PDF Oxu

Siyasət

  • 1 102

Sarsılmaz dostluğumuz Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu şərtləndirir

image

“Türk dünyasının birliyi və həmrəyliyi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Son günlər Türk Dövlətləri Təşkilatı çərçivəsində Bakıda keçirilən tədbirlər də bunu bir daha təsdiqləyir. TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII toplantısının ardınca Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirildi. Dövlətimizin başçısı İlham Əliyevin toplantı iştirakçılarına müraciətində vurğulandığı kimi, bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir. Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Azərbaycan ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətimizin geniş potensialının reallaşmasına və bütövlükdə regionumuzun davamlı inkişafına, sülhə və təhlükəsizliyə töhfələr vermək üçün səylərini əsirgəmir. Cənab İlham Əliyev, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi. Təşkilatın beynəlxalq nüfuzunun artmasını şərtləndirən amillərdən, eyni zamanda, üzv ölkələrin əlaqələrinin yeni prioritetlər üzrə inkişafından geniş bəhs edən ölkə Prezidenti bildirdi ki, müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinin sadəcə siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığının, həm də uzunmüddətli strateji xarakter daşıdığının göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev qəbuldakı çıxışında bu məqamı xüsusi vurğuladı ki, TDT-nin uğurlu inkişafının mühüm amili ondan ibarətdir ki, bu gün xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır. Lakin TDT məkanında müsbət dinamikanı görürük. Bütün bunlar ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir.
Malik Həsənov bu məqamı da xüsusi vurğulayıb ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün Türk dünyasının birliyinin təməlini və sarsılmaz nümunəsini təşkil edir: “Dövlətimizin başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təhlükəsizlik üzrə rəhbər rəhbər şəxslərini qəbul edərkən də bu reallığı qeyd etdi. Dünya miqyasında buna oxşar əlaqələrin olmadığını vurğulayan cənab İlham Əliyev onu da bildirdi ki, bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil. Çünki burada bütün amillər - həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr birləşir. Türkiyə-Azərbaycan bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bizim birgə fəaliyyətimiz indiki çətin bir geosiyasi vəziyyətdə bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir.
Ümumiyyətlə, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Üzv ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri bunun parlaq göstəricisidir. Azərbaycan Türkiyə ilə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə də müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Ölkəmiz Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, bizim əsas xarici siyasət prioritetimizdir. Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.
Millət vəkili qeyd edib ki, gənclər, təhsil mübadilələri və media sahəsində əməkdaşlıq da türk xalqları arasında inteqrasiyanı daha da yaxınlaşdırır: “Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir. Ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması mühüm üstünlüyümüzdür. “Gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik” çağırışını edən cənab İlham Əliyev bildirdi ki, hər biriniz öz ölkənizdəki vəziyyəti çox yaxşı bilirsiniz. Təbii ki, ölkələrimizdə vəziyyət eyni deyil. Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik”.
Malik Həsənov bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin istər ikitərəfli, istərsə də təşkilat daxilində əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanlar mövcuddur. Mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər, bütün bunlar təşkilatı daha da möhkəmləndirir.

Digər xəbərlər