PDF Oxu

Siyasət

  • 813

Azərbaycanın enerji və tranzit imkanları Türk dünyasında yeni əməkdaşlıq perspektivləri yaradır - ŞƏRH

image

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində, eləcə də nəqliyyat və tranzit əlaqələrinin inkişafında oynadığı rolu bir daha ortaya qoyur. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçirir. Bu yanaşma Azərbaycanın mövcud imkanlarının yalnız milli iqtisadiyyat çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq baxımından əhəmiyyət daşıdığını göstərir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizinə çıxışı və formalaşdırdığı enerji infrastrukturu ölkəyə Şərqlə Qərb arasında mühüm bağlantı rolunu oynamağa imkan verir. Xüsusilə Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının müxtəlif marşrutlarla dünya bazarlarına çıxarılması məsələsində Azərbaycanın tranzit imkanları mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Xəzər üzərindən həyata keçirilən daşımalar və Azərbaycan ərazisində mövcud olan enerji-nəqliyyat infrastrukturu regionlararası əlaqələrin genişlənməsinə xidmət edir.Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişaf etməsi də bu prosesə yeni dinamika gətirib. Enerji, nəqliyyat, logistika, investisiya və ticarət sahələrində əlaqələrin genişləndirilməsi Türk dünyası daxilində iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Azərbaycan bu prosesdə həm enerji resurslarının etibarlı təchizatçısı, həm də Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit məkanı kimi çıxış edir. Bakı Limanı, dəmir yolları, avtomobil yolları və digər infrastruktur layihələri ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu artırır. Enerji və nəqliyyat marşrutlarının bir-birini tamamlaması isə Azərbaycanın regional bağlantı imkanlarını daha da genişləndirir.Bu məsələnin Türk Dövlətləri Təşkilatı çərçivəsində xüsusi əhəmiyyəti var. TDT-yə üzv və müşahidəçi ölkələrin geniş coğrafiyada yerləşməsi enerji və nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin inkişafı üçün böyük potensial formalaşdırır. Mərkəzi Asiyanın zəngin enerji ehtiyatları ilə Azərbaycanın Xəzər üzərindən tranzit imkanlarının bir araya gəlməsi yeni əməkdaşlıq modellərinin yaranmasına şərait yaradır. Bu baxımdan Azərbaycan yalnız öz enerji resurslarını beynəlxalq bazarlara çıxaran ölkə kimi deyil, digər Türk dövlətlərinin də iqtisadi və enerji imkanlarının dünya bazarlarına inteqrasiyasına töhfə verən tərəfdaş kimi çıxış edir.Enerji təhlükəsizliyi məsələsi müasir dövrdə nəqliyyat və infrastruktur təhlükəsizliyi ilə də sıx bağlıdır. Enerji resurslarının hasilatı və daşınması ilə yanaşı, onların keçdiyi marşrutların təhlükəsizliyinin təmin olunması da mühüm məsələdir. Prezident İlham Əliyevin təhlükəsizlik üzrə rəhbər şəxslərlə görüşü məhz bu baxımdan diqqət çəkir. Belə görüşlər Türk dünyası ölkələri arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi, mövcud və potensial təhdidlərə qarşı əməkdaşlığın artırılması və strateji infrastrukturların qorunması baxımından əhəmiyyətlidir. Enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi təmin edilmədən bu sahələrdə uzunmüddətli və dayanıqlı əməkdaşlığın inkişafı mümkün deyil.
Azərbaycanın enerji siyasətinin mühüm xüsusiyyətlərindən biri də ölkənin müxtəlif tərəfdaşlarla əməkdaşlığı genişləndirməsi və enerji marşrutlarının şaxələndirilməsinə töhfə verməsidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak edən ölkələrdən biri olmaqla yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat bağlantılarının inkişafında da fəal rol oynayır. Xəzər dənizi bu baxımdan mühüm coğrafi körpü funksiyasını yerinə yetirir. Mərkəzi Asiya ölkələrindən gələn enerji resurslarının Xəzər vasitəsilə Azərbaycana, daha sonra isə mövcud infrastruktur üzərindən beynəlxalq bazarlara çıxarılması regional iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən istiqamətlərdən biridir.Bütün bunlar Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artmasına təsir edən amillərdəndir. Ölkənin enerji, nəqliyyat və logistika sahələrində yaratdığı imkanlar Azərbaycanı müxtəlif regionlar arasında əlaqələrin qurulmasında mühüm tərəfdaşlardan birinə çevirir. Bu imkanların Türk Dövlətləri Təşkilatı çərçivəsində daha səmərəli istifadə edilməsi isə üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, ticarət əlaqələrinin genişlənməsinə və qarşılıqlı investisiyaların artmasına şərait yarada bilər. Eyni zamanda, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi bu layihələrin uzunmüddətli və sabit şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın qarşıdakı dövrdə də enerji və tranzit imkanlarından regional əməkdaşlığın inkişafı üçün istifadə etməyə davam edəcəyini göstərir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin genişlənməsi, Xəzər üzərindən nəqliyyat və enerji bağlantılarının inkişafı, Avropa istiqamətində yeni imkanların yaranması Türk dünyasının iqtisadi potensialının daha geniş coğrafiyaya çıxmasına şərait yaradır. Bu baxımdan Azərbaycanın enerji və tranzit imkanları yalnız ölkənin iqtisadi inkişafı üçün deyil, Türk Dövlətləri Təşkilatı məkanında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və regionlararası əməkdaşlığın genişləndirilməsi üçün də mühüm əhəmiyyət daşıyır.

Elçin Salahov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər