Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qobustan qəsəbəsinin sxemi əsasında təmirə ehtiyacı olan yollar barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, 14 min 585 nəfər əhalisi olan Qobustanda artıq qəsəbədaxili yolların əsaslı təmirinə başlanılıb. İndiyə qədər yolların 10 min kvadratmetr hissəsinə yeni asfalt örtüyü döşənib. Yolun qalan 18 min kvadratmetr hissəsinin də asfalt örtüyü təzələnəcəkdir. Məhəllədaxili bütün küçələrdə yeni işıqlandırma sistemi quraşdırılacaqdır. Qəsəbədə görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü. Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar. Qobustan qəsəbəsinin sakinlərini salamlayan Prezident İlham Əliyev onlarla səmimi söhbət etdi: "Sizi salamlayıram, xoş gördük. Qobustan qəsəbəsinin inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. İndi işlər başlayıbdır. Birinci mərhələdə biz yolların çəkilişi ilə məşğul olacağıq. Çünki buna böyük ehtiyac var. Qobustan qəsəbəsinin yollarının, demək olar ki, hamısı torpaq yollardır. Asfalt salınmayıb, keçmişdə də olmayıb, indi də yoxdur. Əlbəttə, bu, böyük çətinliklər yaradır. Çünki yağış yağanda, qar yağanda bu yollardan keçmək mümkün deyil. İndi mən maşınla gələndə görürdüm, sağ-soldakı küçələrin hamısı torpaq yollardır. Ona görə biz bu gün bu işlərə başlayırıq. Bütün küçələr asfaltlanacaqdır. Bu işlər mərhələlərə bölünübdür. Hər bir mərhələdə müəyyən qədər işlər görülməlidir.
Bütövlükdə Bakı şəhəri qəsəbələrinin inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Keçən ayın əvvəlində böyük müşavirə keçirilmiş, göstərişlər verilmiş, proqram hazırlanmışdır. Bu ay proqram təsdiq olunacaq və onun icrası nəticəsində qəsəbələrin hamısında bütün infrastruktur məsələləri və sosial məsələlər öz həllini tapacaqdır.
İlk növbədə isə yollar. Çünki buna ən böyük ehtiyac var. Ondan sonra işıq dirəkləri qoyulacaq. Qəsəbə yolları, demək olar ki, işıqlandırılmır, axşamlar qaranlıq olur. Sosial obyektlərə gəldikdə, mənə indi məlumat verildi ki, məktəb tikintisinə ehtiyac var. Xəstəxana çox bərbad vəziyyətdədir. Deyə bilərəm ki, dözülməz vəziyyətdədir. Bu məsələləri biz operativ şəkildə həll edəcəyik.
Bütövlükdə ölkəmizdə böyük quruculuq işləri aparılır. Hər bir bölgəyə, hər bir rayona dair xüsusi proqramlar var. Belə olan halda, Bakı qəsəbələrinin inkişafı ilə bağlı, əlbəttə ki, daha da ciddi tədbirlər görülməlidir.
Son illər ərzində müəyyən işlər görülübdür. Məktəb tikintisi, tibb məntəqələrinin tikintisi layihələri icra olunubdur. Ancaq növbəti illərdə daha da genişmiqyaslı işlər görülməlidir. Bax, indi Bakı-Ələt yolu dünyanın ən yüksək standartlarına cavab verir. Hətta işıq dirəkləri də qurulur. Baxmayaraq ki, dünya təcrübəsində magistral yollarda işıq olmur. Amma biz bunu da edirik. Qəsəbədaxili yollar da elə olmalıdır. Qəsəbələrarası yollar yaxşı olmalıdır. Yəni insanların rahatlığı üçün, işləməsi üçün, yaxşı yaşaması üçün bütün işləri biz görürük. Bu, birinci addımdır. Bundan sonra daha da böyük işlər görüləcəkdir. Yenə də demək istəyirəm ki, qəbul olunacaq proqram bütün qəsəbələri əhatə edəcək və hər bir qəsəbə üçün ayrıca iş qrafiki tərtib olunacaqdır. Bu, böyük bir işdir. Çünki Bakının ətrafında 40-dan çox qəsəbə var. O qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Necə deyərlər, - mən bir dəfə demişəm, - özlüyündə böyük bir şəhər boyda qəsəbələrdir. Əlbəttə ki, bu işləri görmək üçün böyük vəsait və vaxt tələb olunacaqdır. Ancaq mən istəyirəm ki, bütün bu işləri maksimum qısa müddət ərzində görək. Əlbəttə ki, burada yerli icra orqanlarının fəaliyyətindən çox şey asılı olacaqdır. Eyni zamanda, qəsəbə sakinləri də bütün bu gözəl təşəbbüslərə qoşulmalı, fəal iştirak etməlidirlər. Həm də öz təkliflərini, iradlarını bildirməlidirlər ki, hansı məsələlər daha da tez həll olunmalıdır, hansı məsələlər narahatlıq doğurur, harada biz nəyi düzəltməliyik, nəyi etməliyik. Yəni bu bağlantı olmalıdır ki, biz də tam məlumat əldə edək ki, işlər hansı ardıcıllıqla görülməlidir.
Bu gün mən gəlmişəm ki, həm işin başlanğıcı ilə tanış olum, həm sizdən eşidim ki, - istəyiniz nədir, arzularınız nədir, biz nə etməliyik ki, işlər sürətlə və maksimum səmərə ilə aparılsın."
Sakinlər diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.
X X X
Qobustan qəsəbəsinin sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev Ələt qəsəbəsinə gəldi. Burada da görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, Ələtdə qəsəbədaxili yolların 4 min 500 kvadratmetrinə yeni asfalt örtüyü döşənib. Yolun 22 min kvadratmetr hissəsinə isə asfalt örtüyü döşəmək üçün ilkin hazırlıq işləri başa çatdırılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Ələt qəsəbəsində məktəb və xəstəxana üçün yeni binaların tikintisinə də başlanılacaqdır. Bütövlükdə Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində 60 min kvadratmetr daxili yollar əsaslı təmir ediləcəkdir. Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Ələt qəsəbəsinin sakinləri ilə görüşdü:
"Ələt qəsəbəsində yollar çəkilir. Deyə bilərəm ki, bu tarixdə ola bilər ki, ilk dəfədir burada yollar çəkilir. Mənə verilən məlumata görə bu qəsəbənin yollarının hamısı demək olar ki, torpaq yollar olub. Yağış yağanda, hava şəraiti pozulanda bu yollardan keçmək mümkün deyildir. Ona görə qəsəbə yollarının tikintisi birinci dərəcəli məsələdir - hər bir qəsəbədə, o cümlədən Ələt qəsəbəsində. Amma bu, böyük vəsait tələb edən işdir. İndi mənə məlumat verildi ki, 600 min kvadratmetr asfalt vurulmalıdır ki, bütün qəsəbə yollarını normal vəziyyətə çatdıra bilək. Biz bu işləri tədricən görəcəyik.
Bu, birinci mərhələdir. Bakıətrafı qəsəbələrin hamısında quruculuq işləri aparılmalıdır. Tapşırıqlar da verilmişdir. İndi gəlmişəm ki, sizdən eşidim, hansı problemləriniz vardır, biz nəyi etməliyik, birinci növbədə, bundan sonrakı mərhələlərdə nə etməliyik?! Təbii, qarşıya vəzifə qoyulub ki, bütün qəsəbələrdə infrastruktur, yollar, qaz, işıq, su, kanalizasiya xətləri, sosial obyektlər, məktəb, xəstəxanalar tikilməlidir, təmir olunmalıdır və normal vəziyyətə çatdırılmalıdır.
Yenə də demək istəyirəm ki, böyük bir proqramdır. Ancaq hazırda təxirəsalınmaz tədbirlər görülməlidir ki, bu işləri yerinə yetirək.
Qaradağ rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır. Qaradağ rayonu əslində ölkə miqyasında böyük sənaye mərkəzinə çevrilməlidir. Mən keçən dəfə Qaradağ rayonunda olarkən bu barədə fikirlərimi bildirmişəm, ondan sonra Nazirlər Kabinetinin iclasında bu barədə sözlərimi demişəm.
Ölkəmizdə üç əsas sənaye mərkəzi yaradılmalıdır, onlardan biri Qaradağ rayonudur. Hazırda rayonda böyük müəssisələr, sement zavodu inşa olunur, yəqin ki, ikinci sement zavodu da tikilməlidir. Ondan sonra gəmiqayırma zavodu tikilir. Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikilir. Bu liman istismara veriləndən sonra burada minlərlə yeni iş yeri açılacaq ki, Ələt qəsəbəsinin sakinləri də orada işləyə bilərlər. Yəni, bütövlükdə rayonun güclü sənaye mərkəzinə çevrilməsi prosesi gedir. Bununla bərabər, bütün sosial məsələlər də öz həllini tapmalıdır. Rayon üçün ilk növbədə, bu yolların salınması böyük əhəmiyyət kəsb edir. Çünki bir daha demək istəyirəm, siz bunu yaxşı bilirsiniz ki, burada asfalt yollar olmayıb. Amma bundan sonra olacaqdır. Bu, birinci yoldur. Artıq xəritədə də göstərilib, biz harada nə işləri görəcəyik. Tezliklə bütün yollar asfaltla örtülməlidir.
Burada bütün sosial məsələlər tədricən həll olunmalıdır və hər bir qəsəbənin xüsusi inkişaf planı olmalıdır. İndi bütün müvafiq göstərişlər verilmişdir ki, hər bir qəsəbə üzrə təxirəsalınmaz tədbirlərin siyahısı da tutulsun. Əslində bu məsələlər, bu problemlər bəllidir. Biz bunları bilirik. Su, kanalizasiya problemi, əfsuslar olsun ki, nəinki bu qəsəbə üçün, bütün qəsəbələr üçün ciddi problemdir.
İndi ölkəmizdə böyük və geniş proqram icra olunmağa başlayır. Hər bir bölgədə, o cümlədən Bakıda su, kanalizasiya problemlərinin həlli üçün tədbirlər görülür. Hazırda bu, ən ciddi problemdir. Çünki vaxtilə elektrik enerjisi ilə bağlı problemlər də tədricən həll olunub. Bu gün bu problem yoxdur. Sizdə də yoxdur. Qazlaşdırma gedir. Ölkəmizin hər bir yerində indi qaz xətləri çəkilir. Bildiyimə görə, Ələt qəsəbəsində də qazlaşdırma aparılıbdır və qaz verilir. Ona görə içməli su, kanalizasiya problemləri öz həllini gözləyir. Amma bu problem onilliklər, yüzilliklər ərzində bizim üçün ağrılı problem olub. Əvvəlki dövrdə - maliyyə imkanlarımız məhdud olan zaman xaricdən kredit almaq çətin idi, yəni, problem həll olunmurdu. Hazırda daxili resurslarımız hesabına biz bu problemi həll etməliyik və müvafiq tapşırıqlar verilibdir. Hər bir qəsəbədə, hər bir rayonda su, kanalizasiya problemləri həll olunmalıdır. Bununla bərabər, yenə də qeyd etmək istəyirəm ki, məktəb tikintisi, xəstəxanaların təmiri, tikintisi, yolların çəkilişi getməlidir. Bu yollarda, əlbəttə asfalt da, işıqlar da, işıq dirəkləri də yox idi. Yəni axşamlar bura zülmət qaranlıq idi. Ona görə işıq dirəkləri də qoyulmalıdır. Yəni, biz bu işlərə kompleks şəkildə və çox ciddi yanaşmalıyıq. Regionların sosial-iqtisadi inkişafı proqramı var və artıq ikinci mərhələsi başlanıbdır. Bakı qəsəbələrinin də proqramı olmalıdır. Bu proqram indi hazırlanır. Bu ay təsdiq olunacaq və mətbuatda dərc ediləcəkdir. Hər bir vətəndaş görəcək ki, onun qəsəbəsində hansı işlər görülməlidir. Bu proqramı çox müfəssəl şəkildə tərtib etmək üçün biz yerlərdən təklifləri yığmalıyıq. Yəni, sizin qaldırdığınız məsələlər, şübhəsiz, bu proqramın çərçivələrinə daxil olunacaqdır. Ola bilsin ki, məktəb, xəstəxana ilə bağlı məsələlər ondan əvvəl də həll edilsin. Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaq ki, bu məsələlər həll olunsun. Sizdən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı əgər hər hansı bir problem, narazılıq, şikayət olarsa, həm mənə, həm rayon icra hakimiyyətinə, şəhər icra hakimiyyətinə müraciət edin. Biz bilməliyik ki, nəyi etməliyik, nəyi düzəltməliyik?! Hansı çatışmayan məsələlər var ki, biz tezliklə bunları həll edək.
Mən əminəm ki, yaxın zamanlarda, bir neçə ildən sonra Bakı qəsəbələrinin bütün problemləri öz həllini tapacaqdır."
Sonda sakinlər Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.