Sentyabrın 17-də Bakıda keçirilən mühüm görüş Türk Dövlətləri Təşkilatının (TDT) gündəliyində təhlükəsizlik məsələlərinin getdikcə daha mühüm yer tutduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər yalnız cari təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi baxımından deyil, bütövlükdə Türk dünyasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkdi.
Bakıda TDT-nin Baş katibi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikası nümayəndələrinin iştirakı ilə keçirilən görüş təşkilat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın institusional xarakter aldığını göstərən mühüm hadisələrdən biri oldu. Bu toplantı eyni zamanda TDT məkanında təhlükəsizlik məsələlərinin artıq yalnız ayrı-ayrı dövlətlərin milli gündəliyi kimi deyil, ortaq maraqlar müstəvisində nəzərdən keçirildiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması ilə bağlı fikirlər idi. Dövlət başçısı qeyd etdi ki, TDT çərçivəsində müzakirə olunan məsələlər beynəlxalq təhlükəsizlikdən tutmuş ticarət, nəqliyyat, enerji və humanitar əməkdaşlığa qədər geniş spektri əhatə edir. Bu yanaşma təsadüfi deyil. Çünki Türk dünyası bu gün yalnız ortaq tarixə, dilə və mədəniyyətə söykənən mənəvi birlik anlayışı ilə məhdudlaşmır. TDT məkanında yerləşən ölkələrin iqtisadi, nəqliyyat, enerji və geosiyasi potensialı təşkilatın beynəlxalq münasibətlər sistemində çəkisini artıran mühüm amillərdir. Prezidentin vurğuladığı kimi, TDT-yə üzv ölkələrin ərazilərindən mühüm enerji və nəqliyyat dəhlizləri keçir. Bu isə Türk dövlətlərinin qarşılıqlı əməkdaşlığını təkcə regional deyil, daha geniş beynəlxalq maraqlar baxımından da əhəmiyyətli edir.
Ölkə Prezidenti İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri təhlükəsizlik anlayışına kompleks yanaşma oldu. Müasir dövrdə təhlükəsizliyi yalnız sərhədlərin və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşdırmaq mümkün deyil.
Enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının etibarlılığı, informasiya təhlükəsizliyi, terrorçuluq, transmilli cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm və hibrid təhdidlər dövlətlərin qarşısında yeni çağırışlar yaradır. Azərbaycan Prezidenti məhz bu reallığa diqqət çəkərək təhlükəsizlik qurumları arasında məlumat mübadiləsinin, birgə fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin vacibliyini bildirdi.
Bakıda keçirilən Təhlükəsizlik Şuraları katiblərinin toplantısı xüsusi əhəmiyyət daşıyırdı. Çünki təhlükələrin xarakteri dəyişdikcə onlara qarşı mübarizə üsulları da dəyişməlidir. Bir dövlətin təkbaşına həll edə bilmədiyi problemlər qarşısında regional əməkdaşlıq daha vacib amilə çevrilir.
Azərbaycan həm enerji resurslarının ixracatçısı, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər üzərindən dünya bazarlarına çıxarılmasında iştirak edən ölkədir. Avropa ilə Asiyanın qovşağında yerləşməsi isə Azərbaycanın nəqliyyat bağlantılarında rolunu daha da artırır.
Bu reallıq Türk dövlətləri arasında əməkdaşlığın iqtisadi çərçivədən çıxaraq strateji məzmun qazanmasına şərait yaradır. Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, enerji marşrutlarının sabitliyi və kommunikasiya xətlərinin qorunması artıq ümumi maraq məsələsidir.
Prezident İlham Əliyevin çıxışında Türk dünyasının mənəvi birliyi ilə bağlı fikirlər də xüsusi yer tutdu. Dövlət başçısı TDT ölkələrini birləşdirən əsas amillər sırasında ortaq etnik kökləri, dili, mədəniyyəti və ənənələri qeyd etdi. Bu birlik yalnız tarixi keçmişə bağlı emosional anlayış deyil. Müasir dövrdə həmin mənəvi yaxınlıq siyasi və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə də mühüm zəmin yaradır. Azərbaycan Prezidenti Türk dünyasını Azərbaycanın xarici siyasət prioritetlərindən biri kimi xarakterizə edərək “Türk dünyası bizim ailəmizdir” fikrini bir daha ifadə etdi.
Son illərdə Azərbaycan ilə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında müttəfiqlik xarakterli sənədlərin imzalanması, birgə investisiya fondlarının yaradılması və qarşılıqlı səfərlərin intensivləşməsi bu əməkdaşlığın praktiki məzmununu göstərən faktlardır.
Prezident İlham Əliyev TDT məkanında sabitlik və təhlükəsizliyin təşkilatın inkişafı üçün mühüm üstünlük olduğunu bildirdi. Sabitlik olmadan iqtisadi inkişafın, investisiyaların cəlb edilməsinin, texnologiyaların tətbiqi və sosial rifahın yüksəldilməsinin çətinləşdiyi də qeyd edildi. Bu fikir Türk dövlətlərinin qarşısında duran vəzifələrin bir-biri ilə necə bağlı olduğunu göstərir. Təhlükəsizlik iqtisadi inkişafdan ayrı deyil. Güclü iqtisadiyyat təhlükəsizlik imkanlarını genişləndirir, etibarlı təhlükəsizlik isə iqtisadi inkişaf üçün əlverişli mühit yaradır.
Bakıda keçirilən toplantının əsas mesajlarından biri də təhlükəsizlik qurumları arasında koordinasiyanın daha yüksək səviyyəyə çatdırılmasıdır. Prezident İlham Əliyev mümkün təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, təcrübə paylaşımı və profilaktik tədbirlərin gücləndirilməsini vacib istiqamətlər kimi qeyd etdi. Bu, TDT-nin gələcək inkişafında təhlükəsizlik komponentinin daha da sistemli xarakter alacağından xəbər verir. Burada söhbət yalnız mövcud təhlükələrə cavab verməkdən deyil, mümkün riskləri qabaqcadan müəyyənləşdirməkdən gedir.
Azərbaycanın TDT çərçivəsində qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə təşəbbüs göstərməsi də çıxışda xatırladıldı. İlk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Türk dünyasının siyasi gündəliyində Azərbaycanın təşəbbüskarlığının göstəricilərindən biri kimi diqqət çəkir. Bakıda təhlükəsizlik məsələlərinin müzakirə edilməsi həmin prosesin başqa bir mühüm mərhələsidir. Şuşada dövlət başçıları səviyyəsində başlayan dialoq müxtəlif istiqamətlər üzrə institusional əməkdaşlıqla tamamlanır.
Prezident İlham Əliyevin çıxışının sonunda səsləndirdiyi əsas fikir TDT-nin beynəlxalq arenadakı rolunun daha da gücləndirilməsi ilə bağlı oldu. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının birgə səylərlə aparıcı beynəlxalq institutlardan birinə çevrilməsi üçün imkanların mövcud olduğunu bildirdi.
Beləliklə, 17 sentyabr Bakı görüşünü yalnız təhlükəsizlik qurumlarının növbəti toplantısı kimi qiymətləndirmək kifayət deyil. Görüş Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi mesajlar daşıyır.
Ortaq tarix və mədəniyyət üzərində qurulan birlik müasir dövrün çağırışlarına uyğun olaraq iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik əməkdaşlığı ilə möhkəmləndirilməlidir. Ən başlıcası isə, Türk dünyasının qarşısında geniş imkanlarla yanaşı, ciddi çağırışlar da var. Bu çağırışlara cavabın əsas yolu isə qarşılıqlı etimad, koordinasiya, məlumat mübadiləsi və birgə fəaliyyətin gücləndirilməsindən keçir. Bakıda səslənən mesajlar göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının bu istiqamətdə daha fəal və sistemli əməkdaşlıq platformasına çevrilməsini mühüm istiqamət kimi nəzərdən keçirir.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri