Konstitusiyamız bu prinsipləri dövlətin fundamental əsasları kimi təsbit edir. Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın uzun illər işğal altında qalması həmin hüquqi və konstitusion prinsiplərin ölkəmizin bütün ərazisində tam şəkildə reallaşdırılmasına imkan vermirdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə işğal faktına son qoyulması istiqamətində həlledici mərhələ oldu. Lakin dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri də ölkənin bütün ərazisində suverenliyin və Konstitusiya quruluşunun tam bərpa edilməsi idi. Bu məqsədə 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində nail olundu.
Bu hadisə Azərbaycanın hərbi gücünün nümayişi olmaqla yanaşı, uzun illər ərzində formalaşdırılmış məqsədyönlü dövlət strategiyasının nəticəsi idi. 2020-ci ildə ərazi bütövlüyümüzün böyük hissəsinin bərpasından sonra Azərbaycan sülhün və sabitliyin təmin olunması üçün müxtəlif imkanlardan istifadə etdi. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün dəfələrlə imkanlar yaradıldı və onlara Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşamaq təklif edildi.
Lakin bütün bunlara baxmayaraq, Qarabağda fəaliyyət göstərən separatçı strukturlar öz mövcudluğunu davam etdirdi, qanunsuz silahlı birləşmələr yaradıldı, ərazilər minalarla çirkləndirildi və müxtəlif təxribatlara yol verildi. Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, bölgədəki qanunsuz fəaliyyət aradan qaldırılmadı.
2023-cü il sentyabrın 19-da mina partlayışı nəticəsində Azərbaycan Dövlət Yol Agentliyinin əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının həlak olması vəziyyəti daha da gərginləşdirdi. Bunun ardınca Azərbaycan Ordusu Konstitusiya quruluşunun bərpası və qanunsuz silahlı birləşmələrin fəaliyyətinin dayandırılması məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı.
Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısında qoyulan əsas vəzifələri yerinə yetirdi. Qanunsuz silahlı birləşmələr fəaliyyətini dayandırdı, separatçı rejimin mövcudluğuna son qoyuldu və Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində təmin edildi.
2023-cü il sentyabrın 20-si Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən birinə çevrildi. Həmin gün Azərbaycanın dövlət suverenliyi tam şəkildə bərpa edildi. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər yaşayış məntəqələrində Azərbaycan bayrağının dalğalanması ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan uzunmüddətli mübarizənin məntiqi nəticəsi oldu.
Suverenliyin tam bərpası yalnız hərbi-siyasi nəticə ilə məhdudlaşmadı. Bu hadisə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq prosesinin yeni mərhələyə keçməsinə imkan yaratdı. Bu gün həmin ərazilərdə müasir yollar və nəqliyyat infrastrukturu yaradılır, hava limanları, məktəblər, xəstəxanalar, yaşayış məhəllələri və digər sosial obyektlər inşa olunur.
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı da davam edir. Uzun illər həsrətlə gözlənilən qayıdış artıq real həyatın bir hissəsinə çevrilib. Beləliklə, Azərbaycan hərbi Qələbədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa mərhələsini həyata keçirir.
Bu tarixi prosesin arxasında Azərbaycan xalqının iradəsi, dövlətimizin siyasi əzmi, ordumuzun gücü və şəhidlərimizin misilsiz fədakarlığı dayanır. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunur, qazilərimizin qəhrəmanlığı yüksək qiymətləndirilir.
20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm və əlamətdar bir gün kimi xalqımızın yaddaşında yaşayacaq. Bu tarix dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını, milli iradənin və dövlətçilik prinsiplərinin qələbəsini ifadə edən mühüm tarixi mərhələdir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı