PDF Oxu

Siyasət

  • 1 123

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına aparan Zəfər günü

image

Sentyabr ayı Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrlə zəngindir. Bu ay həm Azərbaycanın iqtisadi qüdrətinin əsas dayaqlarından biri olan neft sənayesinin inkişafında mühüm mərhələni, həm də dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi hadisələri özündə birləşdirir.

İlk baxışda bu iki tarixin bir-birindən fərqli sahələrə aid olduğu düşünülə bilər. Lakin əslində bu iki tarixi birləşdirən çox mühüm bir məqam var: hər ikisi Azərbaycanın dövlət müstəqilliyinin, milli iradəsinin və gücünün təcəssümüdür.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu tarixi hadisə ölkəmizin zəngin enerji resurslarını milli inkişaf strategiyasının mühüm dayaqlarından birinə çevirdi.

Sonrakı illərdə həyata keçirilən böyük enerji layihələri Azərbaycanın iqtisadi imkanlarını genişləndirdi, ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirdi və sosial-iqtisadi inkişaf üçün yeni imkanlar yaratdı.

Azərbaycanın neft tarixi yüzilliklərə gedib çıxır. Bakı nefti ölkəmizin iqtisadi həyatında mühüm rol oynamaqla yanaşı, Azərbaycanın dünya enerji xəritəsində tanınmasına da səbəb olub. Lakin müstəqilliyimizin ilk illərində neft amili yalnız iqtisadi məsələ deyildi. O, Azərbaycanın gələcək inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik strategiyasının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Güclü dövlət üçün həm iqtisadi güc, həm də milli təhlükəsizlik və güclü ordu vacibdir.

Azərbaycan son onilliklər ərzində öz enerji potensialından səmərəli istifadə etməklə güclü iqtisadi baza yaratdı. Bu iqtisadi potensial ölkənin sosial inkişafına, infrastruktur layihələrinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və müasir ordunun formalaşdırılmasına mühüm imkanlar yaratdı.

Bu gün Azərbaycan ordusu dünyanın ən nümunəvi ordular sırasındadır.

Buna barış nümunə, 2020-ci ildə Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizinin böyük hissəsini azad etməsidir. 2023-cü ilin sentyabrında isə Azərbaycan öz suverenliyini bütün ərazisində tam şəkildə bərpa etdi.

19 Sentyabr 2023-cü il Azərbaycan dövlətçiliyi tarixində xüsusi yer tutan bir tarixdir. Həmin gün Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun və dövlət suverenliyinin bərpası ilə nəticələndi.

Bu hadisə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı idi. Eyni zamanda, bu hadisə Azərbaycan dövlətinin uzun illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasətin, ordumuzun gücünün və xalqımızın milli birliyinin nəticəsi idi.

Beləliklə, xalqımızın qarşısında uzun illər dayanmış ən böyük tarixi və siyasi məsələlərdən biri öz həllini tapdı.

Bu qələbənin ən böyük mənası ondan ibarətdir ki, Azərbaycan Respublikasının dövlət suverenliyi ölkənin bütün ərazisində təmin edildi.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan bayrağı dalğalanır, dövlət quruculuğu və genişmiqyaslı bərpa işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.Bu, sadəcə hərbi uğur deyildi. Bu, Azərbaycan dövlətçiliyinin böyük qələbəsi idi.

Bu tarixi nailiyyət bizə bir daha göstərdi ki, xalqın milli iradəsi, dövlətin siyasi əzmi və ordunun gücü bir məqsəd ətrafında birləşdikdə qarşıya qoyulan ən böyük hədəflərə belə nail olmaq mümkündür.

Bu Zəfərin arxasında Azərbaycan xalqının birliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti dayanır.

Bu qələbə bizə həm də böyük məsuliyyət qoyur.

Biz əldə olunmuş Zəfəri qoruyub saxlamalı, azad edilmiş torpaqlarımızın bərpasına və inkişafına öz töhfəmizi verməli, gələcək nəsillərə bu tarixi həqiqətləri olduğu kimi çatdırmalıyıq.

Bu gün Azərbaycan artıq yalnız öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət deyil. Azərbaycan regionda yeni reallıqlar formalaşdıran, iqtisadi və enerji imkanları, hərbi potensialı və beynəlxalq nüfuzu ilə seçilən güclü dövlətdir.

Məhz buna görə 20 Sentyabr – Dövlət Suverenlik Günü bizim üçün yalnız bir hərbi əməliyyatın ildönümü deyil. Bu tarix Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin qüdrətinin və suverenliyimizin rəmzidir.

Bu tarixi Zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və Vətən müharibəsinin bütün iştirakçılarına minnətdarlığımızı bildiririk.

Beləliklə, 20 Sentyabr Azərbaycanın iqtisadi və enerji gücünün, 19 Sentyabr isə həmin dövlət gücünün milli suverenliyin müdafiəsinə yönəlməsinin rəmzlərindən biridir.

Bir tərəfdə gecə-gündüz çalışan neftçi dayanır

Digər tərəfdə Vətənin təhlükəsizliyini qoruyan Azərbaycan əsgəri.

Onların fəaliyyət sahələri fərqli olsa da, məqsədləri birdir – müstəqil, güclü və qüdrətli Azərbaycan!

Bu baxımdan Azərbaycan neftçisinin əməyi ilə Azərbaycan əsgərinin qəhrəmanlığını bir-birindən ayırmaq mümkün deyil. Biri ölkənin iqtisadi gücünü yaradır, digəri isə bu dövlətin təhlükəsizliyini və suverenliyini qoruyur.

Bu iki əlamətdar gün bizə daha bir mühüm həqiqəti xatırladır:

Dövlətin gücü yalnız yeraltı sərvətləri ilə deyil, həmin sərvətləri milli inkişaf naminə səfərbər edə bilən insanları ilə ölçülür.

Azərbaycanın neftçisi öz əməyini, biliyini və təcrübəsini ölkənin inkişafına həsr edir.

Azərbaycanın əsgəri isə öz həyatını və sağlamlığını Vətənin müdafiəsinə həsr edir.

Hər ikisinin arxasında güclü liderin, dövlət başçısının və Azərbaycan xalqının iradəsi dayanır.

Bu gün biz gələcək nəsillərə bu tarixin əsl mahiyyətini çatdırmalıyıq. Çünki tarix yalnız keçmişi xatırlamaq üçün deyil, gələcəyi daha düzgün qurmaq üçün öyrənilir.

Azərbaycanın qarşısında yeni imkanlar açılıb.

İndi əsas vəzifəmiz əldə etdiyimiz siyasi, iqtisadi və hərbi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərimizi bərpa etmək, iqtisadiyyatımızı daha da gücləndirmək və ölkəmizin gələcək inkişafına öz töhfəmizi verməkdir.

İnanıram ki, Azərbaycan neftçilərinin peşəkarlığı, Azərbaycan Ordusunun qüdrəti və Azərbaycan xalqının birliyi bundan sonra da dövlətimizin inkişafının əsas dayaqlarından olacaq.

19 Sentyabr bizə suverenliyin necə qorunduğunu,

20 Sentyabr isə iqtisadi və enerji gücünün necə yaradıldığını xatırladır.

Bu iki tarix birlikdə bizə bir həqiqəti göstərir:

Güclü iqtisadiyyat – güclü dövlət,

güclü dövlət – güclü ordu,

güclü ordu isə müstəqil və suveren Azərbaycanın etibarlı təminatıdır.

Bu əlamətdar günlər münasibətilə bütün neftçilərimizi səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni uğurlar arzulayıram.

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığımızı bildiririk.

Şəhidlərimizin qanı ilə yazılmış Zəfər tariximiz daim yaşayacaq!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan xalqı!

Şəhidlərimizin ruhu şad olsun!

İlham Quliyev

YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini.

Digər xəbərlər