PDF Oxu

Siyasət

  • 565

Bakıda Türk dünyasının dini-mənəvi həmrəyliyi - ŞƏRH

image

2026-cı ilin sentyabrında Bakı Türk dünyasının dini, mənəvi və elmi əməkdaşlığının müzakirə edildiyi mühüm beynəlxalq platformalardan birinə çevrildi. Sentyabrın 14–15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşünün keçirilməsi və bu tədbir çərçivəsində görkəmli Azərbaycan mütəfəkkiri Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki konfransın təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır. TDT-nin dini sahədə əməkdaşlıq istiqamətinin institusional xarakter alması türk dövlətləri arasında yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi-mədəni əlaqələrin dərinləşdiyini göstərir.
Bakıda keçirilən 7-ci toplantı türk dövlətlərinin müsəlman dini idarə rəhbərlərinin qarşılıqlı fikir mübadiləsi aparması və dini məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma oldu. Toplantının gündəliyində müasir dövrün sosial və dini çağırışları, ailə dəyərlərinin qorunması, dini məsələlər üzrə ümumi yanaşmaların formalaşdırılması və TDT çərçivəsində dini əməkdaşlığın inkişafı kimi məsələlər xüsusi yer tutdu. TDT Baş katibi Kubanıçbek Ömüralıyev ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin may ayında keçirilmiş görüşündə də məhz bu məsələlər və Şuranın 7-ci toplantısının hazırlığı müzakirə edilmişdi.
Tədbirlərin digər mühüm istiqaməti isə Azərbaycanın böyük mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsinin beynəlxalq miqyasda öyrənilməsi və təbliği oldu. “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən Birinci Beynəlxalq elmi-praktiki konfransda 40-a yaxın ölkədən və 18 beynəlxalq təşkilatdan nümayəndələrin iştirakı bu irsə beynəlxalq elmi marağın göstəricisi kimi diqqəti cəlb edir. Konfransın həmtəşkilatçıları sırasında Qafqaz Müsəlmanları İdarəsi və TDT ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, İSESKO, İRSİKA və Müsəlman Ağsaqqalları Şurasının yer alması tədbirin elmi və institusional əhatəsini daha da genişləndirib.
XV əsrdə yaşamış Seyid Yəhya Bakuvi Azərbaycan və İslam düşüncə tarixində mühüm iz qoymuş alim, filosof və sufi mütəfəkkir kimi tanınır. Onun irsi insanın mənəvi kamilliyi, mərhəmət, tolerantlıq və mötədillik kimi dəyərlərlə əlaqələndirilir. Bakıda keçirilən konfransda da Bakuvi irsinin müasir dövrdə dinlərarası və mədəniyyətlərarası dialoqa, sülh və qarşılıqlı anlaşmaya töhfəsi geniş müzakirə olunub. Eyni zamanda, onun fəlsəfi irsində mötədil İslam düşüncəsi, Türk dünyasının mənəvi inteqrasiyası, multikulturalizm və ekstremizmə qarşı maarifləndirici yanaşmalar kimi məsələlər diqqət mərkəzində olub.
Prezident İlham Əliyev sentyabrın 15-də tədbirlərin iştirakçılarını qəbul edərkən TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı ilə Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda Bakıda keçirilməsinin xüsusi məna daşıdığını vurğulayıb. Dövlət başçısı Seyid Yəhya Bakuvinin XV əsrdə yaşayıb-yaratdığını və özündən sonra böyük mənəvi-intellektual irs qoyduğunu qeyd edib. Görüşdə müsəlman dini liderlərinin sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa çağırışlarının əhəmiyyəti də xüsusi vurğulanıb.
Bakıda keçirilən bu iki mühüm tədbiri birləşdirən əsas məqam dini-mənəvi dəyərlərin, elmi irsin və qarşılıqlı əməkdaşlığın müasir çağırışlar fonunda yenidən nəzərdən keçirilməsidir. Seyid Yəhya Bakuvinin irsinin TDT məkanının dini liderlərini bir araya gətirən tədbirlə paralel şəkildə müzakirəyə çıxarılması Azərbaycanın zəngin mənəvi irsinin türk və İslam dünyasının ortaq mədəni sərvətinin bir hissəsi kimi təqdim olunmasına imkan yaratdı.
Beləliklə, Bakı toplantıları yalnız dini rəhbərlərin görüşü və elmi konfransla məhdudlaşmır. Bu tədbirlər türk dövlətləri arasında mənəvi-mədəni əlaqələrin möhkəmləndirilməsi, İslam dünyasında mötədillik və qarşılıqlı anlaşma ideyalarının təşviqi, tarixi irsin öyrənilməsi və müasir dövrün çağırışlarına birgə yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi diqqət çəkir.

Nicat Əsədli

YAP Ordubad rayon təşkilatının əməkdaşı

Digər xəbərlər