Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir hadisə ilə məhdudlaşmır. Belə tarixlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin dünyagörüşünə əbədi həkk olunur. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də məhz bu cür əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan xalqının tarixi ədalətin bərpasına, milli iradənin təntənəsinə və dövlət suverenliyinin tam təmin olunmasına gedən yolunun mühüm səhifəsini özündə əks etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazisində tam bərpa etməsinin tarixi əhəmiyyətini bir daha nümayiş etdirir.
Qarabağ məsələsi uzun illər Azərbaycan xalqının ən ağrılı problemlərindən biri olub. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal edilməsi, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərimizin dağıdılması xalqımızın yaddaşında dərin izlər buraxıb. Xocalı faciəsi isə bu ağrılı tarixin ən dəhşətli səhifələrindən biri kimi yaddaşlarda yaşayır.
Lakin Azərbaycan xalqı heç vaxt öz tarixi torpaqlarına qayıdacağına və ərazi bütövlüyünü bərpa edəcəyinə olan inamını itirməyib. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, onun müəyyən etdiyi siyasi kurs və milli maraqların qorunmasına əsaslanan strategiya Azərbaycanın gələcək Zəfərləri üçün möhkəm zəmin yaradıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmizin iqtisadi və hərbi qüdrəti artırılıb, beynəlxalq mövqeləri möhkəmləndirilib. 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilib.
Bu Zəfər 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə tamamlanıb. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinin sentyabrın 20-də başa çatması ölkəmizin müasir tarixində mühüm dönüş nöqtəsi olub. Bu hadisə Azərbaycan dövlətinin öz ərazisində konstitusiya quruluşunu tam təmin etdiyini nümayiş etdirib.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycan dövlətinin nəzarətinə qayıtması tarixi ədalətin bərpası ilə yanaşı, bu ərazilərin gələcək inkişafı üçün də yeni mərhələ yaradıb. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin həmin şəhərlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması xalqımızın milli arzularının gerçəkləşməsinin rəmzinə çevrilib.
Bu gün Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, əhalinin doğma yurdlarına qayıdışı təmin olunur. Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın tarixi, mədəni və dövlətçilik salnaməsində xüsusi yer tutur. Bu şəhərlərin azadlığı yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də milli-mədəni irsin qorunması, tarixi yaddaşın yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizin qəhrəmanlığına minnətdarlığın və xalqımızın milli həmrəyliyinin ifadəsidir. Bu tarix bizə bir daha göstərir ki, güclü dövlət, milli birlik və dövlətçilik əzmi qarşıya qoyulan ən mühüm məqsədlərin reallaşdırılmasında həlledici amillərdir.
Bu əlamətdar gün Azərbaycanın tarixi Zəfərinin, dövlət suverenliyinin və Qarabağın yenidən doğuluşunun rəmzi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onların adı ölkəmizin tarixində, mədəniyyətində və dövlətçilik salnaməsində daim yaşayacaq.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri