PDF Oxu

Siyasət

  • 502

Birlik, həmrəylik və ortaq dəyərlər - Bakıdan verilən mühüm mesajlar - ŞƏRH

image

Azərbaycanın müasir dövlətçilik tarixi daxili sabitliyin, hərbi qüdrətin və milli həmrəyliyin vəhdəti üzərində bərqərar olunmuşdur. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın suverenliyini tam şəkildə təmin etmişdir. Bu tarixi uğurun təməlində isə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etməsi, siyasi baxışlarından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq "Dəmir Yumruq" kimi sıx həmrəylik nümayiş etdirməsi dayanır. Bu parlaq qələbə daxili sabitliyimizi sarsılmaz etmiş, dövlətimizin regional və qlobal miqyasdakı nüfuzunu ən yüksək zirvəyə qaldırmışdır. Məhz bu tarixi Zəfərdən sonra Azərbaycanın regional sülhün və mənəvi birliyin mərkəzinə çevrilməsi beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə geniş zəmin yaratmışdır.

Bu baxımdan, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, dahi mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçıları ilə görüşdə qeyd etdiyi kimi, Seyid Yəhya Bakuvi kimi dahi şair və mütəfəkkirlərimizin mənəvi irsinin yenidən işıqlandırılması Türk-İslam coğrafiyasında mədəni-dini köklərimizin nə qədər dərin olduğunu bir daha göstərir. Bu toplantılar yalnız dini-mənəvi dəyərlərin dirçəldilməsi deyil, eyni zamanda Türk dövlətləri arasında ortaq strateji hədəflərin, birliyin və qarşılıqlı etimadın dərinləşməsi üçün mühüm platformadır.

Bu dəyərlərin qorunması və Türk-İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rolu müstəsna əhəmiyyət kəsb edir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik olan görkəmli şəxsiyyətdir. Onun dinlərarası dialoq, sülh və xalqlararası həmrəylik istiqamətindəki çoxşaxəli fəaliyyəti regionda sabitliyin qorunmasına böyük töhfə verir. Məhz bu mənəvi-siyasi fəaliyyətin və dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkilinin məntiqi nəticəsi olaraq gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Sammitinin keçiriləcəyi diqqətə çatdırılmış və bu görüşün İslam dünyasında birliyin gücləndirilməsinə töhfə verəcəyi vurğulanmış, Azərbaycanın milli-mənəvi dəyərlərə sadiqliyi, həmçinin beynəlxalq müstəvidə müsəlman dünyasına qarşı yönələn islamofobiya tendensiyaları, dini dəyərlərə (o cümlədən müqəddəs "Qurani-Kərim"ə) hörmətsizliyə qarşı prinsipial mövqeyi bir daha diqqətə çatdırılmışdır.

Lakin Azərbaycanın regional sülhə, mənəvi həmrəyliyə və beynəlxalq hüququn bərpasına yönəlmiş bu siyasəti bəzi Qərb dairələri, xüsusilə Avropa Parlamenti tərəfindən narahatlıq hissi ilə qarşılanır. İllərlə torpaqlarımızın işğalına, xalqımızın çəkdiyi əziyyətlərə və dini-mənəvi irsimizin talan edilməsinə göz yuman bu təsisat bu gün Azərbaycana qarşı tamamilə qərəzli, həqiqətdən uzaq və saxta ittihamlardan ibarət qətnamələr qəbul edir. Siyasi reallıqlar və son illərdə ortaya çıxan faktlar açıq-aşkar göstərir ki, Avropa Parlamenti obyektivlikdən və hüquqi prinsiplərdən uzaqlaşaraq rüşvətxorlar yuvasına və korrupsiyaya bulaşmış anti-Azərbaycan lobbi şəbəkələrinin mərkəzinə çevrilmişdir.

Bütün bu təzyiqlərə, ikili standartlara və siyasi manipulyasiyalara baxmayaraq, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və ədalətin əsas təminatçısı kimi öz strateji xəttini qətiyyətlə davam etdirir. Dövlətimizin yürütdüyü müstəqil siyasət Türk dünyası ilə inteqrasiyanın dərinləşməsinə və milli birliyin möhkəmlənməsinə xidmət edir. Məhz bu prinsipial mövqe və real güc amili Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunmasını təmin edir.

Aygül Xəlilova

Naxçıvan Heydər Əliyev Muzeyinin əməkdaşı,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər