Bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemi dövlətlər qarşısında yeni çağırışlar yaradır. Müharibələrin coğrafiyasının genişlənməsi, terrorizm, transmilli cinayətkarlıq, informasiya və kiberməkanda yaranan təhdidlər təhlükəsizlik məsələsinə əvvəlkindən daha geniş yanaşmağı tələb edir. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatının təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Sentyabrın 17-də Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü də məhz bu baxımdan diqqət çəkdi. Dövlətimizin başçısı görüşdə təşkilatın beynəlxalq nüfuzunun artdığını, üzv ölkələrin potensialının genişləndiyini və onların beynəlxalq arenada TDT-nin rolunun daha da gücləndirilməsində maraqlı olduğunu bildirdi.
Prezident İlham Əliyevin çıxışında Türk dünyasının mənəvi-siyasi birliyi xüsusi vurğulandı. “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri Azərbaycanın TDT ilə münasibətlərinin mahiyyətini ifadə edən mühüm tezis kimi diqqət çəkdi. Dövlətimizin başçısının sözlərinə görə, ümumi etnik köklər, dil, mədəniyyət və mənəvi yaxınlıq təşkilatın üzv dövlətləri arasında həmrəyliyin mühüm əsaslarından biridir.
Bu ailə birliyinin mühüm dayaqlarından biri isə təhlükəsizlikdir. Prezident İlham Əliyev TDT məkanında ictimai asayişin və müxtəlif terror təhdidləri ilə bağlı vəziyyətin nəzarətdə saxlanıldığını qeyd etdi. Bununla yanaşı, dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, mövcud sabitlik arxayınlaşmağa əsas vermir. Ətraf regionlarda müharibələrin davam etməsi və münaqişə coğrafiyasının genişlənməsi təhlükəsizlik məsələlərinə daim diqqət yetirilməsini zəruri edir.
Məhz buna görə TDT ölkələrinin təhlükəsizlik qurumları arasında operativ məlumat mübadiləsi, təcrübə paylaşımı, birgə fəaliyyət və mümkün təhdidlərin qarşısının alınması istiqamətində koordinasiya ön plana çıxır. Prezident İlham Əliyev bu istiqamətlərin hər birini mühüm hesab etdiyini bildirdi. Eyni zamanda, təhlükələrin yalnız fiziki deyil, ideoloji xarakter daşıdığını qeyd edərək gənclərlə işin, onların milli və mənəvi dəyərlərə bağlı ruhda tərbiyəsinin əhəmiyyətini vurğuladı.
Təhlükəsizlik və iqtisadi inkişaf da bir-birindən ayrı təsəvvür edilə bilməz. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ümumi təhlükəsizlik sisteminin mühüm hissələridir. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşməklə həm Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə geniş nəqliyyat və enerji əməkdaşlığı həyata keçirir. Bu baxımdan TDT məkanı mühüm enerji və nəqliyyat marşrutlarının keçdiyi geniş coğrafiya kimi xüsusi imkanlara malikdir.
Görüşün mühüm istiqamətlərindən biri Azərbaycan-Qazaxıstan münasibətləri oldu. Prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələri strateji, müttəfiqlik və qardaşlıq münasibətləri kimi xarakterizə etdi. Dövlətimizin başçısı bundan sonra da fəal qarşılıqlı fəaliyyətin davam etdiriləcəyini və Azərbaycan və Qazaxıstan xalqlarının rifahı naminə birgə çalışılacağını bildirdi. Qazaxıstanın Qarabağın bərpasına verdiyi dəstək də xüsusi minnətdarlıqla qeyd edildi.
Lakin Prezident İlham Əliyevin çıxışının ən mühüm mesajlarından biri beynəlxalq hüququn vəziyyəti ilə bağlı idi. Dövlətimizin başçısı beynəlxalq hüququn üstünlüyünün qorunmasının zəruriliyini vurğulayaraq Azərbaycanın 30 il ərzində üzləşdiyi işğal problemini xatırlatdı. Onun sözlərinə görə, beynəlxalq mexanizmlər normal fəaliyyət göstərsəydi, Azərbaycan öz hüquqlarını hərbi yolla bərpa etməyə məcbur qalmazdı.
Prezident İlham Əliyev bu kontekstdə “beynəlxalq hüquq iflic vəziyyətinə düşmüşdü” ifadəsini işlətdi və bunun öz-özünə baş vermədiyini bildirdi. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edəcək daha işlək mexanizmlərin yaradılmasının vacibliyini qeyd etdi. Dövlətimizin başçısının yanaşmasına görə, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni prinsiplərlə tətbiq olunmalı və selektiv yanaşmalara yol verilməməlidir.
Bütün bu məqamlar göstərir ki, Türk Dövlətləri Təşkilatının gündəliyində təhlükəsizlik məsələsi getdikcə daha geniş məzmun alır. Söhbət yalnız mövcud təhdidlərə cavab verməkdən deyil, həm də qabaqlayıcı tədbirlər görməkdən, informasiya və ideoloji təhlükələrə qarşı dayanıqlılığı artırmaqdan, enerji və nəqliyyat təhlükəsizliyini təmin etməkdən və beynəlxalq hüququn üstünlüyünü müdafiə etməkdən gedir.
17 sentyabr görüşünün əsas mesajlarından biri də budur ki, Türk dövlətləri qarşılıqlı etimad, həmrəylik və əməkdaşlıq imkanlarını daha səmərəli şəkildə birləşdirərək ümumi təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə töhfə verə bilərlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşıda birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və TDT-nin beynəlxalq arenadakı rolunun daha da gücləndirilməsi dayanır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri