PDF Oxu

Siyasət

  • 552

Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq - ŞƏRH

image

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirildiyini qeyd edən cənab İlham Əliyev vurğuladı ki, bu, özlüyündə böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlarımız bu konfransda iştirak edirlər: “Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır. Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk dünyasının, həmçinin İslam aləminin birliyinə verdiyi töhfələrdən də bəhs etdi. “Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir” söyləyərək onu da əlavə etdi ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Gələn il Azərbaycanda keçiriləcək Zirvə Görüşünün çox gözəl nəticələri olacağına əminliyini ifadə edən dövlətimizin başçısı vurğuladı ki, bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik.

Görüşdə diqqət göstərilən əsas məsələlərdən biri 30 illik işğal dövrünün reallıqları oldu. Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır. 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu. Xalqımız bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir.

Prezident İlham Əliyev Azərbaycanın sülh təcrübəsindən geniş bəhs etdi. Bir ildən artıqdır sülh şəraitində yaşayırıq. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq xalqımıza qarşı törədilən vəhşilikləri, Xocalı qurbanlarını, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq. Ona görə hərbi vətənpərvərlik tərbiyəsi bu gün Azərbaycanda çox geniş vüsət alıb.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər