"Azərbaycan ərazisinin dərinliklərində suverenliyin bərpası 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri ilə yekunlaşmaya da bilərdi. Bunun üçün həm İrəvan, həm də Moskva 10 noyabr tarixli üçtərəfli atəşkəs bəyanatının bütün müddəalarına əməl etməli idi. Lakin təəssüf ki, 10 noyabrdan sonra biz həm Ermənistanın, həm də ona havadarlıq edən Rusiyanın yalnız işğal altında olmuş Azərbaycan rayonlarının - Ağdam, Laçın və Kəlbəcərin Azərbaycana qaytarılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin şahidi olduq".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.Onun sözlərinə görə, bəyanatın digər müddəalarının icrasına isə həm Ermənistan, xüsusilə Qarabağdakı separatçı rejimin nümayəndələri, həm də onların arxasında dayanan Moskva tərəfindən müxtəlif maneələrin yaradıldığını düşünürəm:"Həmin dövrdə Qarabağda sülhməramlı qüvvələr adı altında yerləşdirilən Rusiya hərbçilərinin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranmışdı. Mənim fikrimcə, Rusiya tərəfindən Qarabağda separatçı rejimlə paralel fəaliyyət göstərən, tibbi, hüquqi və digər funksiyaları olan yeni idarəetmə mexanizminin formalaşdırılmasına cəhd edilirdi. Eyni zamanda, Qarabağdakı erməni əhalisi arasında Rusiyaya bağlılıq üzərindən yeni separatizm meyillərinin formalaşdırılması istiqamətində addımlar atıldığını düşünürəm.30 il davam edən işğalın 44 günlük Vətən müharibəsi ilə başa çatdırılmasından sonra Azərbaycan tərəfi yaranmış yeni vəziyyətdə Rusiyanın Qarabağa daha geniş müdaxiləsinə razı ola bilməzdi. Buna görə də Qarabağ erməniləri və Ermənistan tərəfi ilə aparılan danışıqlar prosesi ilə paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin mümkün yeni hərbi əməliyyatlara hazırlığı istiqamətində də işlər görülürdü.Həmin dövrdə Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatların qarşısının alınması, həmçinin Qarabağdakı separatçı rejimə silah-sursat daşınması ilə bağlı hallar Azərbaycan tərəfinin narahatlığına səbəb olurdu. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə erməni silahlı birləşmələrinin yeni hərbi təlimlər keçirməsi və müxtəlif hazırlıqlar aparması da Azərbaycan tərəfindən qəbuledilməz hesab edilirdi.Mən hesab edirəm ki, 44 günlük müharibədən sonra Qarabağda proses yarımçıq qala bilməzdi. Azərbaycan üçün Xankəndi, Xocalı, Ağdərə və Xocavəndin də ölkənin tam suverenliyi altına qaytarılması mühüm məsələ idi. 10 noyabr razılaşmasının yaratdığı imkanlar çərçivəsində Azərbaycan tərəfi Qarabağ ermənilərinin Azərbaycan dövlətinin tərkibində reinteqrasiyası üçün müəyyən təminatlar və imkanlar təqdim etməyə çalışırdı. Lakin sonrakı proseslərdə, xüsusilə Moskvadan dəstək aldığı bildirilən separatçı rejimin nümayəndələrinin fəaliyyəti fonunda bu yanaşmanın qarşısında ciddi maneələrin yarandığını düşünürəm.Bu şəxslər arasında sonradan Bakı şəhərində Azərbaycan qanunları əsasında cinayət məsuliyyətinə cəlb edilən Ruben Vardanyanın fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun Qarabağdakı fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilib və Azərbaycan tərəfi bunu regionda sabitliyə və reinteqrasiya prosesinə maneə kimi qiymətləndirib.Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin tam bərpası prosesini başa çatdırmaq idi.2020-ci il 10 noyabrdan 2023-cü il 19-20 sentyabrına qədər bu istiqamətdə həyata keçirilən siyasətin əsas prioritetlərini bir neçə istiqamətdə ümumiləşdirmək olar.Birinci istiqamət hərbi-strateji hazırlıq idi. Bu çərçivədə Azərbaycan Silahlı Qüvvələrinin həm Ermənistanla sərhədyanı ərazilərdə, həm də Qarabağda yerləşən hərbi birliklərinin mövqelərinin möhkəmləndirilməsi, mümkün təxribatların qarşısını vaxtında almaq üçün ordunun hazırlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görülürdü.İkinci istiqamət siyasi-diplomatik fəaliyyət idi. Azərbaycan dövlət başçısı müxtəlif beynəlxalq platformalarda ölkənin mövqeyini müdafiə edir, beynəlxalq və regional tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyini ifadə edirdi. Eyni zamanda beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyi və münaqişənin həlli ilə bağlı yanaşması barədə daha ətraflı məlumatların çatdırılması istiqamətində iş aparılırdı.Bu dövrdə əsas məsələlərdən biri hələ Azərbaycan hakimiyyətinin faktiki nəzarətində olmayan Xankəndi, Xocalı, Ağdərə və Xocavəndin də ölkənin yurisdiksiyasına qaytarılması idi. Mənim fikrimcə, bu, Azərbaycanın dövlətçilik baxımından prinsipial məsələlərindən biri hesab olunurdu.Nəhayət, 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri ilə Qarabağdakı separatçı silahlı qüvvələrin fəaliyyəti dayandırıldı və Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi. Bu prosesə qədər baş verən hadisələrin və qəbul edilən qərarların Azərbaycan dövlət başçısının nəzarətində həyata keçirildiyini düşünürəm.Dövlət başçısının 44 günlük Vətən müharibəsindən sonra verdiyi açıqlamalardan birində də Azərbaycanın dövlətçilik maraqlarının qorunması istiqamətində atılacaq addımların vaxtının və yerinin düzgün müəyyənləşdirilməsinin vacibliyi vurğulanmışdı. Məncə, sonrakı proseslər də bu siyasi xəttin davamı kimi qiymətləndirilə bilər".
Müəllif: Günel Fərzəliyeva