Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər təşkilatın qarşıdakı fəaliyyət istiqamətlərinə dair mühüm mesajlarla yadda qaldı. Görüşdə TDT Baş katibi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının təhlükəsizlik sahəsində yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Dövlətimizin başçısı çıxışında Türk Dövlətləri Təşkilatının son illərdə mühüm inkişaf yolu keçdiyini diqqətə çatdıraraq təşkilatın beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə etdiyini vurğulayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra TDT-nin fəaliyyət dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Bu gün təşkilat çərçivəsində beynəlxalq gündəlik, beynəlxalq təhlükəsizlik, ticarət, nəqliyyat, multikulturalizm və humanitar əməkdaşlıq kimi mühüm məsələlər müzakirə olunur. Bu, Türk dünyasının siyasi, iqtisadi və humanitar imkanlarının getdikcə daha geniş miqyasda reallaşdırıldığını göstərir.
Türk Dövlətləri Təşkilatının gücünü və potensialını şərtləndirən əsas amillərdən biri üzv ölkələri birləşdirən ortaq tarixi, etnik, dil və mədəni bağlardır. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər qardaş ölkələr arasında münasibətlər yalnız dövlətlərarası əlaqələrlə məhdudlaşmır. Xalqlarımızı ortaq dəyərlər, ənənələr və zəngin tarixi-mədəni irs birləşdirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər gələcək nəsillərə düzgün şəkildə çatdırılmalı, gənclərin Türk dünyasının ortaq dəyərləri ruhunda yetişdirilməsinə xüsusi diqqət yetirilməlidir. Bu baxımdan gənclər təşkilatları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, birgə layihələrin və müxtəlif tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Təhlükəsizlik məsələsi isə Türk Dövlətləri Təşkilatının əməkdaşlıq gündəliyində mühüm yer tutur. Ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizliyin hökm sürməsi böyük üstünlük olmaqla yanaşı, bu vəziyyətin qorunması üçün ardıcıl və koordinasiyalı fəaliyyət tələb edir. Prezident İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik şuralarının rəhbərləri qarşısında dayanan vəzifələrin əhəmiyyətini vurğulayaraq məlumat və təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və digər risklərlə mübarizədə mühüm rol oynaya bilər.
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi də bu baxımdan əlamətdar hadisədir. Belə görüşlər ortaq təhlükəsizlik çağırışlarının müzakirəsinə, qarşılıqlı təcrübə mübadiləsinə və təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsinə imkan yaradır. Azərbaycan Prezidentinin müraciətində də qeyd olunduğu kimi, təhlükəsizlik şuralarının mütəmadi görüşləri TDT məkanında təhlükəsizlik sahəsində dialoqu yeni səviyyəyə qaldırmaqla yanaşı, ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir.
Türk dünyasının birliyini gücləndirən mühüm amillərdən biri də xalqlarımızın ortaq mədəni və ədəbi irsidir. Prezident İlham Əliyevin görüş zamanı Azərbaycan-Özbəkistan münasibətlərinə toxunarkən Əlişir Nəvai və Nizami Gəncəvinin adlarını xüsusi qeyd etməsi bunun parlaq nümunəsidir. Dövlətimizin başçısı Daşkənddə Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə təşəkkürünü bildirib və Bakıda Əlişir Nəvainin abidəsinin çoxdan ucaldıldığını xatırladıb. Bu iki böyük şəxsiyyət müxtəlif dövrlərdə yaşayıb-yaratsalar da, xalqlarımızın zəngin ədəbi-mədəni irsində mühüm iz qoyublar. Onların adını daşıyan abidələrin Bakı və Daşkənddə ucaldılması Azərbaycan və Özbəkistan arasında möhkəm tarixi və mənəvi bağların ifadəsidir.
Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatı yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, həm də ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulan geniş bir birlikdir. Bu birliyin daha da möhkəmləndirilməsi üçün dövlətlərarası əlaqələrlə yanaşı, xalqlar arasında birbaşa münasibətlərin, xüsusilə gənclər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcək nəsillərin qardaş xalqlara münasibəti də bugünkü nəslin münasibəti kimi olmalıdır. Bunun üçün nümunəvi fəaliyyətlə yanaşı, düzgün ideoloji və maarifləndirici işin aparılması vacibdir.
Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü Türk dünyasının qarşısında dayanan prioritetləri bir daha nümayiş etdirdi. Beynəlxalq arenada təşkilatın mövqeyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində koordinasiyanın artırılması, sülh və sabitliyin qorunması, gənclər arasında əlaqələrin genişləndirilməsi və ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsi Türk dünyasının inkişafının əsas istiqamətlərindəndir. Azərbaycanın təşəbbüsləri və Prezident İlham Əliyevin irəli sürdüyü baxışlar isə bu prosesdə qarşılıqlı etimad və həmrəyliyin daha da möhkəmləndirilməsinə yönələn mühüm yanaşmaları əks etdirir.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı