“Azərbaycanın qədim dövlətçilik tarixində Qafqaz Albaniyasının mühüm yeri var. Müxtəlif tarixi mənbələrdə bu dövlətin Cənubi Qafqazın şərq hissəsində mövcud olduğu, burada öz siyasi və mədəni ənənələrini formalaşdırdığı qeyd edilir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.Onun sözlərinə görə, Alban dövlətinin siyasi tarixinin, xristianlığın bölgədə yayılmasının, yerli memarlıq və mədəniyyət nümunələrinin öyrənilməsi Azərbaycanın qədim tarixinin daha dolğun mənzərəsinin yaradılmasına imkan verir:“Qəbələ eramızdan əvvəl IV–III əsrlərdən etibarən qədim Qafqaz Albaniyası dövlətinin ilk paytaxtı olmuşdur. Prezident İlham Əliyev də bu günlərdə beynəlxalq konfrans iştirakçılarını qəbul edərkən bu tarixi faktı bir daha xatırlatdı.
Həmçinin Şəki və Qəbələ bölgələri qədim Qafqaz Albaniyasının zəngin tarixi və mədəni irsini əks etdirən ən mühüm mərkəzlərdəndir. Şəkinin Kiş kəndində yerləşən məbəd Qafqazda və Qafqaz Albaniyasında ən qədim xristian məbədlərindən biri hesab olunur.
Məsələnin həssas tərəfi isə ondan ibarətdir ki, Qafqaz Albaniyasının irsi uzun müddətdir ermənilər tərəfindən saxtalaşdırılır. Qarabağ və ətraf ərazilərdəki xristian dini abidələrinin mənşəyi ilə bağlı faktlar ortada olduğu halda Ermənistan bu abidələrin yalnız erməni irsi çərçivəsində təqdim edilməsinə can atır. 30 illik işğal bu saxtakarlığı genişləndirmək üçün ermənilərə fürsət verdi. Lakin Azərbaycanın böyük Qələbəsi bu prosesin də qarşısını aldı.
Tarixi proseslər göstərir ki, Cənubi Qafqaz müxtəlif dövlətlərin, xalqların və dini icmaların qarşılıqlı təsir göstərdiyi məkan olub. Buna görə də əsrlər əvvəl inşa edilmiş hər hansı dini abidənin müasir siyasi sərhədlər və ya müasir milli kimlik anlayışları əsasında izah edilməsi absurddur.
Qafqaz Albaniyasının tarixi məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Alban dövlətinin mövcudluğu Cənubi Qafqazın qədim tarixinin yalnız bir siyasi-mədəni xəttdən ibarət olmadığını göstərir.
Xristianlığın bölgədə müxtəlif icmalar arasında yayılması, dini mərkəzlərin formalaşması və zaman keçdikcə siyasi hakimiyyətlərin dəyişməsi nəticəsində abidələrin funksiyası, idarəçiliyi və dini mənsubiyyəti də dəyişib.
Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən Gəncəsər və Xudavəng kimi dini-memarlıq kompleksləri Qafqaz Albaniyasının xristian irsi kontekstində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün əsas vəzifələrdən biri bu irsin qorunması ilə yanaşı, onun elmi əsaslarla araşdırılması və beynəlxalq akademik mühitdə tanıdılmasıdır. Açıq elmi araşdırmalar tarixi faktların daha aydın ortaya çıxmasına imkan verir.
“Böyük Ermənistan” xülyası ətrafında formalaşdırılmış uydurmalar əsasında regionun geniş coğrafiyasını erməni dövlətçiliyinin tarixi məkanı kimi təqdim etmək isə saxtakarlıqdır.
Cənubi Qafqazın qədim və orta əsrlər tarixi mürəkkəb siyasi mənzərəyə malik olub. Burada müxtəlif dövlətlər və siyasi qurumlar mövcud olub, sərhədlər zamanla dəyişib, əhali və mədəni proseslər qarşılıqlı təsir göstərib.
Qafqaz Albaniyasının tarixinin öyrənilməsi istiqamətində arxeoloji, tarixi və filoloji araşdırmaların nəticələri var. Qafqaz Albaniyasında xristianlığın yayılması erməni kilsəsinin tarixindən əvvəlki dövrlərə gedib çıxır. Amma ermənilər israrla bunun əksini iddia edirlər. Halbuki bu iddiaları təsdiqləyən heç bir ciddi tarixi sənəd yoxdur.
Eyni zamanda Alban-Udi irsinin qorunması, tarixi abidələrin bərpası və dini-mədəni ənənələrin yaşadılması da mühüm istiqamətlərdəndir.
Bu baxımdan Azərbaycanın son dövrlərdə həyata keçirdiyi bərpa və tədqiqat layihələri xüsusi əhəmiyyət daşıyır. Qarabağda yeni arxeoloji araşdırmaların aparılması, tarixi abidələrin bərpası və onların xarici diplomatlara, alimlərə və beynəlxalq nümayəndə heyətlərinə təqdim edilməsi ölkənin tarixi-mədəni irs siyasətinin mühüm istiqamətlərindən biridir. Ermənistan isə saxtakarlıq siyasətindən əl çəkməli, reallıqları qəbul etməlidir. Sülh dövründə bu cür saxta iddialara da yer yoxdur”.
Müəllif: Günay Hacıyeva