Müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə və strateji maraqlara malik dövlətlərin daha sıx əməkdaşlığını zəruri edir. Dünyanın müxtəlif bölgələrində qarşıdurmaların genişləndiyi, beynəlxalq təhlükəsizlik mexanizmlərinin əvvəlki səmərəliliyini itirdiyi bir dövrdə Türk Dövlətləri Təşkilatı sabitliyə, qarşılıqlı etimada və davamlı inkişafa əsaslanan əməkdaşlıq modeli kimi xüsusi əhəmiyyət qazanır. Azərbaycan bu təşkilatın güclənməsinə ardıcıl töhfələr verməklə yanaşı, Türk dünyası ilə əlaqələrin inkişafını xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın Türk dünyasının gələcəyinə dair strateji baxışını bir daha aydın şəkildə ifadə etmişdir. Dövlətimizin başçısı ölkəmizin ikitərəfli gündəliyinin ilk növbədə Türk dünyası ölkələrinə yönəldiyini, bunun Azərbaycanın əsas xarici siyasət prioriteti olduğunu bildirmişdir. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri ortaq tarixə və milli kimliyə əsaslanan bu siyasətin mahiyyətini dolğun şəkildə əks etdirir.
Azərbaycanın Türk dövlətləri ilə münasibətləri yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmır. Bu əlaqələr müasir dövrdə siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat, investisiya və humanitar əməkdaşlığı əhatə edən geniş strateji məzmun qazanmışdır. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalamışdır. Dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini ifadə edən həmin sənədlər qarşılıqlı etimadın, siyasi iradənin və ortaq gələcəyə dair baxışların hüquqi əsasını daha da möhkəmləndirmişdir.
Türk dövlətləri arasında əməkdaşlığın institusional mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatının təşəkkül tarixində Azərbaycanın xüsusi yeri vardır. Təşkilatın yaradılmasının əsasını qoyan tarixi sənəd 2009-cu ildə Naxçıvanda imzalanmışdır. Ötən dövr ərzində TDT sadəcə məsləhətləşmə platforması kimi deyil, üzv ölkələrin ümumi maraqlarının müdafiəsinə və beynəlxalq proseslərə təsir imkanlarının artırılmasına xidmət edən nüfuzlu təşkilat kimi formalaşmışdır. Onun fəaliyyət gündəliyi beynəlxalq təhlükəsizlikdən iqtisadi əməkdaşlığa, enerji və nəqliyyat bağlantılarından multikulturalizmə, gənclər siyasətindən humanitar münasibətlərə qədər geniş sahələri əhatə edir.
Azərbaycanın təşəbbüsü ilə TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanılması təşkilat daxilində siyasi dialoqun intensivləşdirilməsinə mühüm töhfə vermişdir. İlk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi həm böyük siyasi, həm də mənəvi məna daşımışdır. Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanın mədəniyyət paytaxtında bir araya gəlməsi Qarabağın dirçəlişinə verilən qardaşlıq dəstəyinin, Türk dünyasının həmrəyliyinin və yeni reallıqlar ətrafında birliyinin ifadəsinə çevrilmişdir. Bu təşəbbüs dövlət başçılarının yalnız illik rəsmi zirvə görüşləri ilə kifayətlənməməsinə, ümumi məsələlər üzrə daha çevik və davamlı məsləhətləşmələrin aparılmasına imkan yaratmışdır.
Türk Dövlətləri Təşkilatının gücü üzv ölkələrin geniş coğrafiyası və artan iqtisadi potensialı ilə yanaşı, xalqları birləşdirən mənəvi bağlılıqdan qaynaqlanır. Ortaq etnik köklər, dillərin və mədəniyyətlərin yaxınlığı, oxşar adət-ənənələr və zəngin dövlətçilik tarixi təşkilat daxilində həmrəyliyi möhkəmləndirən əsas amillərdir. Türk xalqları arasında münasibətlər yalnız dövlətlərin siyasi və iqtisadi maraqlarına deyil, cəmiyyətlərin bir-birinə tarixi bağlılığına əsaslanır. Bu xüsusiyyət TDT-ni dünyadakı digər regional təşkilatlardan fərqləndirir və ona möhkəm ictimai-mənəvi dayaq qazandırır.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Türk dünyasının ortaq iqtisadi imkanlarının konkret layihələrə çevrilməsinə xidmət edir. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması qarşılıqlı sərmayələrin təşviqinə, yeni istehsal sahələrinin qurulmasına və iqtisadi əlaqələrin şaxələndirilməsinə imkan verir. Qarşılıqlı səfərlərin intensivləşməsi, dövlət və hökumət rəhbərləri səviyyəsində əldə olunan razılaşmalar, regionlararası əməkdaşlıq və birgə müəssisələrin yaradılması Türk dünyasında vahid iqtisadi əməkdaşlıq məkanının formalaşmasını sürətləndirir.
Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi və müasir nəqliyyat infrastrukturu Türk dövlətləri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Ölkəmiz Mərkəzi Asiya ilə Türkiyəni, bütövlükdə isə Şərqlə Qərbi birləşdirən strateji körpü funksiyasını yerinə yetirir. Orta Dəhlizin imkanlarının genişləndirilməsi, limanların və dəmir yollarının əlaqələndirilməsi, yükdaşımaların artırılması TDT ölkələrinin qlobal ticarət sistemindəki mövqelərini gücləndirir. Müasir geosiyasi şəraitdə etibarlı nəqliyyat marşrutlarına tələbatın artması Türk dünyasının vahid tranzit məkanı kimi əhəmiyyətini daha da yüksəldir.
Enerji təhlükəsizliyi də Türk dövlətləri arasında əməkdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təmin etməklə yanaşı, Mərkəzi Asiyanın enerji ehtiyatlarının Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit rol oynayır. Mövcud və perspektiv enerji layihələri üzv dövlətlərin iqtisadi imkanlarını genişləndirir, onların beynəlxalq mövqelərini möhkəmləndirir və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə töhfə verir. Bu baxımdan nəqliyyat bağlantıları ilə enerji əməkdaşlığının uzlaşdırılması TDT-nin strateji əhəmiyyətini artıran əsas amillərdəndir.
Türk dünyasının gələcəyinin təmin olunmasında gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi də mühüm əhəmiyyət daşıyır. Xarici təsir və yad ideoloji narrativlərin geniş yayıldığı müasir dövrdə gənclərin öz tarixinə, milli kimliyinə və ortaq türk mədəniyyətinə bağlılığının gücləndirilməsi vacibdir. TDT çərçivəsində gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, müntəzəm forumların, konfransların, təhsil və mədəniyyət proqramlarının keçirilməsi xalqlar arasındakı qardaşlıq münasibətlərinin yeni nəsillərə ötürülməsinə xidmət edə bilər. Gənclərin bir-biri ilə ünsiyyətinin artırılması gələcəkdə dövlətlərarası münasibətlərin ictimai əsaslarını daha da möhkəmləndirəcəkdir.
Azərbaycanın Türk dünyasına münasibətdə həyata keçirdiyi siyasət ayrı-ayrı dövlətlərə qarşı yönəlməyib, regionda və daha geniş coğrafiyada sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Ölkəmiz TDT-nin qapalı regional birlik deyil, beynəlxalq təhlükəsizliyə, etibarlı nəqliyyat və enerji bağlantılarının inkişafına, iqtisadi tərəqqiyə töhfə verən nüfuzlu beynəlxalq təsisat kimi formalaşmasını dəstəkləyir.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt Türk Dövlətləri Təşkilatının qarşıdakı dövrdə aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsi üçün möhkəm siyasi əsas yaradır. Türk dövlətlərinin artan iqtisadi imkanları, strateji coğrafiyası, zəngin təbii ehtiyatları və ortaq mənəvi dəyərləri bu hədəfə çatmağa imkan verir. Azərbaycanın prinsipial mövqeyi və fəal təşəbbüsləri isə göstərir ki, Türk dünyasının birliyinin möhkəmləndirilməsi ölkəmizin xarici siyasətində uzunmüddətli və dəyişməz prioritet olaraq qalacaqdır.
Nigar Sadıqova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Boyat kənd İƏD üzrə nümayəndəliyin baş məsləhətçisi