PDF Oxu

Siyasət

  • 479

Tarixi Zəfərdən əbədi suverenliyə - ŞƏRH

image

Hər bir xalqın ən böyük arzusu öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və gələcək nəsillər üçün möhkəm dövlətçilik irsi yaratmaqdır. Azərbaycan xalqı da tarix boyu bu ali məqsəd uğrunda mübarizə aparıb, milli iradəsini və dövlətçilik əzmini qoruyub saxlayıb. Tarixin müxtəlif mərhələlərində üzləşdiyimiz çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik ruhunu sarsıda bilməyib.

Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi ölkəmizin müasir tarixində mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün hər il 20 sentyabrda qeyd olunur. Dövlət Suverenliyi Günü xalqımızın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə olan bağlılığını ifadə edir.

Azərbaycanın dövlətçilik tarixində 2020-ci il Vətən müharibəsi xüsusi yer tutur. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazandı. İşğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi addım atıldı.

Bu Qələbə xalqımızın həmrəyliyinin, ordumuzun gücünün və dövlətimizin siyasi iradəsinin təntənəsi oldu. Vətən müharibəsində şəhidlərimizin qanı ilə yazılan Zəfər salnaməsi milli yaddaşımızda əbədi yaşayacaq, gənc nəsillər üçün vətənpərvərlik və dövlətçilik nümunəsi olacaqdır.

2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin bütün ərazisində dövlət hakimiyyətinin bərpası təmin edildi. Bu tarixi hadisə Azərbaycanın müstəqil dövlət kimi hüquqi və siyasi iradəsinin təntənəsi olmaqla yanaşı, ərazi bütövlüyü və suverenliyimizin təmin olunması yolunda mühüm mərhələ oldu.

Dövlət suverenliyinin tam bərpası Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin mühüm hadisələrindən biridir. Bu nailiyyət xalqımızın milli iradəsinin, qəhrəman əsgər və zabitlərimizin şücaətinin, şəhidlərimizin fədakarlığının və dövlətimizin məqsədyönlü siyasətinin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi və hərbi qüdrətinin artmasına, milli maraqlarının qorunmasına xidmət edir. Bu gün Azərbaycan öz suverenliyini təmin etmiş, gələcəyə inamla addımlayan və regional inkişaf proseslərində fəal rol oynayan müstəqil dövlətdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizə, Konstitusiyamızın əsas prinsiplərinə və suverenliyimizin əhəmiyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Bu il çərçivəsində keçirilən tədbirlər, maarifləndirici layihələr və ictimai təşəbbüslər dövlətçilik dəyərlərinin təbliğinə, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsinə və Azərbaycanın müstəqillik tarixinin daha dərindən öyrənilməsinə mühüm töhfə verir.

20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın milli qürur, birlik və həmrəylik günüdür. Bu əlamətdar tarix bizə xatırladır ki, müstəqil dövlətimizin ən böyük gücü xalqımızın birliyi, dövlətimizə olan inamı və milli iradəsidir.

Bu gün Azərbaycan xalqı ərazi bütövlüyü və dövlət suverenliyi təmin olunmuş ölkənin vətəndaşları kimi gələcəyə nikbinliklə baxır. Dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması hər bir vətəndaşın müqəddəs borcudur. Bu dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürmək isə hamımızın ümumi məsuliyyətidir.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər