Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını 10 gün müddətində təmin etsin, Bu Sərəncamın 1-ci hissəsində qeyd olunan işçi qrupu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etsin. Ölkə Prezidenti bundan başqa Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb. Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhərinin Qaradağ rayonu İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün 1,0 (bir) milyon manat və 110 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün 1,0 (bir) milyon manat; Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün 2,0 (iki) milyon manat və 800 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.