Prezidenti İlham Əliyev cari ilin sentyabr ayının 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, türk dövlətlərinin və digər ölkələrin yüksək səviyyəli dini rəhbərləri, İslam dünyasının müxtəlif nüfuzlu dini qurumlarının nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyev Bakıda həmin günlərdə keçirilən iki mühüm tədbirin – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Belə ki, konfrans yalnız görkəmli Azərbaycan mütəfəkkirinin irsinin öyrənilməsi baxımından deyil, həm də Türk dünyası, İslam aləmi və Qafqaz arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin xüsusi vurğulanması təsadüfi deyil. Çünki Azərbaycan tarixinin ən mühüm xüsusiyyətlərindən biri onun yalnız milli deyil, eyni zamanda ümumbəşəri mədəniyyətə mühüm töhfələr verməsidir.Belə ki, diqqətçəkən nüans odur ki, Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirin irsinin beynəlxalq səviyyədə müzakirə olunması Azərbaycan tarixinin və zəngin mənəvi irsinin təbliği baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu cür tədbirlər müxtəlif ölkələrin dini və ictimai xadimləri arasında əlaqələrin inkişafına, qarşılıqlı anlaşma və həmrəyliyin möhkəmlənməsinə imkan yaradır.
Qeyd etməliyik ki, Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir.
Həmçinin, Prezident İlham Əliyev çıxışında müsəlman dini liderlərinin məsuliyyətinə də diqqət çəkərək onların sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa çağırışlarının böyük əhəmiyyət daşıdığını bildirdi. Dini liderlərin birliyi və həmrəyliyi xalqlar arasında qarşılıqlı hörmətin və anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Qeyd edək ki, Seyid Yəhya Bakuvinin irsinin Bakıda beynəlxalq səviyyədə müzakirə olunması da təsadüfi deyil. Onun mənəvi irsi bu gün mötədillik, mehriban qonşuluq, insan ləyaqəti və sülh kimi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Teymurşah İşıqov
YAP Xaçmaz rayon təşkilatının əməkdaşı