Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın təhlükəsizlik strukturlarının rəhbər şəxsləri, həmçinin Şimali Kipr Türk Respublikasının nümayəndəsi iştirak edib. Görüş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində keçirilib.
Möhtərəm Prezident çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, müasir dövrdə təhlükəsizlik məsələləri yalnız hərbi sahə ilə məhdudlaşmır. Dövlətlərin sabitliyi, milli maraqların qorunması, informasiya təhlükəsizliyi və xarici təsirlərin qarşısının alınması da mühüm istiqamətlər sırasındadır.
Prezident təhlükəsizlik üzrə rəhbər şəxslərin qarşısında dayanan vəzifələrin geniş olduğunu vurğulayaraq, üzv ölkələr arasında məlumat və təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, dövlətlərin zəif tərəflərinin müəyyənləşdirilməsi, müxtəlif təhlükələrin hansı istiqamətlərdən yarana biləcəyinin əvvəlcədən təhlil edilməsi və mümkün risklərə qarşı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.
Cənab Prezident Türk dövlətləri arasında münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Bu əməkdaşlığın yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığı, təhlükəsizlik istiqamətində də qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruri olduğu bildirilib. Üzv dövlətlərin təhlükəsizlik strukturları arasında əlaqələrin inkişaf etdirilməsi regional sabitliyə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verə bilər.
Görüşdə müasir dünyada baş verən proseslərin Türk dövlətləri üçün yaratdığı çağırışlara da toxunulub. Müxtəlif regionlarda münaqişələrin və təhlükəsizlik problemlərinin artdığı bir şəraitdə dövlətlər arasında koordinasiyanın gücləndirilməsi mühüm məsələlərdən biri kimi qiymətləndirilib. Bu baxımdan Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında qarşılıqlı dəstəyin və təcrübə mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Dövlət rəhbəri çıxışında dövlətlərin milli maraqlarının və suverenliyinin qorunması məsələsi də diqqət mərkəzində olub. Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsini əsas prioritetlərdən biri kimi təqdim edir. Bu yanaşmanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafında da mühüm rol oynadığı vurğulanıb.
Ümumilikdə, cənab İlham Əliyevin görüşdəki çıxışı Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini nümayiş etdirib.
Bu baxımdan toplantı Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli tədbir kimi diqqət çəkir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini