Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq münasibətlər sistemində artan rolu, üzv dövlətlər arasında həmrəyliyin və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi müasir dövrün mühüm reallıqlarından birinə çevrilib. Sentyabrın 17-də Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər təşkilatın qarşısında dayanan strateji hədəfləri və geniş imkanları aydın şəkildə ortaya qoyub. Dövlət başçısının çıxışı Türk dünyasının potensialının vahid məqsədlər naminə səfərbər edilməsinin regional və beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.
Prezident İlham Əliyev qeyd edib ki, 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən ötən dövr ərzində TDT mühüm məsələlərin həllində, üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında və beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsində öz potensialından maksimum istifadə edir. Dövlət başçısının sözlərinə görə, təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi TDT-nin beynəlxalq arenada rolunun və yerinin daha da gücləndirilməsidir.
Bu yanaşma təsadüfi deyil. Türk Dövlətləri Təşkilatını birləşdirən amillər yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və etnik yaxınlıq təşkilat daxilində həmrəyliyin möhkəm təməlini formalaşdırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz bu mənəvi birlik TDT-yə xüsusi əhəmiyyət qazandıran əsas amillərdəndir.
TDT məkanı geniş coğrafiyanı əhatə etməklə yanaşı, mühüm enerji və nəqliyyat marşrutlarının üzərində yerləşir. Bu baxımdan üzv dövlətlərin potensialının əlaqələndirilməsi təkcə təşkilata daxil olan ölkələrin deyil, daha geniş coğrafiyanın iqtisadi və strateji imkanlarının genişlənməsinə xidmət edir. Prezident İlham Əliyev enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının ümumi təhlükəsizlik məsələləri ilə sıx bağlı olduğunu xüsusi qeyd edib.
Azərbaycanın bu prosesdə xüsusi rolu vardır. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmiz həm Mərkəzi Asiya dövlətləri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqələr quraraq enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm mövqe tutur. Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi də Türk dünyası daxilində əməkdaşlığın real məzmununu nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik məsələləri xüsusi yer tutub. Müasir dünyada təhlükələrin xarakterinin dəyişdiyini nəzərə alaraq, dövlətlərin təhlükəsizlik qurumları arasında məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Dövlət başçısı mümkün təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
TDT məkanında sabitliyin qorunması həm də təşkilatın davamlı inkişafının əsas şərtlərindən biridir. Çünki sabitlik və təhlükəsizlik olmadan iqtisadi inkişafın, investisiyaların, yeni texnologiyaların və innovasiyaların genişlənməsi mümkün deyil. Bu baxımdan üzv ölkələrin təhlükəsizlik sahəsində əməkdaşlığı TDT-nin ümumi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyev çıxışında gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna və ortaq tarixi irsə bağlı şəkildə yetişdirilməsinin vacibliyinə də diqqət çəkib. Bu yanaşma Türk dünyasının gələcək nəsilləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinin genişləndirilməsi, forum və konfransların keçirilməsi ortaq dəyərlərin daha geniş şəkildə təbliğinə imkan yaradır.
Dövlət başçısının çıxışında səslənən fikirlərdən aydın olur ki, Türk Dövlətləri Təşkilatının qarşısında genişmiqyaslı hədəflər dayanır. Qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, ölkələr və xalqlar arasında əlaqələrin daha da sıxlaşdırılması, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi TDT-nin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Bu gün Türk dünyası geniş coğrafiyası, iqtisadi imkanları, enerji və nəqliyyat potensialı, gənc əhalisi, ortaq tarixi və mənəvi dəyərləri ilə böyük imkanlara malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşıda duran əsas məqsədlərdən biri bu imkanları birgə səylərlə daha səmərəli şəkildə reallaşdırmaq və TDT-ni aparıcı beynəlxalq institutlardan birinə çevirməkdir. Bu məqsəd Türk Dövlətləri Təşkilatının gələcək inkişaf istiqamətlərinin əsasını təşkil edən mühüm strateji yanaşma kimi diqqəti cəlb edir.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı