Dünyanın hansı guşəsində, bölgəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ana yurdu, doğma diyarı var, o da Azərbaycandır. Ana vətənimiz olan Azərbaycan bizlər üçün müqəddəsdir. Vətən satılmır, dəyişmir və heç zaman yaşlanmır, daim cavan, hər zaman yeni və müasirdir. Ulularımızdan bizlərə əmanət qalan doğma Vətənimizi qoruyub, saxlamaq və inkişaf etdirmək bizlərin müqəddəs vəzifəmiz, amalımız və hədəfimizdir. Doğma Azərbaycanın hər halında onu sevmək və təbliğ etməliyik. Hansısa məqamda yaranan məişət problemi, nöqsan və çatışmazlıq Vətəndən üz döndərmək üçün əsas olmamalıdır. Təəssüf, min dəfələrlə təəssüflər olsun ki, elə insanlar var ki, yalnız mədəsini, ancaq cibini düşünür. Onu Vətənin mənafeyi, xalqın maraqları düşündürmür. Bir az da dərinə gedəndə, öz şəxsi ambissiyasını reallaşdırmaq üçün müxtəlif cinayətlərə şərik olur, bəzi xarici maraqlı dairlərlə Vətəninə qarşı iş birliyinə keçir. Bu cür üzüdönüklüyün isə bir adı var, vətən xainləri. Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin, AXCP səri Əli Kərimlinin və dəstənin digər üzvlərinin cinayət işinə nəzər yetirdikdə məlum olur ki, onlar xarici anti-Azərbaycan qüvvələrin təsiri altında olanlardır. Üzləri qara olmuş məxluqlar dövlət çevrilişi cəhdini planlaşdırmaqla xalqın qurub, yaratdıqlarını dağıtmağa çalışıblar. Hansı ki, bu dövlət böyük zəhmət hesabına qurulub. Sual olunur, Qarabağ kimi fəlakətli problemi 44 günə həll edib, adını dünya hərb tarixinə qızıl hərflə yazan Azərbaycanı fəlakətə sürükləməyə, dövləti çalxalanmalara məruz qoymaq olar? Ermənilərin maraqlarından çıxış edərək, ölkəmizlə bağlı təxribatlar planlaşırmaq olarmı? Fakt ondan ibarətdir ki, 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov və digərləri Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün insanların Bakı şəhərində yürüş etdikləri zaman geniş təxribat planı hazırlayıblar. Əli Kərimlinin birbaşa tapşırığı əsasında Fuad Qəhrəmanlı və digər AXCP üzvləri kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşularaq vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmağı planlaşdırmışdılar. Əgər məkrli planları baş tutsa idi, sonradan təxribatın miqyasını genişləndirərək Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirməli idilər ki, bundan sonra kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirildiyini bəyan edəcəkdilər. Bununla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidmətində dindirilərkən açıq etiraflar edib. Bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zamanı Əli Kərimli ona və digərlərinə xüsusi tapşırıqlar verib. Tapşırıqlara əsasən, partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsinə cəhd edilməli idi. Lakin Azərbaycanın tam formalaşmış, peşəkar hüquq –mühafizə orqanları dövləti fəlakətlərə sürükləmək, xalqı yenidən sarsıntılarla üz-üzə qoymaq istəyənlərin məkrli planlarını ifşa etdilər. Artıq onların bir qismi həbs edilib, digərləri xaricdə gizləndikləri üçün haqlarında qiyabi həbs qərarı verilib. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları – Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu, Abbasov Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar. Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb. İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilən və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri – Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.
İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib. Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olub dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməklə, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etməkdə təqsirli bilinib.
Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib. Artıq Ramiz Mehdiyev barəsində hazırlanmış ittiham aktı artıq ona təqdim olunub. Eyni zamanda, hazırda ev dustaqlığında olan sabiq PA rəhbərinə məhkəməyə çağırışla bağlı bildiriş də göndərilib.
Sentyabrın 21-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və dəstəsinin məhkəməsi başlayıb. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Ramiz Mehdiyev özünü xəstəliyə vuraraq məhkəməyə getməkdən imtina edir. Ramiz Mehdiyev məhkəməyə müraciət edərək səhhətində problemlərin olduğunu əsas gətirib və prosesdə onlayn qaydada iştirak etmək istəyini bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.
İ.ƏLİYEV