PDF Oxu

Siyasət

  • 981

Türk Dövlətləri Təşkilatı — Ümumi dəyərlərdən güclü əməkdaşlığa - ŞƏRH

image

​Türk dünyası əsrlər boyu ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlanan xalqların məkanı olmuşdur. Müasir dövrdə bu tarixi və mədəni yaxınlıq müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır. Türk Dövlətləri Təşkilatı (TDT) da məhz bu cür çoxtərəfli əlaqələrin dərinləşməsinə xidmət edən strateji beynəlxalq platformalardan biridir.
​Təşkilatın əsası 3 oktyabr 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi ilə qoyulmuşdur. Qurum ilk dövrlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə fəaliyyət göstərmişdir. 2021-ci ildə İstanbulda keçirilən Zirvə Görüşündə qurumun adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilmişdir. Bu addım təşkilatın fəaliyyət miqyasının genişlənməsi və türk dövlətləri arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir.
​Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təşkilatın tamhüquqlu üzvləridir. Bununla yanaşı, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası TDT-də müşahidəçi statusunda təmsil olunur. Belə geniştərkibli əməkdaşlıq çərçivəsi türk dünyası ölkələri arasında inteqrasiyanı sürətləndirir.
​Təşkilatın prioritet məqsədlərindən biri üzv dövlətlər arasında siyasi, iqtisadi, mədəni, humanitar və təhlükəsizlik sahələrində əlaqələri genişləndirməkdir. Dövlət başçılarının Zirvə görüşlərində regionun və türk dünyasının qarşısında duran strateji məsələlər müzakirə olunur, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Bu platforma həm də ölkələrin təcrübə bölüşməsi və birgə layihələr irəli sürməsi üçün səmərəli imkanlar yaradır.
​Azərbaycan TDT-nin fəaliyyətində ən fəal təşəbbüskar ölkələrdən biridir. Respublikanın strateji coğrafi mövqeyi Şərqlə Qərb arasında nəqliyyat və iqtisadi dəhlizlərin qovşağı kimi onun əhəmiyyətini artırır. Xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin inkişafı türk dövlətləri arasında nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi çəkiyə malikdir. Bu marşrut Asiya ilə Avropanı birləşdirən ən təhlükəsiz və qısa nəqliyyat xətlərindən biridir.
​İqtisadi əməkdaşlıq təşkilatın gündəliyində mərkəzi yer tutur. Üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və sahibkarlıq əlaqələrinin stimullaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Nəqliyyat altyapısının təkmilləşdirilməsi isə məhsul və xidmətlərin regional və qlobal bazarlara çıxışını asanlaşdırır. Enerji sahəsində strateji tərəfdaşlıq da türk dövlətləri arasındakı münasibətlərin dayaq sütunlarındandır.
​TDT-nin fəaliyyəti yalnız iqtisadi-siyasi çərçivə ilə məhdudlaşmır; ortaq tarix və mədəniyyət əməkdaşlığın ruhunu təşkil edir. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların vasitəsilə türk xalqlarının ədəbiyyatı, musiqisi, folkloru, incəsənəti və tarixi irsi geniş təbliğ olunur. Bu qarşılıqlı mədəni mübadilə xalqların bir-birini daha yaxından tanımasına zəmin yaradır.
​ ​Turizm sektoru da böyük əməkdaşlıq potansiyalı nümayiş etdirir. Türk dövlətlərinin hər biri zəngin təbiəti, tarixi abidələri və özünəməxsus mədəni irsi ilə seçilir. Birgə turizm marşrutlarının və layihələrinin işlənib hazırlanması həm ölkə iqtisadiyyatlarına töhfə verir, həm də mədəni turizmin inkişafına şərait yaradır.
​Müasir dövrdə rəqəmsallaşma, süni intellekt və innovasiyalar da təşkilatın əsas prioritetlərinə çevrilib. Rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi dövlətlər arasında məlumat və texnologiya mübadiləsini asanlaşdırır. Elm və texnologiya sahəsində birgə startapların və innovativ layihələrin dəstəklənməsi türk dövlətlərinin müasir çağırışlara hazır olmasına kömək edir.
​Türk Dövlətləri Təşkilatının unikal xüsusiyyəti onun dərin tarixi-mədəni köklərini müasir geoiqtisadi və geopolitik reallıqlarla uzlaşdıra bilməsindədir. Hər bir üzv dövlətin özünəməxsus suverenliyi, dövlətçilik ənənəsi və iqtisadi modeli mövcuddur. Bu rəngarənglik təşkilat daxilində çevik və çoxşaxəli əməkdaşlıq üçün əlavə üstünlüklər yaradır.
​Yekun olaraq, bu gün türk dövlətləri arasındakı münasibətlər yalnız emosional və tarixi bağlara deyil, həm də praqmatik qarşılıqlı maraqlara və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykənir. Nəqliyyat, enerji, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində atılan birgə addımlar TDT-nin regionda və dünyada getdikcə daha mühüm güc mərkəzinə çevriləcəyindən xəbər verir.

Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər