PDF Oxu

Siyasət

  • 456

Azərbaycan İslam həmrəyliyini əməli addımlarla möhkəmləndirir - ŞƏRH

image

Azərbaycanın İslam dünyası ilə münasibətlərində həmrəylik, qarşılıqlı hörmət və əməkdaşlıq mühüm istiqamətlərdən biri kimi diqqəti cəlb edir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər də bu yanaşmanın konkret məzmununu ortaya qoyur. Bakıda müxtəlif ölkələrdən dini liderlərin və alimlərin bir araya gəlməsi Azərbaycanın dini və mədəni dialoqa verdiyi önəmi göstərməklə yanaşı, ölkəmizin Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında əlaqələrin möhkəmləndirilməsində yaratdığı imkanları da nümayiş etdirir. TDT-nin Müsəlman Dini Rəhbərləri Şurasının toplantısının və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni günlərdə keçirilməsi xüsusilə əlamətdardır. Çünki burada Azərbaycanın zəngin mənəvi irsi ilə müasir dövrdə dini əməkdaşlıq və həmrəylik məsələləri bir araya gəlir. XV əsrin görkəmli mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsi bu baxımdan mühüm mənəvi dəyər daşıyır. Onun dünyagörüşündə insan, mənəviyyat, elm və əxlaq məsələlərinin xüsusi yer tutması bu irsin bu gün də aktual şəkildə öyrənilməsinə imkan verir. Belə bir şəxsiyyətin irsinin beynəlxalq səviyyədə müzakirəyə çıxarılması Azərbaycanın yalnız tarixi-mədəni irsinin təbliği baxımından deyil, həm də müxtəlif ölkələrdən olan alim və dini xadimlər arasında fikir mübadiləsinin genişlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycan uzun müddətdir ki, İslam dünyası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində fəal iştirakı, Bakıda keçirilən beynəlxalq tədbirlər və müxtəlif dini-mədəni layihələr bu istiqamətdə həyata keçirilən siyasətin praktiki nümunələridir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da müsəlman ölkələri arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərdən biri olub. Qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin bu platformada rolunun davam etdiyini göstərir. Azərbaycan üçün İslam həmrəyliyi yalnız dini müstəvidə əlaqələrin genişləndirilməsi demək deyil. Bu anlayış eyni zamanda sülhün, qarşılıqlı anlaşmanın, humanitar əməkdaşlığın və xalqlar arasında etimadın gücləndirilməsini əhatə edir. Dünyanın müxtəlif bölgələrində dini və məzhəbi zəmində qarşıdurmaların müşahidə olunduğu bir vaxtda dini liderlərin bir araya gəlməsi və sülh çağırışlarının səsləndirilməsi xüsusi əhəmiyyət qazanır. Bu baxımdan Bakıda keçirilən görüş və konfranslar müxtəlif dini icmalar arasında dialoqun inkişafı üçün mühüm platforma rolunu oynayır.
Azərbaycanın Türk dünyası ilə İslam dünyası arasında yerləşən mövqeyi də bu proseslərə əlavə imkanlar yaradır. TDT-yə üzv ölkələrin dini liderlərinin Azərbaycan paytaxtında bir araya gəlməsi ortaq tarixi, mədəni və mənəvi dəyərlərin daha yaxından öyrənilməsi üçün əlverişli şərait formalaşdırır. Qafqaz xalqlarının dini nümayəndələrinin də bu prosesə qoşulması isə əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etdiyini göstərir. Beləliklə, Azərbaycanın təşəbbüsləri dini həmrəyliyi konkret tədbirlər, beynəlxalq görüşlər, mədəni layihələr və qarşılıqlı dialoq vasitəsilə gücləndirməyə yönəlir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas məqsəd yalnız həmrəylik haqqında danışmaq deyil, onu real fəaliyyət və əməkdaşlıqla möhkəmləndirməkdir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər ölkənin İslam dünyasında sülh, qarşılıqlı hörmət və əməkdaşlıq ideyalarının təşviqinə verdiyi töhfəni göstərir. Bakının müxtəlif ölkələrdən dini liderləri və alimləri bir araya gətirən beynəlxalq platformaya çevrilməsi isə Azərbaycanın mənəvi və mədəni diplomatiya imkanlarını daha da genişləndirir.

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər