Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans həm regional, həm də qlobal miqyasda müstəsna əhəmiyyət kəsb edir. Bu tədbirlər Türk-İslam dünyasının mənəvi birliyinin daha da möhkəmlənməsinə, zəngin mədəni və irfani irsimizin yenidən dünyada layiqli şəkildə təbliğ olunmasına böyük təkan verir. Azərbaycan bu prosesdə sadəcə ev sahibi kimi deyil, ideoloji və əməli təşəbbüskar kimi çıxış edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Bu siyasət illərdir ki, ölkəmizin xarici və daxili xəttinin əsas tərkib hissələrindən birinə çevrilmişdir. Bu böyük missiyanın həyata keçirilməsində Qafqaz Musəlmanları İdarəsinin sədri müstəsna rol oynayır. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik olan şəxsiyyətdir. Onun dini-mənəvi dəyərlərin qorunması, xalqlar arasında dostluq və həmrəyliyin möhkəmlənməsi istiqamətindəki fəaliyyəti yüksək qiymətləndirilir.
Müasir dünyada baş verən geosiyasi proseslər fonunda aydın görünür ki, bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Qərbdə müəyyən dairələr və təsisatlar tərəfindən idarə olunan bu qərəzli kampaniya İslam dəyərlərini qaralamağa və müsəlman ölkələrinə qarşı ikiüzlü siyasət yürütməyə yönəlib. Bu mənada, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır və orada qəbul edilən anti-Azərbaycan, anti-İslam ruhlu qərarlar tamamilə korrupsiyalaşmış sistemin və siyasi sifarişlərin nəticəsidir. Belə ikiüzlülük yeni deyil. Dünya 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yumub və beynəlxalq təşkilatlar Qarabağda törədilən vandallığa, dini-mədəni irsimizin dağıdılmasına səssiz qalıblar. Lakin bütün bu təzyiqlərə və ikili standartlara baxmayaraq, Azərbaycan xalqı ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı.
Bu tarixi zəfər xalqımızın polad iradəsi və birliyi sayəsində mümkün oldu. Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir. Biz bu mübarizədə hər zaman yüksək mənəviyyat və ləyaqət nümayiş etdirdik. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Azərbaycan Ordusu yalnız döyüş meydanında düşmənə layiqli cavab verərək beynəlxalq humanitar hüquq normalarına tam riayət etmişdir. Bu gün sülh var və müharibə dayanıb. Bölgədə tamamilə yeni bir reallıq yaranıb. Biz sülh gündəliyini seçdik və bu seçimin nə qədər müdrik olması bu gün bütün dünyaya aydındır və bütün dünya bunu görür. Müharibədən dərhal sonra təklif etdiyimiz sülh prinsipi regionun uzunmüddətli inkişafına və təhlükəsizliyinə xidmət edir.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam etdirilir. Biz birinci bərpa işlərini məsciddən başladıq və bu gün bu proses davam etdirilir. Düşmən tərəfindən təhqir edilmiş, dağıdılmış bütün dini və tarixi abidələrimiz yenidən bərpa olunur, minarələrdən azan səsləri ucalır. Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb, keçmiş məcburi köçkünlər doğma ocaqlarına dönür, şəhər və kəndlərimiz yeniden canlanır. Azərbaycanın İslam dünyasındakı artan nüfuzunun daha bir göstəricisi kimi, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Bu möhtəşəm tədbir ölkəmizin qlobal müstəvidəki mövqeyini daha da möhkəmləndirəcəkdir.
Azərbaycanın sülhə, humanizmə və dinlərarası dialoqa verdiyi töhfələr uluslararası səviyyədə də yüksək qiymətləndirilir. Bu baxımdan, “Zayed İnsan Qardaşlığı Mükafatı” çox böyük məna daşıyır və ölkəmizin humanist siyasətinin növbəti təsdiqidir. Qazanılan uğurlar və yaranmış yeni reallıqlar fonunda gələcək vəzifələrimiz də aydındır. Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik. Qardaşlıq və həmrəylik əlaqələrimizin dərinləşməsi qarşıda duran bütün çağırışlara qarşı ən güclü qalxanımızdır. Çünki tarixin gedişatı və müasir proseslər bir daha sübut edir ki, bizim birliyimiz hər birimizi gücləndirəcək.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi