PDF Oxu

Siyasət

  • 816

Antiterror əməliyyatı: 44 günü tamamlayan 24 saat

image

2020-ci il noyabrın 10-da 44 günlük Vətən müharibəsi üçtərəfli bəyanatın imzalanması ilə başa çatanda, xalq Qarabağın işğaldan azad olunmasını toy-bayram edəndə bəzi qüvvələr ölkə başçısının rəhbərliyi altında milli ordumuzun zabit və əsgərlərinin qəhrəmanlığı ilə əldə olunan Zəfəri ismin altı halının hər birində hallandırmaqla narazı qaldıqlarını bildirdi, böyük qələbəyə kölgə salmağa çalışdılar. Hansı ki, onlar hər zaman narazıdırlar. Razı qalacaqları gün nə vaxt olacaq, bu da məlum deyil.

Zəfər günündən etibarən yeni mövzu atdılar meydana: bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran? Bunlar qaldı axı. Hansı Zəfərdən danışırsınız? Nə üçün müharibə yarımçıq dayandı? Bu necə müharibədir? Bu söz-söhbət o zaman danışılırdı ki, hələ Laçın, Kəlbəcər, Ağdam qarşıdakı mərhələdə qaytarılacaqdı. Və buna da həmin dairələrin nümayəndələri tərəfindən böyük inamsızlıq vardı.

Lakin düşməni 44 gün ərzində tamamilə çökdürmüşdük. Elə bu səbəbdən də ağ bayraq qaldırıb təslim olduğunu bildirmişdi. Laçın, Kəlbəcər və Ağdamın boşaldılması üçün vaxt istəmişdi. Azərbaycan dövləti isə bütün dünyaya humanistliyini nümayiş etdirərək qonşu düşmən dövlətə bütün bu olanlardan, yaşananlardan sonra yenə də insanpərvərliklə yanaşdı və onlara torpaqlarımızdan çıxmaq üçün zaman verdi.

Düşmən 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını tərk etdi, torpaqlarımızı geri qaytardı. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun böyük bir hissəsi işğaldan azad edildi. Və həmin torpaqlarda dərhal bərpa işlərinə başlandı ki, 30 il yurd-yuvasından məcburi şəkildə köçkün düşən soydaşlarımız torpaqlarına qayıda bilsin, bir qərinəyə yaxın dövrün hicranının vüsal anı yetişsin.

Bir məsələni-“status-kvo”nun cəhənnəmə getdiyini anlamaq bu qədərmi çətin idi, yoxsa buna inamsızlıqdan doğurdu həmin söz-söhbət? Axı “Dağlıq Qarabağ Muxtar Vilayəti” artıq yox idi, dövlətimizin başçısı bunu ləğv etmişdi. Deməli, bu pərdə arxasında gizlənənlərin xülyaları da darmadağın edilmişdi. Qalırdı bircə onların Azərbaycan qanunlarına tabe olmaları-Azərbaycan torpaqlarında bu qanunlar çərçivəsində yaşamaları. Buna isə təbii ki, torpaqlarımızı qurd kimi basmış separatçı-terror qruplaşmaları imkan vermirdi. Onlar yeni münaqişələr yaratmaqla bizim torpağımızda at oynatmaq meyilində idilər.

3 il idi ki, müharibə bitsə də, problemlər davam edirdi: minalanmış ərazilərin xəritəsi verilmirdi, atəşkəs pozulurdu, Qarabağ və Şərqi Zəngəzurda tez-tez terror hadisələri törədilirdi.

Həm 44 günlük İkinci Vətən müharibəsi, həm 2020-ci ildən Qarabğda və Şərqi Zəngəzurda həyata keçirilən böyükmiqyaslı quruculuq işləri, məcburi köşkünlərimizin artıq bir qisminin ata-baba yurdlarına geri dönməsi, həm də 2023-cü ildə həyata keçirilən 23 saatlıq antiterror tədbirləri ötən 20 ildən artıq zamanın təntənəsidir. Ölkəmizin hərtərəfli inkişafını təsdiq edən Zəfərdir. Bu illərdə iqtisadi gücümüzün artmasının, dünyada tanınmağımızın, milli ordumuzu yaratmağımızın, dövlət-xalq birliyininə nail olmağımızın, milli vətənpərvər ruhlu gənclərin yetişdirilməsinin, onların torpaq sevgisi ilə böyüdülməsinin, ümumilikdə torpaqlarımızı azad etməyə qadir olduğumuzu və bunu bütün dünya qarşısında nümayiş etdirə bildiyimizin təntənəsidir.

2023-cü ilin 15 oktyabrda dövlətimizin başçısının Qarabağın digər bölgələrində də Azərbaycan bayrağını qaldırması 20 illik yekun dəyərində idi. Prezident cənab İlham Əliyevin Xankəndidəki çıxışında vurğuladığı kimi: Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır...

Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

24 saat 44 günlük müharibənin son nöqtəsi oldu. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə erməni silahlı birləşmələrindən xilas edildi. Beləliklə, suverünliyimiz bərpa olundu. Hər zaman qürur duyduğumuz Zəfərimiz və onun bizə bəxş etdiyi Suverenliyimiz.

Mətanət Məmmədova

Digər xəbərlər