Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərin dayanıqlı inkişafının, milli maraqlarının və sosial-iqtisadi tərəqqisinin əsas şərtlərindən biri kimi çıxış edir. Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni təhdid və risklərin meydana çıxdığı bir şəraitdə dövlətlər arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu reallıq fonunda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizlik istiqamətində əməkdaşlığın dərinləşdirilməsi diqqət mərkəzindədir.
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində keçirilib. Dövlət başçısının görüşdəki çıxışı Türk dövlətləri arasında qarşılıqlı etimadın, koordinasiyanın və təhlükəsizlik sahəsində birgə fəaliyyətin əhəmiyyətini bir daha ortaya qoyub.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının artıq müxtəlif istiqamətlər üzrə fəal əməkdaşlıq platformasına çevrildiyini diqqətə çatdırıb. Dövlət başçısının qeyd etdiyi kimi, təşkilat çərçivəsində beynəlxalq münasibətlər, təhlükəsizlik, ticarət, nəqliyyat, humanitar əməkdaşlıq və digər sahələr üzrə qarşılıqlı fəaliyyət genişlənir. Bu proses Türk dövlətlərinin ortaq maraqlar ətrafında daha sıx birləşməsinə və beynəlxalq müstəvidə əməkdaşlığın institusional əsaslarının möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Prezidentinin çıxışında təhlükəsizlik sahəsində məlumat və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Dövlət başçısı təhlükəsizlik şuralarının rəhbərlərinin qarşısında dayanan mühüm vəzifələrdən danışaraq, ölkələrin zəif tərəflərinin, xarici təsirlərin və müxtəlif təhdidlərin daxil ola biləcəyi istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Bu yanaşma təhlükəsizliyə yalnız ayrı-ayrı dövlətlərin deyil, ümumi regional və beynəlxalq məsələ kimi baxılmasını şərtləndirir.
Əslində, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər TDT məkanında təhlükəsizlik əməkdaşlığının yeni məzmun kəsb etdiyini göstərir. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi kimi məsələlər müasir dövrdə dövlətlərin qarşılaşdığı ümumi çağırışlardır. Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində də bu təhdidlərin birgə səylərlə neytrallaşdırılmasının vacibliyi xüsusi qeyd olunub.
Dövlət başçısının çıxışında Türk dünyasının tarixi və mənəvi birliyinə də xüsusi diqqət yetirilib. Ortaq etnik köklər, dil, mədəniyyət, ənənələr və tarixi bağlar Türk dövlətlərini bir-birinə yaxınlaşdıran mühüm amillərdir. Bu birlik yalnız humanitar və mədəni əlaqələrlə məhdudlaşmır, eyni zamanda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycanın TDT çərçivəsində fəal təşəbbüsləri də bu prosesin mühüm istiqamətlərindən biridir. Azərbaycanın təşkilata sədrliyi dövründə müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının beynəlxalq nüfuzunun artırılması və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Təhlükəsizlik məsələlərinin ayrıca gündəlikdə saxlanılması isə təşkilatın fəaliyyətində yeni prioritetlərin formalaşdığını göstərir.
Görüşdə çıxış edən TDT Baş katibi Kubanıçbek Ömüralıyev də təhlükəsizlik məsələlərinin təşkilat üçün aktuallığını vurğulayıb və müxtəlif istiqamətlərdə yaradılmış əməkdaşlıq mexanizmlərinin praktiki nəticələr verdiyini bildirib. Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş isə Türk Dövlətləri Təşkilatını regionda sabitliyə töhfə verən əməkdaşlıq platforması kimi səciyyələndirib.
Azərbaycanın mövqeyində əsas məqamlardan biri də ondan ibarətdir ki, təhlükəsizlik və sabitlik yalnız hərbi məsələlərlə məhdudlaşmır. Dövlətlərin iqtisadi dayanıqlılığı, enerji və nəqliyyat təhlükəsizliyi, informasiya məkanı, kritik infrastrukturun qorunması, humanitar və mədəni əlaqələrin inkişafı da ümumi təhlükəsizlik sisteminin mühüm elementləridir. Bu baxımdan TDT çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri bir-birini tamamlayan vahid proses kimi nəzərdən keçirilir.
Azərbaycan Prezidentinin çıxışı bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatının qarşısında duran əsas məsələlərdən biri mövcud potensialın daha səmərəli şəkildə səfərbər edilməsidir. Dövlətlər arasında təhlükəsizlik sahəsində müntəzəm dialoqun aparılması, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, ortaq risklərin əvvəlcədən müəyyənləşdirilməsi və qarşısının alınması Türk dünyasının təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət edən amillərdir.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan Türk dünyasının təhlükəsizliyini, sabitliyini və davamlı inkişafını TDT-nin gələcək fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Türk dövlətləri arasında mövcud siyasi etimad, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır.
Beləliklə, Bakı görüşü Türk Dövlətləri Təşkilatında təhlükəsizlik gündəliyinin getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan Prezidentinin vurğuladığı kimi, müasir çağırışlar qarşısında həmrəylik, koordinasiya və qarşılıqlı dəstək Türk dövlətlərinin ümumi maraqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Təhlükəsizlik sahəsində formalaşan bu əməkdaşlıq mexanizmləri isə Türk dünyasının beynəlxalq müstəvidə daha fəal, əlaqələndirilmiş və dayanıqlı mövqeyinin möhkəmləndirilməsinə xidmət edən mühüm amillərdən biri kimi çıxış edir.
Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi