20 sentyabr Azərbaycan xalqının müasir tarixində mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycanın dövlət suverenliyi altında birləşməsinin, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasının və Qarabağda yeni inkişaf mərhələsinin başlanmasının rəmzi kimi qeyd edilir.
Azərbaycan dövləti uzun illər ərzində beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə etmiş, ölkənin suveren hüquqlarının bərpası istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa olundu. Bununla da Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının dövlət hakimiyyəti tam təmin edildi.
Bu gün həmin şəhərlərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. İnfrastruktur layihələri həyata keçirilir, yaşayış məntəqələri yenilənir, sosial obyektlər tikilir və Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün əlverişli şərait yaradılır. Qarabağın hər bir guşəsində olduğu kimi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də yeni həyat qurulur.
20 Sentyabr həm də milli birliyin, xalq-dövlət həmrəyliyinin və müstəqil Azərbaycanın gücünün təcəssümüdür. Bu tarix ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, tarixi ədalətin bərpası və gələcək nəsillərə güclü dövlət mirasının ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan xalqı qürur hissi ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Gününü qeyd edir, Qarabağın dirçəlişinə və inkişafına öz töhfəsini verməyə davam edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri ölkəmizin gələcək inkişafının, sabitliyinin və rifahının mühüm təminatlarından biridir.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının əməkdaşı