PDF Oxu

Siyasət

  • 528

Həmin gün Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və Konstitusiya quruluşunun tam bərpası təmin edildi

image

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin yaddaşında da dövlətçilik salnaməsinin mühüm səhifəsi kimi qalır. 20 sentyabr 2023-cü il də məhz belə tarixlərdəndir. Həmin gün Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və Konstitusiya quruluşunun tam bərpası təmin edildi.

Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən işğal siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulmuş, torpaqlarımızın böyük hissəsi işğal altında saxlanılmışdı. Bununla əlaqədar Azərbaycan dövləti uzun müddət siyasi, diplomatik və digər vasitələrlə problemin həllinə çalışdı. Lakin nəticə əldə olunmadıqda ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüququn verdiyi imkanlardan istifadə etdi.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi torpaqlarının böyük hissəsinin işğaldan azad edilməsi ilə nəticələndi. Bununla belə, Qarabağın bəzi ərazilərində qanunsuz silahlı birləşmələrin mövcudluğu davam edirdi. Bu vəziyyət Azərbaycanın dövlət suverenliyinin bütün ərazi üzrə tam təmin olunması məsələsini gündəmdə saxlayırdı.
Azərbaycan müharibədən sonra da məsələnin sülh yolu ilə həlli üçün imkanları qoruyub saxladı. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan Respublikasının hüquq sisteminə reinteqrasiyası ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Onlara ölkə qanunlarına riayət etməklə Azərbaycan cəmiyyətinin tərkib hissəsi kimi yaşamaq üçün şərait yaradılacağı bildirildi.
Lakin bölgədə separatçı fəaliyyət davam etdi. Qanunsuz silahlı birləşmələrin mövcudluğu, hərbi təxribatlar və ərazilərin minalanması təhlükəsizlik baxımından ciddi problemlər yaratdı. 2023-cü ilin sentyabrında baş verən hadisələr isə vəziyyətin daha da kəskinləşməsinə səbəb oldu.
Sentyabrın 19-da mina partlayışı nəticəsində Azərbaycan Dövlət Yol Agentliyinin əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının həlak olması ilə bağlı hadisədən sonra Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın əsas məqsədi Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinin dayandırılması və Konstitusiya quruluşunun bərpa edilməsi idi.
Antiterror tədbirləri 23 saat ərzində başa çatdı. Əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr fəaliyyətini dayandırdı və separatçı rejimin mövcudluğuna son qoyuldu. Bununla Azərbaycan Respublikasının dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi.
20 sentyabr hadisələrinin mühüm nəticələrindən biri də Azərbaycan dövlətinin hüquqi və inzibati sisteminin Qarabağda tam tətbiqinin qarşısında olan maneələrin aradan qalxması oldu. Azərbaycan bayrağının Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və digər yaşayış məntəqələrində ucaldılması dövlət suverenliyinin bərpasının əyani ifadəsinə çevrildi.
Suverenliyin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf mərhələsi başladı. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, nəqliyyat infrastrukturunun yaradılması, sosial obyektlərin tikilməsi və insanların doğma yurdlarına qayıtması istiqamətində genişmiqyaslı işlər görülür.
Bu proses yalnız fiziki infrastrukturun yenilənməsi deyil, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıdışının təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Böyük Qayıdış proqramı çərçivəsində yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin yerləşdirilməsi azad edilmiş ərazilərdə həyatın bərpasının mühüm göstəricilərindəndir.
Beləliklə, 2020-ci ilin Zəfəri ilə başlayan tarixi proses 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə yeni mərhələyə qədəm qoydu. Bu gün həmin Zəfər quruculuq, bərpa və Böyük Qayıdış prosesi ilə davam etdirilir.
20 sentyabr Azərbaycan xalqının yaddaşında dövlətçilik iradəsinin, ərazi bütövlüyünün və suverenliyin bərpasını ifadə edən tarixi gün kimi yaşayacaq. Bu uğurun əldə olunmasında canından keçən şəhidlərimizin fədakarlığı və qazilərimizin qəhrəmanlığı heç zaman unudulmayacaqdır.

Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər