Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və onu davamlı inkişaf etdirmək ən böyük milli nailiyyətlərdən biridir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində də müstəqillik və suverenlik ideyası hər zaman mühüm yer tutub. Tarixin müxtəlif mərhələlərində üzləşdiyimiz işğal, məhrumiyyət və sınaqlara baxmayaraq, heç bir qüvvə xalqımızın azadlıq və dövlətçilik əzmini sarsıda bilməyib.
Bu gün Azərbaycan öz müstəqil dövlətinə sahibdir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik ənənələrinin və uzunmüddətli mübarizəsinin nəticəsidir. Məhz buna görə dövlət suverenliyi yalnız hüquqi və siyasi anlayış deyil, həm də xalqımız üçün böyük mənəvi və milli dəyərdir.
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi də bu tarixi reallığın xüsusi dövlət səviyyəsində ifadəsidir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında qeyd olunduğu kimi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli sərvətidir.
Bu günün 20 sentyabr tarixində qeyd edilməsi isə təsadüfi deyil. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ölkəmizin suverenliyinin tam bərpası istiqamətində həlledici mərhələ oldu. Sentyabrın 19-da başlayan və bir gündən az davam edən əməliyyat nəticəsində Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması istiqamətində mühüm nəticə əldə edildi.
Bu tarixi hadisəyə gedən yol isə uzun və mürəkkəb proseslərdən keçib. Azərbaycan xalqının ümummilli iradəsi, dövlətin siyasi və iqtisadi potensialının gücləndirilməsi, milli ordunun formalaşdırılması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ərazi bütövlüyünün bərpası üçün möhkəm zəmin yaratdı.
2020-ci ildə Vətən müharibəsində əldə edilən Böyük Zəfər bu tarixi yolun mühüm mərhələsi oldu. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbə nəticəsində uzun illər işğal altında qalan ərazilərimizin böyük hissəsi azad edildi. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni reallıq yarandı.
Lakin qarşıda dövlət suverenliyinin tam təmin edilməsi kimi mühüm vəzifə dayanırdı. Bu istiqamətdə atılan addımlardan biri də 2023-cü ilin aprelində Laçın yolunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın öz sərhədləri üzərində nəzarətini təmin etmək və dövlət suverenliyini möhkəmləndirmək istiqamətində mühüm hadisə kimi tarixə düşdü.
2023-cü ilin sentyabrında isə proses öz məntiqi nəticəsinə çatdı. Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinə və konstitusiya quruluşuna qarşı olan separatçı qüvvələrin fəaliyyətinə son qoyuldu. Bununla Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün əsas maneələr aradan qaldırıldı.
“Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsi artıq yalnız siyasi iradənin deyil, həm də Azərbaycanın dəyişməz mövqeyinin rəmzinə çevrilmişdi. 2023-cü ilin hadisələri bu siyasi mesajın praktik müstəvidə reallaşmasını təmin etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə dövlətçilik tarixinin mühüm səhifəsini yazdı.
Prezident İlham Əliyevin 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə qeyd etdiyi kimi, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. Bu hadisə həm Azərbaycan dövlətçiliyinin gücünü, həm də beynəlxalq hüququn prinsiplərinin ölkəmizin ərazi bütövlüyü kontekstində təmin olunmasını nümayiş etdirdi.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Böyük Qayıdış prosesinin əsas istiqamətlərindəndir. Beləliklə, hərbi-siyasi qələbə quruculuq və inkişaf mərhələsi ilə tamamlanır.
Dövlət Suverenliyi Günü Azərbaycan dövlətinin mövcudluğunun, müstəqilliyinin və institusional davamlılığının əsasını təşkil edən dəyərlərin təcəssümüdür. Bu gün xalqımız üçün həm tarixi yaddaş, həm də gələcək nəsillərə ötürüləcək dövlətçilik mirası baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın suverenliyinin tam bərpası göstərdi ki, milli iradə, dövlətçilik əzmi və məqsədyönlü siyasət tarixin mürəkkəb sınaqları qarşısında mühüm nəticələr əldə etməyə imkan verir. Bu tarixi yol xalqımızın müstəqil dövlət qurmaq və onu qorumaq əzminin ifadəsidir.
Bu gün Azərbaycanın üçrəngli bayrağının ölkəmizin bütün ərazisində dalğalanması xalqımızın yaddaşında xüsusi yer tutan tarixi həqiqətin rəmzidir. Dövlət Suverenliyi Günü isə həmin tarixi yolun, milli həmrəyliyin və dövlətçilik ənənələrinin təntənəsi kimi qeyd olunur.
Azərbaycan xalqının milli sərvəti olan dövlət suverenliyi bundan sonra da ölkəmizin müstəqil inkişafının, təhlükəsizliyinin və gələcək nəsillərin firavanlığının mühüm təminatlarından biri olaraq qalacaq. 20 Sentyabr – Dövlət Suverenliyi Günü isə bu həqiqəti bir daha xatırladan əlamətdar tarixdir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı