20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, ölkənin müasir dövlətçilik tarixinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasının zirvə nöqtəsidir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün, sadəcə təqvimdəki bir bayram deyil, Azərbaycan xalqının onilliklər boyu davam edən mübarizəsinin məntiqi və hüquqi yekunudur.
2023-cü il sentyabrın 19–20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri cəmi 24 saat ərzində başa çatdı. Bu əməliyyat nəticəsində xunta süquta uğradıldı, Qarabağda fəaliyyət göstərən qanunsuz erməni hərbi birləşmələri tərk-silah edildi, separatçı rejimin mövcudluğuna son qoyuldu. Azərbaycan Respublikasının Konstitusiyası və suveren hüquqları ölkənin bütün ərazisində — Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə tam bərpa olundu. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan, 20 Sentyabr antiterror tədbirləri ilə öz suverenliyini tam və qəti şəkildə rəsmiləşdirdi.
Azərbaycanın müasir tarixində iki 20 Sentyabr tarixi bir-birini tamamlayan strateji halqalar kimi çıxış edir:
20 Sentyabr 1994 – "Əsrin Müqaviləsi": Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanan neft sazişi Azərbaycanın iqtisadi müstəqilliyinin, beynəlxalq mövqelərinin və maliyyə qüdrətinin təməlini qoydu.
20 Sentyabr 2023 – dövlət suverenliyinin brpası: Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan hərbi-siyasi Zəfər "Əsrin müqaviləsi" ilə qazanılan iqtisadi gücün mütləq siyasi və ərazi suverenliyinə çevrilməsinin təzahürü oldu.
Beynəlxalq hüquq və ikili standartlara sərt cavab
Dövlət Suverenliyi Günü həm də beynəlxalq münasibətlər sistemindəki ikili standartlara qarşı vurulmuş ən kəskin zərbədir. 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalması, bəzi Qərb mərkəzlərinin işğala göz yumması fonunda Azərbaycan beynəlxalq hüququn aliliyini öz gücü ilə təmin etdi.
BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan özünümüdafiə və suverenliyini qorumaq hüququndan istifadə edərək legitim hərbi əməliyyat keçirdi. Əməliyyat zamanı yalnız qanunsuz hərbi hədəflər sıradan çıxarıldı, mülki infrastruktur və dinc əhali zərər görmədi. Bu, Azərbaycan Ordusunun yüksək peşəkarlığını və mənəvi aliliyini nümayiş etdirdi.
Suverenliyin tam bərpası Azərbaycan üçün yeni bir tarixi mərhələnin - "post-münaqişə dövrü"nün qapılarını açdı. Xankəndi daxil olmaqla, işğaldan azad edilmiş bütün şəhər və kəndlərdə nəhəng bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdır.
Azərbaycan regionda sülhün, təhlükəsizliyin və nəqliyyat-logistika dəhlizlərinin (Orta Dəhliz, Zəngəzur dəhlizi) əsas təminatçısına çevrilib. 20 Sentyabr Azərbaycan xalqının milli birliyini, dövlətə və ordutəfəkkürünə olan inamını ən yüksək zirvəyə qaldırdı.
20 Sentyabr – Dövlət Suverenliyi Günü, Azərbaycanın 200 ildən artıq bir dövr ərzində parçalanmış, torpaqları qəsb edilmiş və suverenliyi məhdudlaşdırılmış taleyinə vurulan son nöqtədir. Bu gün Azərbaycan Respublikası öz bayrağının ölkənin hər bir qarışında qürurla dalğalandığı, tam müstəqil, suveren və regional güc mərkəzi olan bir dövlət kimi gələcəyə inamla addımlayır.
Aydın Hüseynov, millət vəkili