Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin Bakıda bir araya gəlməsi Türk dünyasında təhlükəsizlik və əməkdaşlıq məsələlərinin gündəlikdə xüsusi yer tutduğunu bir daha nümayiş etdirdi. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi və üzv ölkələrin təhlükəsizlik sahəsinə məsul yüksək vəzifəli şəxslərini qəbul edərək müasir dövrün çağırışları, regional sabitlik və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi barədə mühüm fikirlər səsləndirdi.
Dövlət başçısının çıxışında Azərbaycanla Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırıldı. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalaması dövlətlərarası əlaqələrin strateji xarakterini göstərən mühüm amillərdən biri kimi qeyd edildi. Eyni zamanda, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması və qarşılıqlı investisiyaların artırılması istiqamətində görülən işlər Türk dünyasında iqtisadi inteqrasiyanın da dərinləşdiyini göstərir.
Dövlət Başçısı Türk dünyasını Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi xarakterizə edərək, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin dövlətlər arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını vurğuladı. Bu baxımdan Türk Dövlətləri Təşkilatının yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, həm də qardaş dövlətlərin birliyini və qarşılıqlı həmrəyliyini möhkəmləndirən mühüm təsisat kimi əhəmiyyəti diqqətə çatdırıldı.
Çıxışda təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılması təsadüfi deyil. Müasir dünyada beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, kibertəhdidlər, hibrid təhlükələr və kritik infrastrukturun mühafizəsi kimi problemlər dövlətlərin qarşısında yeni və mürəkkəb çağırışlar yaradır. Cənab Prezident İlham Əliyev bu məsələlərin ayrı-ayrı dövlətlərin səyləri ilə tam həllinin mümkün olmadığını, təhlükəsizlik qurumları arasında koordinasiyanın, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini bildirdi.
Dövlət Başçısı mümkün təhlükələrin yalnız nəticələrinin aradan qaldırılmasına deyil, onların əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etdi. Bu yanaşma təhlükəsizlik siyasətində qabaqlayıcı tədbirlərin əhəmiyyətini artırır. Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşlərinin keçirilməsi də məhz ortaq risklərin müəyyənləşdirilməsi, təcrübə mübadiləsi və birgə fəaliyyət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin də vacibliyini vurğuladı. Azərbaycanın təşəbbüsü ilə yaradılan bu format dövlət başçıları arasında daha sıx və birbaşa dialoqun inkişafına xidmət edir. Dövlət başçısının fikrincə, Türk dünyasının gələcək inkişafı üçün siyasi əməkdaşlıqla yanaşı, düzgün ideoloji işin aparılması, ortaq dəyərlərin gənc nəslə çatdırılması və qardaş xalqlar arasında bağlılığın daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması məsələsi də ön plana çıxdı. Azərbaycanın mövqeyinə görə, təşkilat beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat, ticarət və digər mühüm məsələlərdə daha fəal rol oynaya bilər. Türk dövlətlərinin yerləşdiyi coğrafiyanın strateji əhəmiyyəti bu potensialın reallaşdırılması üçün geniş imkanlar yaradır. Dövlətlər arasında həmrəylik və koordinasiyanın gücləndirilməsi isə bu imkanlardan daha səmərəli istifadə edilməsinə şərait yarada bilər.
Beləliklə, Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxətləri ilə görüşdə səsləndirdiyi fikirlər Türk dünyasında təhlükəsizlik əməkdaşlığının yeni çağırışlara uyğun şəkildə inkişaf etdirilməsinin vacibliyini ortaya qoydu. Bakıda keçirilən görüş qarşılıqlı etimadın, məlumat və təcrübə mübadiləsinin, birgə fəaliyyətin və təhlükələrin qabaqlanması istiqamətində koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatının təhlükəsizlik sahəsində əməkdaşlığının inkişaf etdirilməsi isə üzv dövlətlərin sabitliyinə və Türk dünyasının beynəlxalq müstəvidə daha sıx əməkdaşlığına xidmət edən əsas istiqamətlərdən biri kimi diqqəti cəlb edir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri