Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı ildə Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi tarixi, siyasi və mənəvi baxımdan müstəsna əhəmiyyət kəsb edən hadisədir.
Bu görüşün TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII toplantısı və Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın keçirildiyi həssas tarixi-siyasi mərhələyə təsadüf etməsi onun əhəmiyyətini ikiqat artırır. Qəbulun miqyası iştirakçıların tərkibində aydın görünür. Nümayəndə heyətinə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Şimali Kiprin dini idarə rəhbərləri, Müsəlman Ağsaqqalları Şurası, IRCICA, Çeçenistan, Dağıstan, Gürcüstan və Suriyanın nüfuzlu dini liderləri daxil idi.
Bu tərkib Bakının artıq sadəcə bir paytaxt deyil, Türk dünyası, İslam aləmi və Qafqazın mənəvi dialoq mərkəzinə çevrildiyini göstərir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var.
Prezident İlham Əliyev bu kontekstdə Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahiləri xatırlatdı: XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Onların hər birinin böyük bir dünya olduğunu, qoyduqları mirasın bütün İslam aləmi üçün dəyər olduğunu vurğuladı.
Dövlət başçısının çıxışının geostrateji nüvəsini Azərbaycanın unikal yeri təşkil etdi. O bildirdi ki, Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və paytaxtı Qəbələ idi, Atabəylər dövlətinin paytaxtı isə Naxçıvan olub. Bu, Türk dünyası və Qafqazın əslində vahid coğrafiyanı əhatə etdiyini göstərir və TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Onun çağırışı aydındır: müsəlman aləmi vahid bir ailə kimi birləşməli, lazımsız söz-söhbətlər yığışdırılmalı, qarşıdurmalar dayandırılmalıdır. Görüşün ən emosional və prinsipial hissəsi Qarabağla bağlı oldu. Prezident cənab İlham Əliyev qonaqların Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəklərini, 30 illik işğalın fəsadlarını və dirçələn Qarabağın yeni simasını görəcəklərini bildirdi.
O, Ermənistanın dövlət siyasəti kimi həyata keçirdiyi vandalizmi faktlarla açıqladı: Qarabağda və Şərqi Zəngəzurda 65 məscid tam dağıdılıb, məscidlərdə qəsdən heyvan saxlanılıb. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün İslam dünyasına təhqirdir. Bunun fonunda Azərbaycanın Böyük Qayıdış modeli fərqlənir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır, həyat qayıdıb. Bu, Azərbaycanın qurucu, sülhsevər və humanist xarakterinin göstəricisidir.
Prezident İlham Əliyevin bu qəbulu Azərbaycanın tarixə, milli-mənəvi irsə, Türk dünyasına, Qafqaza və regional sülhə münasibətinin bütöv konsepsiyasını ortaya qoydu. Müsəlman dini liderlərin sülhə, əməkdaşlığa çağıran sözləri bölgədə əmin-amanlığın qarantıdır.
Beləliklə, Bakıdakı görüş Türk dünyası, İslam aləmi və Qafqaz arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsinə, Azərbaycanın ümumbəşəri mədəniyyətə töhfəsinin yenidən dünyaya təqdim olunmasına xidmət edən tarixi hadisədir.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi