Rəsmi qarşılanma mərasimi
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti
Karolos Papulyası qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Yunanıstan Prezidentinə raport verdi. Yunanıstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Yunanıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Karolos Papulyasa, Yunanıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın təkbətək görüşü
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın təkbətək görüşü olub. Görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirildi. Dövlət başçıları ikitərəfli, beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi apardılar.
Geniş tərkibdə danışıqlar
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, ölkələrimiz arasında əlaqələr çox sürətlə inkişaf edir və bu səfərin əlaqələrin inkişafında mühüm mərhələ olacaqdır: "Siyasi əlaqələrimiz inkişafdadır və Sizin səfəriniz bunun bariz nümunəsidir. İqtisadi sahədə gözəl perspektivlər vardır və hökumətlərarası birgə komissiya çox uğurla fəaliyyət göstərir. Enerji sahəsində əməkdaşlığın artıq gözəl ənənələri vardır və ümid edirəm ki, yaxın zamanlarda bu əlaqələr yeni mərhələyə qədəm qoyacaqdır. Eyni zamanda, bu gün biz Sizinlə insanlar arasındakı əlaqələr haqqında da fikir mübadiləsi apardıq və biz çox maraqlıyıq ki, vətəndaşlarımız bir-birilərini daha da yaxşı tanısınlar və beləliklə, əlaqələrimiz daha da çoxşaxəli olsun və əməkdaşlığın nəticələri daha da böyük olsun. Mən əminəm ki, Sizin səfəriniz çox uğurlu keçəcək, çox gözəl nəticələri olacaq və səfərdən sonrakı dövrdə Yunanıstan və Azərbaycan birlikdə çox böyük işlər görəcəklər. Bir daha Sizi səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz."
X X X
Yunanıstan Prezidenti Karolos PAPULYAS səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib ki, ölkələrimiz arasındakı münasibətlərin gələcəyi parlaqdır:
"Bizə göstərilən səmimi qonaqpərvərliyə görə şəxsən öz adımdan və Yunanıstan nümayəndə heyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm. Mən, sadəcə, Sizin burada dediyiniz sözləri bir daha təkrar etmək istəyirəm ki, bizim münasibətlərimizin gələcəyi parlaqdır. Təkbətək görüş zamanı əməkdaşlığımızın vacibliyi vurğulandı. Sizin Afinaya etdiyiniz rəsmi səfər böyük əhəmiyyət kəsb edir və bu, əslində, münasibətlərimizin inkişafında yeni bir mərhələyə çevrildi. İndi isə mən Sizin ölkənizdə səfərdəyəm və mən də ümidvaram ki, bu səfərim münasibətlərimizin inkişafına yeni təkan verəcəkdir."
Azərbaycan və Yunanıstan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər
Sənədlərin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident! Hörmətli qonaqlar!
Xanımlar və cənablar! Cənab Prezident, ilk növbədə mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz! Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər çox uğurlu olacaq və onun çox gözəl nəticələri olacaqdır. Bizim siyasi əlaqələrimiz sürətlə inkişaf edir. İki il bundan əvvəl mən Sizin ölkənizə səfər etmişdim və o səfəri çox yaxşı xatırlayıram. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi bir də onu göstərdi ki, ölkələrimiz arasında əlaqələrin çox gözəl perspektivləri vardır. Sizin Azərbaycana bugünkü səfəriniz bunu bir daha təsdiq edir.
Biz səfər zamanı aparılan danışıqlar nəticəsində ikitərəfli əlaqələrimizin inkişafına nail olacağıq. İkitərəfli gündəlik çox genişdir. Bu gün biz Sizinlə geniş fikir mübadiləsi apardıq. Siyasi əlaqələrimizin inkişafı üçün gözəl perspektivlər var, iqtisadi sahədə qarşılıqlı maraqlar kifayət qədər çoxdur. Sabah keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumu bunu bir daha təsdiq edəcəkdir. Əminəm ki, ölkələrimizin iş adamları da bir-biri ilə səmərəli əlaqələr qura biləcəklər. Qarşılıqlı investisiyaların qoyuluşu üçün gözəl şərait var. Biz Yunanıstan şirkətlərini Azərbaycanda görməyə çox şad olarıq və Azərbaycanda iş görmək üçün yeni imkanlar açılır. Bir sözlə, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yaxşı perspektivlər vardır. Eyni zamanda, Yunanıstan-Azərbaycan birgə hökumətlərarası komissiya da səmərəli fəaliyyət göstərir və bu gün onun fəaliyyəti haqqında bizə məlumat verilmişdir.
Əlaqələrimizin vacib sahəsi olan enerji sahəsində əməkdaşlıq da uğurla inkişaf edir. Bu sahədə ilkin nəticələr də var. Artıq bir neçə ildir ki, Azərbaycan qazı Yunanıstana nəql edilir. Əminəm ki, bu gün imzalanmış sənəd gələcəkdə bu sahədəki əməkdaşlığı, imkanlarımızı daha da genişləndirəcəkdir. Azərbaycan Yunanıstana ixrac olunan qazın həcminin artırılmasında maraqlıdır və biz gələcəkdə Yunanıstanın tranzit imkanlarından da istifadə etmək istəyirik. Biz sözlə, bu sahədəki əməkdaşlıq nəinki ikitərəfli əlaqələrimizin inkişafına xidmət edəcək, eyni zamanda, Azərbaycanla Avropa ölkələri arasında qaz sahəsində əməkdaşlığa da çox ciddi təkan verəcəkdir.
Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danışıqlar qaz sahəsində əməkdaşlığın inkişafına gətirib çıxarmalıdır. Biz bunda maraqlıyıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün səylərini göstərir və gələcəkdə bu əməkdaşlıq daha da genişmiqyaslı olacaqdır. Biz buna şübhə etmirik. Cənub qaz dəhlizi ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış bəyannamə icra olunur. Bəyannamədə nəzərdə tutulmuş vəzifələrin icra olunması ilə, əlbəttə ki, Azərbaycan Avropa üçün etibarlı, qazla təmin edən ölkəyə çevriləcəkdir. Bir sözlə, bu sahədə əməkdaşlıq üçün çox böyük imkanlar və daha da böyük perspektivlər var. Bununla bərabər, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından Yunanıstan çox müsbət rol oynayır. Bu barədə mən Sizə bu gün öz minnətdarlığımı bildirmişəm. Hazırda "Şərq tərəfdaşlığı" proqramı icra olunur və bu proqramın da çox gözəl perspektivləri ola bilər.
Eyni zamanda, biz bu gün regional əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Regionda gedən proseslər, regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün əlavə addımların atılması haqqında fikir mübadiləsi etdik.
Mən cənab Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair son danışıqlar haqqında məlumatlandırdım. Danışıqlar gedir və biz ümid edirik ki, uğurla nəticələnəcəkdir. Biz istəyirik ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr icra olunsun. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal hələ də davam edir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, digər beynəlxalq təşkilatlar - ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti də qətnamələr qəbul etmişdir ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsun. Biz ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də beynəlxalq hüquq prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaqdır. Bir də demək istəyirəm ki, bu barədə mən Prezident Papulyası məlumatlandırdım və Azərbaycanın mövqeyi haqqında öz fikirlərimi bildirmişəm.
Bütövlükdə, Yunanıstan-Azərbaycan əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Biz əlaqələrimizin səviyyəsindən çox məmnunuq və Prezidentin bugünkü səfəri bir də onu göstərir ki, bizim aramızda çox yüksək səviyyədə qarşılıqlı etimad var, qarşılıqlı maraqlarımız var. Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı nəticəsində ölkələrimizin vətəndaşları da bir-birini daha da yaxşı tanıyacaqlar. İnsanlar arasında təmaslar daha da sıx olacaqdır. Beləliklə, gələcəkdə Yunanıstan-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir.
Cənab Prezident, mən bir daha Sizi və Sizinlə bərabər ölkəmizə gəlmiş nümayəndə heyətinin bütün üzvlərini Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, Sizin səfəriniz yaddaqalan olacaq və Siz vətəninizə xoş təəssüratlarla qayıdacaqsınız.
X X X
Yunanıstan Prezidenti Karolos Papulyasın bəyanatı
-Bakıya səfərimdən çox məmnunam. Mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə cənab Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm.
Prezident Əliyev ilə geniş fikir mübadiləsi apardıq. Bu fikir mübadiləsi ikitərəfli münasibətlərimizə, habelə regional və qlobal məsələlərə aid idi. Bizim ikitərəfli münasibətlərimiz çox gözəldir. Biz üç ikitərəfli sənəd imzaladıq. Bunlar nəqliyyat, elm və enerji sahələrində əməkdaşlığa aid sənədlərdir.
Biz enerji sahəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanmış Anlaşma memorandumunu yüksək dəyərləndiririk. Hesab edirik ki, ikitərəfli münasibətlərimiz, xüsusən də ticari və iqtisadi münasibətlərimiz daha da gücləndirilə bilər. Bu baxımdan sabah keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumu iqtisadi və ticari münasibətlərimizin daha da genişləndirilməsi üçün böyük imkanlar açır.
Prezident Əliyev ilə enerji sahəsində əməkdaşlıqda irəliləyiş məsələlərini də müzakirə etdik. Yunanıstan artıq Cənubi və Mərkəzi Avropa üçün enerji qovşağına çevrilmişdir. Bu baxımdan biz təbii qazı nəql edən boru kəmərinin inşasında da maraqlıyıq. Biz istəyirik ki, Azərbaycandan gələn bu boru kəməri Yunanıstandan keçərək İtaliyaya getsin.
Mən, eyni zamanda, Prezident İlham Əliyevə problemlər haqqında da məlumat verdim. Kipr məsələsinə toxunaraq qeyd etdik ki, biz bu məsələnin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri çərçivəsində həllinə ümid bəsləyirik. Hesab edirik ki, bu cür beynəlxalq məsələlər məhz bu müstəvidə həll olunmalıdır.
Eyni zamanda, biz Şimali Afrikada baş verən hadisələrə toxunduq. Dağlıq Qarabağ problemini də qeyd etmək istərdim. Biz istəyirik bu məsələ ATƏT-in Minsk qrupunun səyləri ilə dinc yolla öz həllini tapsın və bu, tezliklə baş versin. Yunanıstan Avropa İttifaqının Qafqaz üzrə təşəbbüsünə, xüsusən də "Şərq tərəfdaşlığı"na xüsusi diqqət yetirir. Bizim ölkəmiz Qara dəniz İqtisadi Əməkdaşlıq təşəbbüsünə də xüsusi diqqət yetirir. Bu baxımdan biz Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış memorandumu yüksək dəyərləndiririk. Mən Prezident Əliyevi əmin edirəm ki, o, Yunanıstanın real dəstəyinə arxalana bilər.
Yekunda mən çox səmimi müzakirələrə görə Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm və hesab edirəm ki, Yunanıstan ilə Azərbaycan arasındakı münasibətlər bundan sonra genişlənməkdə davam edəcəkdir.
Azərbaycan-Yunanıstan sənədləri imzalanıb
Prezident İlham Əliyevin və Prezident Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi olmuşdur.
"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti (DEPA) arasında Anlaşma memorandumu"nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və DEPA-nın sədri və baş icraçı katibi Harri Saxinis imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş"i Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram"ı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Dimitrious Drutsas imzaladılar.
Ali qonağın şərəfinə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın şərəfinə rəsmi ziyafət təşkil edilib.
Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.