərə güclü Azərbaycan dövlətini əmanət etmək hər birimizin borcudur.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini