PDF Oxu

Siyasət

  • 781

Bizim birliyimiz hər birimizi gücləndirəcək - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər İslam dünyasının qarşılaşdığı problemlər, islamofobiya və müsəlman ölkələri arasında həmrəylik məsələlərinə diqqət çəkib. Prezident çıxışında müasir dövrdə İslam dininə və müsəlmanlara münasibətdə müşahidə olunan mənfi stereotiplərdən narahatlığını ifadə edərək bildirib ki, islamofobiya daha geniş proseslərin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

Son illərdə dünyanın müxtəlif ölkələrində dini ayrı-seçkilik, müsəlmanlara qarşı stereotiplər və İslam dininə qarşı düşmən münasibət barədə müzakirələr genişlənib. İslamofobiyanın müxtəlif formalarda təzahür etməsi — ayrı-seçkilikdən tutmuş dini simvolların təhqirinə qədər — beynəlxalq ictimaiyyətin diqqətində olan məsələlərdəndir. Bu baxımdan dini etiqad azadlığı və müqəddəs dəyərlərə hörmət məsələsi xüsusi əhəmiyyət daşıyır. Fikir və ifadə azadlığı ilə dini inanclara hörmət arasında balansın necə qorunması beynəlxalq səviyyədə müzakirə olunan mürəkkəb məsələlərdəndir.

Prezident İlham Əliyev öz çıxışında məhz bu həssas məqamlara diqqət çəkərək müsəlman ölkələrinin və dini icmaların belə hallara qarşı birgə mövqe nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb. Çıxışın diqqətçəkən məqamlarından biri Azərbaycanın Avropa təşkilatlarında iştirakına dair fikirlərdir. Prezident Azərbaycanı Avropa təşkilatlarında iştirak edən müsəlman ölkələrindən biri kimi təqdim edib və Avropa Şurasının üzvü kimi ölkənin müxtəlif məsələlərlə bağlı mövqeyini ifadə etdiyini bildirib.

Görüşün digər mühüm mesajı dini liderlərin cəmiyyətdəki rolu ilə bağlıdır. Prezident İlham Əliyev dini xadimlərin sözlərinin müsəlman ölkələri üçün xüsusi məna daşıdığını qeyd edib. Həqiqətən də dini liderlər yalnız dini məsələlərdə deyil, sosial həmrəylik, sülh, tolerantlıq və qarşılıqlı hörmətin təşviqində də mühüm rol oynaya bilərlər. Xüsusilə müxtəlif dini və mədəni icmaların birgə yaşadığı cəmiyyətlərdə dini liderlərin dialoq və qarşılıqlı anlaşmaya çağırışları sosial sabitliyə töhfə verə bilər. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində müsəlman dini idarələri arasında əməkdaşlığın genişləndirilməsi də diqqət çəkən istiqamətlərdən biridir.

Azərbaycanın mövqeyinin özəlliyi də məhz buradadır. Ölkəmiz eyni zamanda Türk dünyasının fəal üzvü, Qafqaz dövlətlərindən biri və İslam dünyasının ayrılmaz hissəsidir. Bu üç istiqamətin kəsişmə nöqtəsində yerləşmək Azərbaycana müxtəlif regional platformalar arasında dialoqun inkişafında əlavə imkanlar yaradır.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Digər xəbərlər