Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional
Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir Əhməd Cavad adına
Mədəniyyət Mərkəzində 18 sentyabr Milli Musiqi Günü münasibətilə tədbir
keçirilib
Tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir
Güvəndiyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur
Abdullayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra
edən Səbuhi Xasməmmədov, digər rəsmi qonaqlar, mədəniyyət müəssisələrinin
rəhbərləri, ictimaiyyət nümayəndələri, musiqi məktəbinin müəllim və şagirdləri,
eləcə də valideynlər iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına,
Azərbaycan musiqi mədəniyyətinin inkişaf tarixinə həsr olunmuş sərgi ilə tanış
olublar.
Çıxışlarda Azərbaycan milli musiqisinin zəngin tarixi, milli musiqi irsinin
qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan
professional musiqisinin formalaşması və inkişafında dahi bəstəkar Üzeyir
Hacıbəylinin müstəsna xidmətləri qeyd olunub.
Daha sonra Şəmkir Mədəniyyət Mərkəzinin və Şəmkir şəhər Uşaq Musiqi
Məktəbinin şagird və müəllimlərinin ifasında Üzeyir Hacıbəylinin yaradıcılığından
nümunələr səsləndirilib.
Tədbirin sonunda Milli Musiqi Günü münasibətilə rayonda milli musiqimizin
təbliğində xidmətləri olan şəxslərə YAP Şəmkir rayon təşkilatının və Şəmkir
Rayon İcra Hakimiyyəti Təşəkkürnamələri təqdim olunub.