PDF Oxu

Siyasət

  • 1 023

Türk Dövlətləri Təşkilatı - qlobal siyasətdə yeni güc mərkəzi - ŞƏRH

image

XXI əsrdə beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqlar formalaşır. Dünya siyasətində çoxqütblülük meyilləri güclənir, regional əməkdaşlıq platformalarının əhəmiyyəti artır. Bu proseslər fonunda Türk Dövlətləri Təşkilatı özünün siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar potensialını daha səmərəli şəkildə səfərbər edən mühüm regional əməkdaşlıq platformalarından biri kimi diqqəti cəlb edir.

Türk dövlətlərini bir araya gətirən təşkilatın əsas üstünlüyü yalnız ortaq tarixə, dilə və mədəniyyətə malik ölkələri bir platformada birləşdirməsində deyil. TDT-nin potensialı onun üzv və müşahidəçi dövlətlərinin yerləşdiyi geniş coğrafiyanın strateji əhəmiyyəti, təbii ehtiyatları, iqtisadi imkanları, nəqliyyat-kommunikasiya xətləri və beynəlxalq münasibətlərdə artan rolundan qaynaqlanır.

Bu baxımdan TDT artıq yalnız mədəni-humanitar əməkdaşlıq formatı kimi deyil, siyasi və iqtisadi gündəliyi genişlənən institusional platforma kimi inkişaf edir. Türk dövlətləri arasında siyasi dialoqun intensivləşməsi təşkilatın beynəlxalq mövqeyinin möhkəmləndirilməsinin əsas istiqamətlərindən biridir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin qlobal proseslərə təsir imkanları ilə yanaşı, onların regional və çoxtərəfli əməkdaşlıq formatlarında birgə fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır.

TDT məhz belə bir əməkdaşlıq mexanizmi formalaşdırır. Dövlət başçıları səviyyəsində keçirilən Zirvə görüşləri, nazirlər və aidiyyəti qurumlar arasında müntəzəm təmaslar, müxtəlif sahələr üzrə qəbul edilən qərarlar türk dövlətləri arasında koordinasiyanın institusional əsaslarını genişləndirir. Təşkilatın qarşısında duran əsas vəzifələrdən biri müxtəlif sahələrdə əməkdaşlığın konkret layihələrə çevrilməsidir. Çünki siyasi həmrəyliyin davamlı nəticəyə çevrilməsi üçün iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələrin də paralel şəkildə inkişaf etdirilməsi vacibdir. TDT-nin strateji əhəmiyyətini artıran əsas amillərdən biri onun üzv və müşahidəçi ölkələrinin Avropa ilə Asiya arasında mühüm coğrafi mövqedə yerləşməsidir. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz türk dövlətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm imkan yaradır. Azərbaycan bu marşrutun mühüm həlqələrindən biri kimi çıxış edir. Şərqdən Qərbə uzanan nəqliyyat-kommunikasiya bağlantılarının inkişafı türk dövlətlərinin tranzit imkanlarını artırmaqla yanaşı, onların beynəlxalq ticarət sistemində rolunu da gücləndirir. Burada Azərbaycanın strateji coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xəzər üzərindən Orta Dəhlizin Cənubi Qafqaz istiqamətində əsas bağlantı nöqtələrindən biri olan Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Nəqliyyat infrastrukturuna qoyulan investisiyalar, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələr Azərbaycanın regional logistika imkanlarını genişləndirib. Bu proses TDT daxilində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün də əlavə imkanlar yaradır.

Türk dövlətlərinin yerləşdiyi coğrafiya enerji ehtiyatları baxımından da mühüm əhəmiyyətə malikdir. Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji resursları ilə Avropa bazarları arasında əlaqələrin inkişafı TDT ölkələrinin geoiqtisadi əhəmiyyətini artırır. Azərbaycanın enerji layihələri bu baxımdan xüsusi rol oynayır. Cənub Qaz Dəhlizi və digər enerji infrastrukturları Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu artırıb.

Türk dövlətləri arasında enerji əməkdaşlığının genişləndirilməsi yalnız enerji resurslarının nəqlindən ibarət deyil. Elektrik enerjisi, bərpa olunan enerji, yaşıl enerji və enerji infrastrukturlarının inteqrasiyası gələcək əməkdaşlığın yeni istiqamətlərindən biri ola bilər. Beləliklə, enerji sahəsində əməkdaşlıq TDT ölkələrinin iqtisadi potensialını birləşdirən mühüm istiqamətə çevrilir.

TDT-nin beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün siyasi əməkdaşlıq qədər iqtisadi əlaqələrin də genişləndirilməsi vacibdir. Türk dövlətləri arasında qarşılıqlı ticarətin artırılması, investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat və elektron ticarətin inkişafı təşkilatın iqtisadi potensialının daha da artırılmasına xidmət edə bilər. Eyni zamanda gömrük prosedurlarının sadələşdirilməsi, nəqliyyat və logistika xərclərinin azaldılması, sərhəd-keçid imkanlarının təkmilləşdirilməsi iqtisadi inteqrasiyanın praktiki nəticələrini gücləndirə bilər. Bu baxımdan TDT-nin qarşısında duran əsas məsələlərdən biri qəbul edilən qərarların real iqtisadi layihələrə çevrilməsidir.

Türk dünyasının gücünü formalaşdıran əsas amillərdən biri də ortaq tarixi-mədəni irsdir. Dil, ədəbiyyat, tarix, təhsil, incəsənət və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Gənclər və tələbələr arasında mübadilə proqramları, ortaq elmi layihələr, universitetlərarası əməkdaşlıq və türk dünyasının ortaq mədəni irsinin təbliği gələcək nəsillərin bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Bu proses siyasi əməkdaşlığın ictimai əsaslarını da gücləndirir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında fəal rol oynayan dövlətlərdən biridir. Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı mühüm istiqamətlərdən birini təşkil edir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Mərkəzi Asiya dövlətləri ilə genişlənən siyasi və iqtisadi münasibətləri, Orta Dəhlizin inkişafındakı rolu və enerji layihələri TDT daxilində əməkdaşlığın dərinləşməsi üçün mühüm zəmin yaradır. Naxçıvan Sazişinin məhz Naxçıvanda imzalanması isə Azərbaycanın türk dövlətləri arasında institusional əməkdaşlığın tarixində xüsusi yerini göstərən mühüm siyasi hadisədir. Bu gün Azərbaycan həm Şərqlə Qərb, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm bağlantı nöqtələrindən biri kimi çıxış edir.

TDT-nin qarşısında geniş imkanlarla yanaşı, müxtəlif çağırışlar da mövcuddur. Qlobal geosiyasi rəqabət, iqtisadi dəyişikliklər, nəqliyyat marşrutları uğrunda rəqabət və beynəlxalq təhlükəsizlik məsələləri təşkilatdan daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. Bu şəraitdə TDT-nin gücü yalnız üzv dövlətlərin potensialının cəmi ilə deyil, həmin potensialın nə dərəcədə koordinasiya olunmasından asılı olacaq. Təşkilatın gələcək inkişafı üçün iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi, rəqəmsal inteqrasiyanın sürətləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın artırılması və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatının qarşısında yeni tarixi mərhələ dayanır. Türk dövlətlərinin sahib olduğu siyasi, iqtisadi, coğrafi, enerji, nəqliyyat və humanitar potensial təşkilata beynəlxalq arenada daha fəal mövqe tutmaq üçün geniş imkanlar verir. Bu potensialdan maksimum istifadə edilməsi isə yalnız siyasi bəyanatlarla deyil, konkret layihələr, güclü institutlar, qarşılıqlı investisiyalar, inteqrasiya olunmuş nəqliyyat sistemləri və koordinasiyalı diplomatik fəaliyyətlə mümkündür.

TDT-nin inkişafı göstərir ki, türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız tarixi və mədəni yaxınlıq müstəvisində deyil, müasir geosiyasi və geoiqtisadi reallıqlar əsasında yeni məzmun qazanır. Bu prosesin əsas hədəfi ortaq potensialı daha səmərəli şəkildə birləşdirmək, üzv dövlətlərin milli maraqlarına hörmət əsasında əməkdaşlığı genişləndirmək və Türk Dövlətləri Təşkilatının beynəlxalq sistemdə daha görünən, daha təsirli və daha institusional aktor kimi fəaliyyət imkanlarını artırmaqdır.

Cəmilə Hüseynova

YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini, partiya fəalı

Digər xəbərlər