Prezident cənab İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Gününün qeyd olunması bu ərazilərin Azərbaycanın tarixində və dövlətçilik yaddaşında tutduğu xüsusi mövqenin rəsmi şəkildə təsbitidir. Bu qərarın arxasında sadəcə bir inzibati akt deyil, üç onillikdən artıq davam edən ağır tarix, itkilər, həsrət və nəhayət, Zəfərlə nəticələnən mübarizə dayanır. 20 Sentyabr artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tarixi taleyini, Azərbaycanın Qarabağda dövlət suverenliyinin və milli iradəsinin bərpasını, torpaqlarımıza qayıdışın yeni mərhələsini özündə birləşdirən əlamətdar gün kimi qeyd olunur. Bu tarix təsadüfən seçilməyib. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağda separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu və Azərbaycanın ərazi bütövlüyünün tam bərpası istiqamətində həlledici mərhələ başa çatdı. Beləliklə, uzun illər ərzində davam edən münaqişənin hərbi-siyasi nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə yekunlaşdı.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycan tarixinin, mədəni irsinin və ictimai həyatının ayrılmaz hissələridir. Bu şəhər və rayonların işğal altında qalması yalnız ərazi itkisi deyildi. Burada yaşayan azərbaycanlıların doğma torpaqlarından məcburi köçkün düşməsi, tarixi-mədəni irsin dağıdılması, yaşayış məntəqələrinin viran qoyulması və həmin ərazilərin Azərbaycanın ictimai-siyasi həyatından uzun müddət ayrı salınması böyük humanitar və mənəvi faciə idi. Bu dörd şəhərin adı Azərbaycan tarixində həm ağrının, həm də qürurun ünvanıdır. Xankəndi Qarabağın siyasi və mədəni simvollarından biri, Xocalı xalqımızın yaddaşında sağalmaz faciənin adı, Xocavənd qədim tariximizin və mədəni irsimizin izlərini yaşadan məkan, Ağdərə isə təbii sərvətləri, strateji mövqeyi və qədim yaşayış məskənləri ilə seçilən diyardır. Uzun illər bu şəhərlərin üzərində Azərbaycan bayrağının görünməməsi yalnız ərazi itkisi deyildi. Bu, milli yaddaşa vurulmuş ağır zərbə idi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bu istiqamətdə həlledici dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi, Ermənistan ordusunun məğlubiyyətini təmin etdi və regionda yeni siyasi reallıq formalaşdırdı. Lakin Azərbaycanın qarşısında daha bir mühüm vəzifə – ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması dayanırdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri ilə bu tarixi proses başa çatdı. Qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası nəticəsində ölkənin bütün ərazisində dövlət hakimiyyəti və suverenliyi tam təmin edildi. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu tarixi prosesin ən mühüm rəmzlərindən birinə çevrildi. Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağımızın ucaldılması Azərbaycan dövlətçiliyinin və milli iradənin təntənəsi idi. Xankəndidə keçirilən tədbirlər və Prezident İlham Əliyevin bu şəhərə ardıcıl səfərləri xüsusi məna daşıyır. 2023-cü ilin oktyabrında bayrağın ucaldılmasından sonra burada hərbi parad keçirildi, 30 ildən artıq fasilədən sonra Qarabağ bölgəsində ilk rəsmi futbol oyunu baş tutdu, Qarabağ Universitetinin fəaliyyəti təmin edildi, təhsil və mədəniyyət müəssisələri bərpa olundu, hotellər, biznes mərkəzləri, konqres mərkəzi və digər infrastruktur obyektləri istifadəyə verildi. Xankəndidə Azərbaycan və Özbəkistanın birgə müəssisəsinin fəaliyyətə başlaması, “Xankəndi” Biznes Mərkəzinin açılması, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün burada keçirilməsi də şəhərin artıq yalnız tarixi rəmz deyil, həm də regional və beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərir. 2025-ci ilin sonunda isə Xankəndidə Zəfər parkı açıldı, yeni universitet binaları istifadəyə verildi, elektrik yarımstansiyası işə salındı. 2026-cı ildə Mədəniyyət Mərkəzinin, istehsal müəssisələrinin və “Xankəndi” hotelinin açılması şəhərin artıq təkcə bərpa olunan deyil, yaşayan və inkişaf edən bir şəhərə çevrildiyini göstərdi.
Eyni yanaşmanı Ağdərə, Xocalı, Xocavənd və Ağdərə rayonlarının yaradılmasında da görmək mümkündür. Yeni inzibati rayonların yaradılması Qarabağda idarəetmə sisteminin formalaşdırılması və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi baxımından mühüm addımdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycan tarixində xüsusi yeri olan şəhər və rayonlardır. Əgər işğal illərində Qarabağ Azərbaycan ictimaiyyətinin yaddaşında həsrət və məcburi köçkünlük anlayışları ilə assosiasiya olunurdusa, yeni dövrdə həmin ərazilər artıq təhsil, idman, yaşayış, iqtisadiyyat və dövlət idarəçiliyi ilə əlaqələndirilir. Bu dəyişiklik Qarabağda baş verən proseslərin ən mühüm siyasi nəticələrindən biridir.
Xocavənddə görülən işlər də Böyük Qayıdışın miqyasını nümayiş etdirir. Hadrutda yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin, yolların, enerji və digər infrastrukturun yaradılması, Tuğda tarixi-mədəni irsin qorunması istiqamətində işlərin aparılması göstərir ki, məqsəd yalnız dağıdılmış binaları yenidən tikmək deyil. Məqsəd həmin torpaqlarda həyatın bütün sahələrini bərpa etməkdir.
Xocalının taleyi isə bu qayıdışın mənəvi yükünü daha da ağırlaşdırır. Dünyanın yaddaşına faciə kimi həkk olunmuş Xocalı bu gün yenidən həyatın səsinə qovuşur. Şəhərdə yaşayış binaları bərpa edilir, kəndlərə sakinlər köçürülür, sosial və istehsal infrastrukturu yaradılır. 2026-cı il fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılması isə keçmişi unutmadığımızı göstərən mühüm hadisədir. Ən mühüm nəticələrdən biri isə insanların doğma torpaqlara qayıtmasıdır. 2026-cı il avqustun 17-dək Xankəndi və Kərkicahanda 119 ailə, Xocalı rayonunda 1 167 ailə, Xocavənd rayonunda 988 ailə, Ağdərə rayonunda isə 917 ailə məskunlaşıb. Təkcə bu rəqəmlər 30 ildən artıq davam edən məcburi ayrılığın artıq geri dönüşlə əvəzləndiyini göstərir.
2024-cü ildən başlayaraq hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi dövlət səviyyəsində qeyd olunması həm də Azərbaycanın münaqişədən sonrakı dövrdə yaratdığı siyasi reallığın təsdiqidir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri