PDF Oxu

Siyasət

  • 1 673

20 Sentyabr – dövlət suverenliyimizin tarixi günü

image

20 Sentyabr Azərbaycan dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Bu tarix 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə əlamətdar olub. Uzun illər ölkəmizin ərazi bütövlüyünün pozulması və torpaqlarımızın işğal altında qalması dövlət suverenliyinin bütün ərazilərdə həyata keçirilməsinə imkan vermirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi Zəfər bu istiqamətdə həlledici dönüş yaratdı. Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi və bununla ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ təmin olundu. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi, dövlətin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu siyasəti və hərbçilərimizin misilsiz qəhrəmanlığı bu Zəfərin əsas amilləri sırasında idi. Lakin 2020-ci ildən sonra qarşıda Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin edilməsi vəzifəsi qalırdı. 2023-cü il sentyabrın 19-da Qarabağda baş verən genişmiqyaslı təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və əməliyyat sentyabrın 20-də başa çatdı. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında da qeyd edildiyi kimi, məhz bu əməliyyatın nəticəsində ölkəmizin dövlət suverenliyi tam bərpa edildi və 20 Sentyabr Dövlət Suverenliyi Günü elan olundu.

Bu tarixi nəticə yalnız bir hərbi əməliyyatın yekunu deyil, Azərbaycan dövlətinin uzunmüddətli və ardıcıl siyasətinin nəticəsi kimi də qiymətləndirilir. Prezident İlham Əliyev müxtəlif illərdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Ölkənin iqtisadi və müdafiə imkanlarının gücləndirilməsi, Azərbaycan Ordusunun müasir standartlar əsasında yenidən qurulması, hərbi qulluqçuların döyüş hazırlığının artırılması və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin ardıcıl müdafiəsi bu siyasətin mühüm istiqamətlərini təşkil edib. 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi hərbi uğurlar bu hazırlığın real nəticələrini ortaya qoydu. 2023-cü ilin sentyabrında isə ordu qarşısında duran vəzifələr qısa müddətdə yerinə yetirildi. Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Xankəndidə çıxışı zamanı Azərbaycan Ordusunun dövlət suverenliyini tam bərpa etdiyini vurğulayıb və həmin günü Azərbaycan tarixinin əlamətdar səhifələrindən biri kimi qiymətləndirib.

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər