PDF Oxu

Siyasət

  • 424

Dövlət Suverenliyi – Azərbaycanın milli iradəsinin və tarixi zəfərinin təcəssümü - ŞƏRH

image

Müstəqil dövlətə sahib olmaq hər bir xalqın tarix boyu qarşısına qoyduğu ən böyük məqsədlərdən biridir. Dövlət müstəqilliyinin qorunması, milli iradənin və ərazi bütövlüyünün təmin olunması xalqın gələcəyini müəyyən edən əsas amillərdəndir. Azərbaycan xalqı da mürəkkəb və keşməkeşli tarixi yol keçərək öz dövlətçilik ənənələrini qoruyub saxlayıb, müstəqillik uğrunda mübarizəsini davam etdirib. Bu gün Azərbaycan öz siyasi iradəsini sərbəst şəkildə həyata keçirən, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlətdir.
20 sentyabr Azərbaycan tarixinin mühüm səhifələrindən birini təşkil edir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu tarixin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpa olunmasının tarixi əhəmiyyətini bir daha nümayiş etdirir. Bu gün Azərbaycanın müstəqil dövlətçilik tarixində xüsusi yeri olan hadisənin yaddaşlarda yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Dövlət Suverenliyi Günü yalnız hər hansı tarixi hadisənin ildönümü deyil. Bu tarix Azərbaycan xalqının uzun illər ərzində üzləşdiyi çətinliklərin, torpaqlarımızın işğal altında qalmasının yaratdığı ağır nəticələrin və nəhayət, milli məqsədlərə nail olmaq üçün həyata keçirilmiş ardıcıl dövlət siyasətinin nəticəsini özündə ehtiva edir.
Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik və idarəçilikdə yol verilən ciddi səhvlər Azərbaycanın ərazi bütövlüyünə ağır zərbə vurdu. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal edildi, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Xocalı soyqırımı başda olmaqla, dinc əhaliyə qarşı törədilən cinayətlər xalqımızın yaddaşında silinməz izlər buraxdı. İşğal dövründə şəhər və kəndlərimiz dağıdıldı, mədəni və tarixi irsimizə ciddi ziyan vuruldu.
Lakin Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmadı. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Ölkənin iqtisadi potensialının artırılması, müdafiə imkanlarının gücləndirilməsi, müasir və peşəkar ordunun formalaşdırılması, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi qarşıya qoyulan əsas strateji hədəflər sırasında idi.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcını qoydu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və peşəkarlıq, şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı hesabına ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə olundu.
Lakin qarşıda hələ Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin edilməsi vəzifəsi dayanırdı. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində qarşıya qoyulan hərbi məqsədlərə nail olundu və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bütün ərazidə bərpası təmin edildi.
20 sentyabr 2023-cü il məhz bu baxımdan Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Həmin tarixdə ölkəmizin ərazi bütövlüyünün ardınca dövlət suverenliyi də tam şəkildə təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının ölkənin bütün ərazilərində dalğalanması milli iradənin və dövlətçilik əzminin təntənəsinə çevrildi.
Suverenlik anlayışı dövlətin yalnız ərazi üzərində hakimiyyəti ilə məhdudlaşmır. O, xalqın öz gələcəyini müəyyən etmək hüququnu, dövlətin müstəqil qərar qəbul etmək imkanını və milli maraqların qorunmasını ifadə edir. Azərbaycan son illərdə həyata keçirdiyi ardıcıl siyasətlə siyasi, iqtisadi və hərbi potensialını gücləndirərək öz milli maraqlarını müstəqil şəkildə təmin etmək imkanlarını genişləndirib.
Bu baxımdan Dövlət Suverenliyi Gününün təsis edilməsi mühüm tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsi olmaqla yanaşı, gənc nəslin dövlətçilik dəyərləri ruhunda tərbiyəsinə də mühüm töhfə verir. Bu tarix gələcək nəsillərə müstəqilliyin və suverenliyin necə böyük əhəmiyyət daşıdığını xatırladır.
Azərbaycanın suverenliyinin tam bərpa olunması regionda yeni reallıqların formalaşmasına da şərait yaradıb. Qarabağda separatizm meyillərinin aradan qaldırılması Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşu baxımından yeni mərhələ yaradıb. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.
Eyni zamanda Azərbaycanın bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyini təşviq etməsi regional münasibətlər sistemində yeni imkanlar yaradır. Ölkəmizin nəqliyyat, enerji və iqtisadi layihələrdə fəal iştirakı Cənubi Qafqazın gələcək inkişafında Azərbaycanın rolunu daha da artırır.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının keçdiyi uzun və mürəkkəb yolun, milli iradənin, dövlətçilik əzminin və tarixi Zəfərin rəmzlərindən biridir. Bu tarix göstərir ki, müstəqilliyin qorunması yalnız dövlətin deyil, bütün xalqın milli məsuliyyətidir. Bu gün Azərbaycan öz suverenliyini tam təmin etmiş dövlət kimi qarşıdakı hədəflərinə inamla doğru irəliləyir.

Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər