“Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradəsi və təşəbbüsləri ilə formalaşan Türk Dövlətləri Təşkilatı (TDT) bu gün türk dövlətləri arasında çoxtərəfli əməkdaşlığın mühüm platformalarından birinə çevrilməkdədir”.Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.Onun sözlərinə görə, təşkilatın 2009-cu ildə yaradılmasından ötən dövr ərzində əməkdaşlıq yalnız siyasi və mədəni əlaqələrlə məhdudlaşmayıb, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsallaşma, təhlükəsizlik, təhsil, səhiyyə və turizm kimi çoxsaylı istiqamətləri əhatə edib:” Bu gün TDT türk dövlətləri arasında siyasi dialoqun və praktiki əməkdaşlığın əsas platformalarından biri kimi çıxış edir.Azərbaycanın TDT çərçivəsində fəaliyyəti bu prosesin mühüm istiqamətlərindən biridir. Azərbaycanın 2025–2026-cı illərdə təşkilata sədrliyi dövründə türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi, institusional imkanların artırılması və praktiki əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər sırasında olub”.Komitə sədri vurğuladı ki, Prezident İlham Əliyevin təşəbbüsləri və siyasi fəaliyyəti də TDT-nin gündəliyinin genişlənməsində mühüm yer tutur:”Dövlət başçısı müxtəlif Zirvə görüşlərində türk dövlətləri arasında siyasi həmrəyliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi məsələlərini xüsusi diqqətdə saxlayıb. 2025-ci il Qəbələ Zirvəsində Prezident İlham Əliyev TDT-nin artıq yalnız əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını vurğulayıb. Həmin çıxışında Azərbaycanın TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə etdiyi də açıqlanıb.Qəbələdə keçirilən 12-ci Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması da Azərbaycanın sədrliyi dövründə təhlükəsizlik məsələlərinin TDT gündəliyində xüsusi yer tutduğunu göstərir. Prezident İlham Əliyev həmin Zirvədə təşkilatın beynəlxalq nüfuzunun artmasını qeyd etməklə yanaşı, türk dövlətlərinin malik olduğu geostrateji mövqe, nəqliyyat-logistika imkanları, təbii resurslar və digər potensialın TDT-ni qlobal arenada əhəmiyyətli aktora çevirə biləcəyini diqqətə çatdırıb.Dövlət başçısının təşəbbüsləri yalnız Zirvə görüşləri ilə məhdudlaşmır. 2026-cı ilin mayında Türküstanda keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə İlham Əliyevin iştirakı və türk dünyasının tarixi-mədəni irsinin qorunmasına yönəlmiş Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirakı bu istiqamətdə fəaliyyətin davamlı xarakter daşıdığını göstərir. Mərkəzin əsas məqsədlərindən biri türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunması, öyrənilməsi və təbliğidir.TDT-nin fəaliyyətinin mühüm istiqamətlərindən biri nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsidir. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz türk dövlətlərini Asiya ilə Avropa arasında mühüm iqtisadi və logistika bağlantısına çevirir. Nəqliyyat prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, e-CMR və e-Permit kimi mexanizmlərin tətbiqi bu əməkdaşlığın praktiki nəticələrindəndir.Enerji sahəsində əməkdaşlıq da TDT-nin strateji gündəliyində xüsusi yer tutur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi və TANAP kimi layihələrlə yanaşı, yaşıl enerji sahəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan əməkdaşlığı türk dövlətləri arasında enerji əlaqələrinin yeni mərhələsini formalaşdırır.TDT-nin iqtisadi potensialının artırılması istiqamətində də mühüm addımlar atılır. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, Türk İnvestisiya Fondu, nəqliyyat-logistika layihələri və gömrük prosedurlarının rəqəmsallaşdırılması üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edir.Müasir dövrdə təhlükəsizlik məsələsi də TDT-nin gündəliyində xüsusi çəkisini artırır. Terrorçuluq, transmilli cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, kibertəhdidlər, hibrid risklər və kritik infrastrukturun qorunması dövlətlər üçün ortaq çağırışlardır.Bu istiqamətdə Prezident İlham Əliyevin mövqeyi xüsusilə diqqət çəkir. Sentyabrın 17-də Bakıda TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin beşinci toplantısının iştirakçılarını qəbul edən dövlət başçısı təhlükəsizlik sahəsində müntəzəm fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, təhlükəsizlik strukturlarının mütəmadi görüşləri ortaq regional və qlobal təhdidlərin müəyyənləşdirilməsi və onların qarşısının alınması yollarının araşdırılması baxımından əhəmiyyətlidir. Prezident bu əməkdaşlığın TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət etdiyini qeyd edib”.Tahir Rzayev qeyd etdi ki, Prezident İlham Əliyevin TDT çərçivəsində irəli sürdüyü yanaşmalarda siyasi, iqtisadi və təhlükəsizlik istiqamətləri bir-birini tamamlayır:” Onun müxtəlif illərdə keçirilən Zirvə görüşlərində və yüksək səviyyəli toplantılarda səsləndirdiyi fikirlər təşkilatın daha sıx koordinasiya və praktiki əməkdaşlıq platformasına çevrilməsi xəttini önə çıxarır. 2025-ci ildə Qəbələdə TDT rəhbərliyi ilə keçirilən görüşlərdə də təşkilatın fəaliyyətinə Azərbaycanın dəstəyi və Türk dünyasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi qeyd olunub.Bütün bunlar göstərir ki, TDT artıq yalnız ortaq tarix, dil və mədəniyyət əsasında fəaliyyət göstərən qurum deyil. Təşkilat iqtisadiyyat, enerji, nəqliyyat, rəqəmsallaşma, humanitar əlaqələr və təhlükəsizlik kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönələn mexanizmlər formalaşdırır.Azərbaycanın təşəbbüsləri və Prezident İlham Əliyevin TDT çərçivəsində ardıcıl fəaliyyəti isə bu prosesin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bakı, Şuşa, Qəbələ və digər türk şəhərlərində keçirilən görüşlər, irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr türk dövlətləri arasında əlaqələrin daha sistemli xarakter almasına imkan yaradır.Türk dünyasının qarşısında dayanan çağırışların xarakteri dəyişdikcə TDT daxilində koordinasiyanın əhəmiyyəti də artır. İqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi təşkilatın qarşıdakı mərhələdə daha geniş praktiki nəticələr əldə etməsi üçün əsas istiqamətlərdən biri olaraq qalır”.
Müəllif: Günay Hacıyeva